Dövlət başçısı İlham Əliyevin ABŞ-a işgüzar səfəri beynəlxalq səviyyədə bu cür dəyərləndirilir
Dövlət başçısı İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın dəvəti ilə bu ölkəyə işgüzar səfəri bu gün də dünya mətbuatında geniş müzakirə olunmaqdadır. Tarixi sülh razılaşmasının imzalanması ilə əlaqədar Prezident İlham Əliyevə ünvanlanan təbrik məktublarında da Azərbaycanın prosesdə nümayiş etdirdiyi əzm və liderlik təqdir edilir. Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri tərəfindən ABŞ Prezidentinin şahidliyi ilə imzalanmış bəyannamənin, Azərbaycan ilə Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişin paraflanmasının, ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı birgə müraciətin regionda davamlı sülhün və sabitliyin təmin olunması baxımından əhəmiyyəti xüsusi vurğulanır. Bu səfər, eyni zamanda, Azərbaycan-ABŞ münasibətlərində yeni səhifənin başlanğıcı kimi dəyərləndirildi. Dövlət başçısı İlham Əliyev Vaşinqtonda mətbuata bəyanatında «Birincisi, bu gün biz Azərbaycan ilə ABŞ arasında ikitərəfli, dövlətlərarası münasibətlərimizdə yeni tarix yazırıq. Biz strateji tərəfdaşlıq yoluna qədəm qoyuruq və bir neçə ay ərzində Strateji Tərəfdaşlıq Xartiyası işlənib hazırlanacaq. Bu isə Azərbaycan üçün tarixi nailiyyətdir. Çünki dünyanın ən qüdrətli ölkəsi ilə strateji tərəfdaşlıq münasibətlərinə malik olmaq həm fürsətdir, həm də məsuliyyət. Bu strateji tərəfdaşlıq formatı bir çox vacib sahələri əhatə edir - qarşılıqlı sərmayə, ticarət, enerji, bağlılıq, tranzit, süni intellekt, müdafiə sahəsində kontraktlar və terrorizmlə mübarizə. Bu günədək bu sahələrdə əməkdaşlığımız olub və ümid edirəm ki, gələcəkdə də fəal əməkdaşlığımız olacaqdır. Bu, Azərbaycan üçün inkişaf yolunda iqtisadiyyatın şaxələndirilməsi, bu gün olduğu kimi, işsizliyin aşağı səviyyədə saxlanılması və gələcəyə böyük nikbinliklə baxmaq üçün yeni imkanlar yaradır» fikirlərini səsləndirməklə iki ölkənin münasibətlərinin gələcək inkişafının aydın mənzərəsini yaradır.
Dövlət başçısı İlham Əliyev bu ilin əvvəlində yerli televiziya kanallarına müsahibəsində də Azərbaycan-Amerika münasibətlərinə diqqəti yönəldərək bildirmişdir ki, Trampın hakimiyyətinin birinci dönəmində Amerika-Azərbaycan əlaqələrində hər hansı bir problem yaşanmadı. Əksinə münasibətlər çox müsbət idi və bir çox istiqamətlər üzrə irəliləyişə nail olundu. Bayden administrasiyasının Azərbaycanla bağlı əsas səhvi ondan ibarət idi ki, o, Amerika-Azərbaycan münasibətlərini Amerika-Ermənistan münasibətlərinin qurbanına çevirdi. Yəni, Azərbaycana Ermənistan-Azərbaycan, ya da ki, Amerika-Ermənistan münasibətlərinin prizmasından yanaşırdı. O vaxta qədər əldə edilmiş yaxşı nəticələr kölgədə qaldı. İkincisi, Azərbaycana qarşı ədalətsiz mövqe sərgiləmişdir. Xüsusilə Qarabağ məsələsi ilə bağlı və bu, həm ədalətsiz, həm də ki, ikili standartlara əsaslanan mövqe idi: «Çünki mən Amerika nümayəndələrinə dəfələrlə deyirdim və açıq da deyirdim, mətbuatda da, siz Ukraynanın ərazi bütövlüyünü ikiəlli dəstəkləyirsiniz, silahlar verirsiniz, milyardlarla pul verirsiniz. Biz öz ərazi bütövlüyümüzü bərpa etmişik, niyə siz bizi cəzalandırmaq istəyirsiniz? Buna cavab verin. Cavab da yox idi. Cavab da bəllidir ki, bu, ikili standartlardır. Eyni zamanda, hesab edirəm, Bayden administrasiyasının səhvlərindən biri də o idi ki, Amerikaya olan inamı böyük dərəcədə sarsıtdı, özü öz əməlləri ilə.»
