19 avqust 2025 08:14
126

Azərbaycanın kredit bazarı necə inkişaf edir?

MB-nin məlumatına görə, kredit portfelinin 21,78 milyard manatı, yəni 76,5 faizi Bakının payına düşür

İstehlak krediti (əslində, ona ehtiyac krediti də deyilir) E.Z),  banklardan və ya kredit təşkilatlarından şəxsi məqsədlər üçün alınan nağd kredit növüdür. Banklar bu kredit növü ilə vətəndaşa məişət texnikası, ev təmiri, tibbi xərclər, səyahət və ya təhsil kimi xərclər üçün əlavə maliyyə dəstəyi verir. Kredit almaq üçün müraciət etdikdə ilk öncə vətəndaşın gəlir göstəriciləri, əmək müqaviləsi  və şəxsiyyət vəsiqəsi təqdim olunur. Adətən girov və ya zamin tələb olunmur.

Azərbaycanın kredit bazarında ciddi artımlar mövcuddur. Belə ki, bu göstərici 2025-ci ilin iyul ayının 1-nə  28,47 milyard manata çatıb. Bu, ötən ilin göstəricilərindən 11,96% çoxdur. Paytaxt hələ də əsas maliyyə mərkəzi olaraq qalır, lakin bölgələr də sürətli artım tempi nümayiş etdirirlər. Mərkəzi Bankın məlumatına görə, ənənəvi olaraq kredit portfelinin əsas hissəsi-21,78 milyard və ya ümumi həcmin 76,5 faizi Bakının payına düşür. Paytaxt üzrə kreditləşmə illik 11 faiz artıb ki, bu, həm korporativ, həm istehlak seqmentlərinin sabit inkişafını əks etdirir.

Paytaxtın mütləq həcm üzrə üstünlüyünə baxmayaraq, bir sıra iqtisadi rayonlar daha yüksək artım tempi göstərib. İllik ifadədə əsas artım drayveri Abşeron–Xızı iqtisadi rayonu olub — kredit portfeli 24,28% artaraq 1,15 milyard manata çatıb.

Qarabağ və Şərqi Zəngəzurda da artım iki rəqəmli diapazondadır. Hələlik nisbətən kiçik portfel həcminə (11,8 milyon manat) malik olmasına baxmayaraq, Şərqi Zəngəzur iqtisadi rayonu 2025-ci ilin əvvəlindən (illik müqayisə üçün məlumat yoxdur) 24,17 faiz artım ilə liderlərdən biri olub. Qarabağ iqtisadi rayonunda isə artım 11,8 faiz təşkil edərək 500 milyon manatı keçib.

Gəncə–Daşkəsən iqtisadi rayonu Abşeron–Xızıdan sonra ən böyük regional borcalan statusunu qoruyur — 842,6 milyon manat (+12,9 faiz).

İqtisadi rayonlar üzrə kreditləşmə isə aşağıdakı kimidir:

- Bakı iqtisadi rayonu – 21,78 mlrd. manat (+11%)

- Naxçıvan iqtisadi rayonu – 461,488 mln. manat (+13,6%)

- Abşeron–Xızı iqtisadi rayonu – 1,147 mlrd. manat (+24,3%)

- Dağlıq Şirvan iqtisadi rayonu – 194,694 mln. manat (+10,56%)

- Gəncə–Daşkəsən iqtisadi rayonu – 842,645 mln. manat (+12,9%)

- Qarabağ iqtisadi rayonu – 500,026 mln. manat (+11,8%)

- Qazax–Tovuz iqtisadi rayonu – 536,274 mln. manat (+13,1%)

- Quba–Xaçmaz iqtisadi rayonu – 486,839 mln. manat (+15,13%)

- Lənkəran–Astara iqtisadi rayonu – 663,568 mln. manat (+14,87%)

- Mərkəzi Aran iqtisadi rayonu – 572,969 mln. manat (+11,55%)

- Mil–Muğan iqtisadi rayonu – 308,174 mln. manat (+11,76%)

- Şəki–Zaqatala iqtisadi rayonu – 517,089 mln. manat (+16,76%)

- Şərqi Zəngəzur iqtisadi rayonu – 11,814 mln. manat (+24,14%)

- Şirvan–Salyan iqtisadi rayonu – 446,351 mln. manat (+11,56%)

Rəqəmlərdən də göründüyü kmi, Bakı hələ uzun müddət kreditləşmənin əsas mərkəzi olaraq qalacaq. Amma artım templərində təşəbbüsü artıq ayrı-ayrı iqtisadi zonalar ələ almağa başlayıb. Bu isə banklar üçün yeni imkanlar deməkdir. Təbii ki, biznes və istehlak kreditlərinin əlçatanlığı yaxşı haldır. Lakin bankların da illik faizlərində endirim etmələri müsbət hal olardı. Çünki aşağı faizli kredit çoxsaylı müştəri, yeni gəlir mənbələri deməkdir. Qardaş Türkiyədə beə bir deyim var ki, müştəri əsnafın vəli nemətidir. Yəni, müştərisi bol olan müəssisənin ruzisi də bol olur.

Elçin Zaman, «İki sahil»