19 avqust 2025 03:04
209

Ermənistan müxalifəti hələ də revanşist əhval-ruhiyyədədir?

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciət edərək, ATƏT-in Minsk prosesinin və onun aidiyyəti təsisatlarının fəaliyyətinin dayandırılmasını bildirmələri, “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in mətninin paraflanması ümumiyyətlə, Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə imzalanan mühüm sənədlər, razılaşmalar təcavüzkar ölkədə birmənalı qarşılanmayıb.

Belə ki, hakim “Mülki müqavilə” partiyasının deputatlarının verdikləri açıqlamalarda qeyd olunur ki, Vaşinqton görüşü Ermənistanın suverenliyi və regionda uzunmüddətli sabitliyin və qarşılıqlı etimadın formalaşması baxımından mühüm əhəmiyyət kəsb edir. Onlar, eyni zamanda, ABŞ-ın prosesə cəlb olunmasını həm balanslaşdırıcı güc, həm də Rusiyadan asılılığın azaldılması yönündə strateji addım kimi dəyərləndiriblər. Müstəqil politoloq Suren Surenyants bildirib ki, mövcud geosiyasi reallıqda Paşinyanın atdığı addımlar Ermənistanın təcrid vəziyyətindən çıxması üçün alternativsizdir. Təcavüzkar ölkənin ərazi idarəetmə və infrastruktur naziri David Xudatyanın fikrincə, sülh müqaviləsinin paraflanması Ermənistanı çox böyük addımlarla sülhə yaxınlaşdırır və bu, ölkəsinin hər bir vətəndaşı üçün gözlənilən, sevincli və mühüm hadisədir: “Azərbaycanla imzalanmış sülh müqaviləsinin paraflanmış mətnində Ermənistan üçün dəhşətli, faciəli və ya məşum heç nə yoxdur”. Ermənistan Prezidenti Vaaqn Xaçaturyan  sülh müqaviləsinin paraflanmasını təkcə diplomatik sənəd deyil, həm də regionun təhlükəsizliyi, sabitliyi və rifahı üçün dəyərlərin bəyannaməsi adlandırıb. Ermənistan parlamentinin spikeri Alen Simonyanın fikrincə, saziş böyük imkanlar və geniş qapılar açır.

“İndi Azərbaycan və Ermənistan arasında de-fakto sülh var”, - deyən Ermənistanın baş naziri Nikol Paşinyan isə “Fox News” telekanalına müsahibəsində bildirib ki,  əgər biz bu sazişin iqtisadi tərəfinə diqqət yetirsək, o zaman təkcə Ermənistan, Azərbaycan, ABŞ və Türkiyə deyil, həm də Rusiya və İran çox mühüm və həqiqətən hiss olunan, faktiki olaraq görünməmiş faydalar əldə edəcəklər.

Amma Ermənistanın sabiq prezidentləri - Robert Koçaryanın rəhbərlik etdiyi “Ermənistan” bloku, Serj Sarkisyanın Respublikaçılar partiyası, həmçinin onların maliyyəsi ilə çalışan bir sıra media resursları Vaşinqtonda imzalanan sənədlərlə bağlı həqiqətə uyğun olmayan informasiyalar yaymaqdadırlar. Hətta “Daşnaksütyun” bəyan edib ki, Vaşinqton sammiti Ermənistanın təhlükəsizlik maraqlarını deyil, Paşinyanın şəxsi hakimiyyətini qorumağa yönəlib. Sabiq xarici işlər naziri Vardan Oskanyan “Facebook” sosial şəbəkəsindəki hesabında yazıb ki, burada Qərbin geosiyasi maraqları ön plandadır. Bir sözlə, onlar Paşinyanı suverenliyi zəiflətməkdə və xalqı aldatmaqda ittiham edirlər. Hətta bildirirlər ki, bu ictimaiyyət qarşısında imitasiya xarakteri daşıyır və Ermənistan tərəfi yalnız Azərbaycanın diktəsi ilə razılaşmağa məcbur edilib.   “Erməni Milli Konqresi”nin sədr müavini Levon Zurabyan  da onlardan geri qalmayıb.

 Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın böyük qızı Anuşun əri, ölkənin Müqəddəs Taxt-Tacdakı sabiq (2013–2018) fövqəladə və səlahiyyətli səfiri Mikael Minasyan baş nazir Nikol Paşinyanı avqustun 8-də Vaşinqtonda imzaladığı sənədlərə görə tənqid edənlərdəndir. Minasyan bildirib ki, həmin sənədlər Ermənistanın maraqlarına zidd məqamları özündə ehtiva edir və ölkənin suverenliyini zəiflədə bilər.

Əldə olunan razılaşmalar, eyni zamanda, erməni diasporunun da yuxusuna haram qatıb. Məsələn, Ermənistanın xaricdəki diplomatik dairələrinin bir qrupunu təmsil edən “Bütün erməni diplomatlar şurası” Vaşinqtonda 8 avqustda keçirilmiş Azərbaycan–Ermənistan–ABŞ sammitinin nəticələrinə dair bəyanat yayıb. ATƏT-in Minsk Qrupunun fəaliyyətinin dayandırılması və kommunikasiyaların açılması ilə bağlı müddəaların da tənqid hədəfinə çevrildiyi bu bəyanatda açıq şəkildə revanşist və Azərbaycana qarşı qərəzli mövqelər əks olunub. Onlar, həmçinin Ermənistan konstitusiyasının dəyişdirilməsi tələbinin sülh sazişinin şərti kimi gündəmə gətirilməsindən narazılıqlarını bildiriblər. Yeri gəlmişkən qeyd edək ki, Ermənistanın Konstitusiya İslahatları Şurası yaxın vaxtlarda ölkənin yeni Konstitusiyasının hazırlanması ilə bağlı iclaslar keçirəcək. Bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Şübhəsiz, bütün bunlar onların Azərbaycanın 2020-ci ildən sonra regionda formalaşdırdığı reallıqları hələ də həzm edə bilməmələrindən qaynaqlanır. Halbuki onlar dərk etməlidirlər ki, Vaşinqton razılaşmaları sülhlə inkişafın harmoniyasına ən yaxşı nümunədir. Onlar bilməlidirlər ki, beynəlxaql hüquq normaları çərçivəsində öz işini quran, müstəqil siyasət yürüdən  Prezident İlham Əliyev bütün hədəflərinə nail olmağı bacaran şəxsiyyətdir. Yəni onların istəklərindən asılı olmayaraq, Vaşinqton razılaşmalarının hamısı reallaşacaq. Unutmasınlar ki, 2020-ci il Vətən müharibəsi nəticəsində Azərbaycan məhz Prezident İlham Əliyevin rəhbəriliyi ilə öz torpaqlarını azad etmiş və Ermənistan kapitulyasiya aktı imzalamağa məcbur olmuşdu. 2023-cü ildə Müzəffər Ali Baş Komandanın əmri ilə ordumuz 24 saatlıq lokal antiterror tədbirləri ilə Azərbaycanın tam suverenliyini bərpa etmişdi. Artıq neçə ildir ki, Azərbaycan bölgədə sülh, əmin-amanlıq uğrunda durmadan mübarizə aparır. Ağ Evdə paraflanan sülh sazişi artıq bölgəyə sülh gətirir. Şübhəsiz, bunu Azərbaycan diplomatiyasının tarixi uğuru, həm də dövlətimizin başçısının siyasi iradə və qətiyyətinin təntənəsi kimi dəyərləndirmək olar. Onu da vurğulayaq ki, Vaşinqtonda imzalanan razılaşmalar bir daha göstərdi ki, Azərbaycan yalnız regionun deyil, beynəlxalq siyasətin fəal oyunçusudur və bu mövqeyini daha da gücləndirməkdə davam edir.

Qvami Məhəbbətoğlu, “İki sahil”