Cənab İlham Əliyev onu da qeyd etmişdir ki, biz Amerika ilə əsas ciddi əməkdaşlıq platformasını Klinton və Corc Buş dönəmində yaratdıq və Tramp dönəmində bu davam etdi. Trampın ikinci hakimiyyəti dövrünə böyük ümidlərin olduğu önə çəkilərək bu əminlik də ifadə edilmişdir ki, Amerika-Azərbaycan strateji əlaqələrinə yaxınlaşmaq da mümkün olacaq. Əgər hər iki tərəf maraqlı olsa, Amerika-Azərbaycan əlaqələrini strateji səviyyəyə qaldıra bilərik.
Vaşinqton görüşü bu əminliklərin təsdiqi oldu. Onu da qeyd edək ki, Donald Trampın yenidən prezident seçilməsindən sonra iki lider arasında baş tutan telefon danışığı və məktub mübadiləsi isə münasibətlərin yalnız rəsmi deyil, eyni zamanda, şəxsi etimada əsaslandığını göstərdi. Prezident İlham Əliyevin ABŞ-a sözügedən səfəri bu dialoqun diplomatik müstəviyə keçərək konkret nəticələr doğura biləcək əməkdaşlıq mərhələsinə daxil olduğunu nümayiş etdirdi. Bu, eyni zamanda, Vaşinqton-Bakı xəttində siyasi təmasların dərinləşməsi və qarşılıqlı hörmətə söykənən strateji münasibətlərin institusional xarakter almasının göstəricisidir.
İki ölkənin münasibətlərinin tarixinə nəzər salarkən Bayden dövrünün reallıqlarından bəhs etməmək mümkün deyil. Birləşmiş Ştatların Bayden-Blinken administrasiyası dövründə Azərbaycan-ABŞ münasibətlərində ciddi gərginliklər yaşandı. Əfqanıstan əməliyyatlarının başa çatmasından dərhal sonra ABŞ Administrasiyası nankorcasına 907-ci düzəlişi yenidən canlandırdı və bundan Azərbaycana qarşı təzyiq mexanizmi kimi istifadə etməyə çalışdı. ABŞ Konqresində qəbul edilən bu düzəliş və Azərbaycanın regional siyasətinə qarşı əsassız ittihamlar Vaşinqton və Bakı arasında əlaqələrin səmərəliliyinə mənfi təsir göstərdi. Lakin Azərbaycan hökumətinin prinsipial mövqeyi və Prezident İlham Əliyevin ardıcıl, məqsədyönlü diplomatik strategiyası sayəsində bu təzyiqlər real nəticələrə gətirib çıxarmadı. Hazırda isə Donald Tramp administrasiyasının rəhbərliyi ilə münasibətlər yenidən yüksələn xətt üzrə inkişaf edir və iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın yeni imkanları formalaşır. Dövlət başçısı İlham Əliyevin səfərinin uğurlu nəticələrindən biri də ədalətsiz 907-ci düzəlişin ləğvi oldu. Bununla da 33 il davam edən ədalətsizliyə son qoyuldu. Bu ədalətsiz düzəlişin hansı ölkələrə təbiq edildiyi məlumdur. Həmin dövrdə erməni yalanlarının ayaq tutub yeriməsi. Azərbaycan haqqında məlumatsızlıq belə bir ədalətsiz qərarın ölkəmizə tətbiq olunmasına gətirib çıxardı. Erməni lobbisinin güclü olduğu ölkələrdən biri ABŞ-dır. Ermənilərin və erməni lobbisinin səyləri nəticəsində belə bir ədalətsiz qərarın ölkəmizə tətbiqində məqsəd Azərbaycanı iqtisadi baxımdan asılı bir ölkəyə çevirmək idi. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin əsas diqqət göstərdiyi məsələlərdən biri Azərbaycanın ətrafında yaradılan informasiya blokadasını yarmaq idi. 907-ci düzəlişin aradan qaldırılması istiqamətində göstərilən səylər davamlı xarakter aldı. Təbii ki, burada əsas məsələ ədalətsiz qərarın ölkəmizə vurduğu mənəvi zərbə idi. Guya torpaqları işğal olunan Ermənistandı. Azərbaycan Ermənistanı blokadada saxlayır.
Azərbaycanın müstəqilliyinin bərpasının ilk illərində yaşadığı hər bir sahədə, o cümlədən xarici siyasətdə uğursuzluqlara yol açdı. Müstəqilliyini yenicə bərpa edən ölkələrə münasibətini müəyyənləşdirən ABŞ Azərbaycan haqqında məlumatsızlıq ucbatından belə bir addımı atmışdı. Torpaqları işğal altında, bir milyondan artıq soydaşı qaçqın və məcburi köçkün vəziyyətində yaşayan Azərbaycan olduğu halda, Ermənistana göstərilən diqqət və qayğı narazılıq doğurmaya bilməzdi. 2001-ci ildə ABŞ-da baş verən terror aktı Amerikanın siyasətində dəyişikliklərə yol açdı. Həmin dövrdə terror aktına ilk münasibətini bildirən Ümummilli Lider Heydər Əliyev oldu. Terrorizmlə birgə mübarizənin vacibliyini önə çəkən Azərbaycan bunu atdığı addımları ilə təsdiqlədi. Həmin ərəfədə Ermənistan yenə də baş verən terror aktına laqeyd münasibəti ilə diqqətdə oldu. Lakin işğalçı dövlətin bu yanaşmasına ABŞ Administrasiyası münasibət bildirməməklə Ermənistanın daha da ərköyünləşməsinə yol açdı. Azərbaycanın uğurlu xarici siyasəti nəticəsində 907-ci düzəlişin ədalətsizliyi etiraf edildi və ABŞ Administrasiyası onun fəaliyyətinin bir illik dondurulması barədə qərar qəbul etdi. 2001-ci ildən ötən 24 ilə yaxın dövrdə qərarın birdəfəlik ləğvi mümkün olmadı.
Avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumunu imzaladılar. Dövlət başçısı İlham Əliyev Vaşinqton səfərində mətbuata bəyanatında Prezident Donald Trampa məhdudiyyətlərin aradan qaldırılmasına görə təşəkkürünü bildirərək onu da vurğuladı ki, Azərbaycana qarşı həmin məhdudiyyətlər 1992-ci ildə - müstəqilliyinin bərpasından bir il sonra tətbiq edilib. Bizə qarşı tətbiq edilmiş bu məhdudiyyət 33 ildən sonra bu gün aradan qaldırıldı. Həqiqətən bu gün Azərbaycan xalqının yaddaşına həm qürur, həm də Prezident Trampa minnətdarlıq hissi ilə həkk olunacaq.
Atılan hər bir addım iki ölkənin münasibətlərində açılan yeni səhifənin uğurlarla zəngin olacağına əminliyi artırır. Donald Tramp Prezident İlham Əliyevin liderliyi ilə irəli sürülən konstruktiv təşəbbüslərə dəstək verməklə Cənubi Qafqazda sülhün təmin olunması istiqamətində tarixi rol oynadı. Onun vasitəçiliyi yalnız iki dövlət arasında deyil, bütövlükdə regionda davamlı sabitliyin və əməkdaşlığın bərqərar olmasına xidmət edir. Dövlətimizin başçısı İlham Əliyevlə ABŞ Prezidenti Tramp arasında formalaşmış qarşılıqlı etimad və birbaşa siyasi dialoq bu prosesin uğurla nəticələnməsi üçün mühüm diplomatik zəmin yaradır. Bütün bu nailiyyətlərlə yanaşı, rəsmi Bakı Ermənistanla münasibətlərin normallaşdırılması və davamlı sülhün təmin olunması istiqamətində ardıcıl və qətiyyətli diplomatik kurs yürütməkdədir. Ermənistan tərəfinin pozucu mövqeyi və gecikdirici siyasi davranışlarına rəğmən, Azərbaycan sülh təşəbbüslərində ardıcıl olub, konstruktiv dialoqa hər zaman açıq qalıb. Son mərhələdə Ermənistan konstitusiyasında dəyişiklik aparılmasına dair müzakirələrin başlaması və rəsmi İrəvanın separatçı rejimlə bağlı mövqeyini yumşaltması sülh prosesində irəliləyiş üçün əlverişli zəmin yaratdı. Bu göstəricilər Azərbaycanın sülhə çağırışlarının təkcə siyasi deyil, həmçinin regionun gələcək sabitliyi baxımından nə qədər prinsipial və uzaqgörən olduğunu bir daha təsdiqləyir. Prezident İlham Əliyevin qətiyyətli liderliyi və uzaqgörən siyasəti bir daha sübut edir ki, Azərbaycan təkcə regionun deyil, daha geniş beynəlxalq sistemin etibarlı və nüfuzlu aktoruna çevrilib. Səfər Azərbaycanın qazandığı hərbi və siyasi qələbələrin beynəlxalq hüququn normaları çərçivəsində rəsmiləşdirilməsi üçün yeni bir mərhələnin başlanğıcı oldu. Sülhdən inkişafadək uzanan strateji yolun əsası qoyuldu.
Enerji təhlükəsizliyi, regional sabitlik, iqtisadi əməkdaşlıq və terrorizmə qarşı mübarizə sahələrində ortaq maraqlar liderlər səviyyəsində aparılan dialoqun səmərəliliyini və gələcəyə yönəlmiş mahiyyətini bir daha təsdiqləyir. O da məlumdur ki, dövlətimizin başçısının ABŞ-a səfəri zamanı cənab İlham Əliyevin və ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoffun iştirakı ilə SOCAR-la “ExxonMobil” şirkəti arasında “Əməkdaşlıq haqqında Memorandum” imzalandı. Ölkə Prezidenti Vaşinqtonda Azərbaycanın media nümayəndələrinə müsahibəsində bir daha diqqəti sözügedən Memoranduma yönəldərək vurğuladı ki, Prezident Trampla imzaladığımız memorandumda enerji əməkdaşlığı xüsusi yer tutur. Beləliklə, biz enerji deyəndə neft, qaz, potensial olaraq bərpaolunan enerji mənbələrini nəzərdə tuturuq. Bu gün NATO-nun 10 üzvünü, ABŞ-ın 10 müttəfiqini təbii qazla təchiz edirik. Biz boru kəməri ilə qaz tədarükü üzrə 14 ölkəni əhatə edirik. Deməli, bu baxımdan, - qaz kəmərini nəzərdə tuturam, - Azərbaycan dünyanın qabaqcıl ölkələrindən biridir. Belə ki, 10 NATO, 10 Aİ üzvü bizdən qaz alır. Biz bu yaxınlarda Suriyaya təbii qaz tədarük etməyə başlamışıq. Beləliklə, biz artıq Yaxın Şərq regionuna daxil olmuşuq və coğrafiyamızı Avropada, eləcə də Yaxın Şərqdə genişləndirəcəyik. Bu, əslində, enerji sahəsində gələcək gündəliyimizin yalnız bir hissəsidir. Amerika Birləşmiş Ştatları ilə süni zəka, rəqəmsal transformasiya üzrə yaxından işləmək planlarımız var. Həqiqətən də bu gün bütün istiqamətlər üzrə - təhlükəsizlik, sabitlik, Cənubi Qafqazda sülh, iqtisadi imkanlar, investisiyalar, enerji təhlükəsizliyi və bir çox digər sahələr baxımından tarixi bir günün şahidi oluruq.
Bu günümüzün reallıqları dövlət başçısı İlham Əliyevin Donald Trampa Amerika Birləşmiş Ştatlarının 47-ci Prezidenti kimi fəaliyyətə başlaması münasibətilə ünvanladığı təbrik məktubunda əksini tapan çağırışların gerçəklikdə təsdiqidir. Gələcək fəaliyyətinin dünyada sülhün təşviqində, beynəlxalq təhlükəsizliyin gücləndirilməsində önəmli rol oynayacağına əminliyini ifadə edən cənab İlham Əliyev bildirmişdir: «Biz həm ənənəvi, həm də yeni əməkdaşlıq sahələri üzrə Birləşmiş Ştatlar ilə fəal və səmərəli birgə işimizi, qarşılıqlı inam və etimada əsaslanan tərəfdaşlığımızı bundan sonra da qətiyyətlə davam etdirmək və Sizinlə bu istiqamətlərdə sıx işləmək niyyətindəyik. İnanıram ki, Sizin yeni prezidentliyiniz dövründə Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında dostluq və əməkdaşlıq münasibətləri daha da möhkəmlənəcək və yeni məzmun kəsb edəcəkdir.»
Göründüyü kimi, Azərbaycan-ABŞ münasibətləri yalnız keçmişdəki təməl üzərində deyil, eyni zamanda, gələcək üçün dayanıqlı əməkdaşlığa yönəlik siyasi iradəyə əsaslanır.
Yeganə Əliyeva, «İki sahil»