19 avqust 2025 10:29
124

Genişmiqyaslı quruculuq işləri Laçını yenidən canlandırır

Müzəffər Azərbaycan Ordusunun yüksək peşəkarlığı sayəsində işğaldan azad edilən dağlar diyarı, gözəlliklər məskəni Laçın rayonu öz tarixinin yeni səhifəsini yaşayır. Ana təbiət bu diyarın gözəlliyi üçün heç nəyi əsirgəməyib. Saf iqlimi, uca dağları, zəngin meşələri, mineral suları, yerüstü və yeraltı sərvətləri, buz kimi bulaqları ilə könül oxşayan rayonun təbiəti ilin bütün fəsillərində insanı valeh edir. Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın həm ərazi baxımından, həm də təbii ehtiyatları və aqrar potensialı ilə ölkə iqtisadiyyatında mühüm yerlərdən birini tutur.  Hazırda Azərbaycanın işğaldan azad edilmiş bütün ərazilərində, o cümlədən, Laçında bərpa-quruculuq, tikinti işləri sürətlə davam etdirilir. Görülən bütün işlər bilavasitə Prezident İlham Əliyevin nəzarəti altındadır. Dövlət başçısı azad olunmuş ərazilərə, eyni zamanda Laçına mütamadi səfərləri zamanı görülmüş işlərlə yerindəcə tanış olur, öz tapşırıqlarını və tövsiyələrini verir. Laçın rayonu 28 il Ermənistanın işğalı altında olub, bu müddət ərzində digər ərazilərimiz kimi, Laçının da demək olar ki, bütün infrastrukturu məhv edilib, ətraf mühitə böyük ziyan vurulub.

Qeyd edək ki, müstəqilliyin ilk illərində ölkədəki qeyri-sabit siyasi, ağır iqtisadi vəziyyət, hakimiyyətin səriştəsizliyi strateji əhəmiyyət kəsb edən rayonlarımızın, o cümlədən, Şuşa və Laçının Ermənistan tərəfindən işğalı ilə nəticələndi. 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi böyük Zəfər Ermənistanı kapitulyasiya aktına imza atmağa məcbur etdi. Həmin il 10 noyabrda imzalanmış üçtərəfli bəyanata əsasən, dekabrın 1-də Laçın rayonu döyüşsüz işğaldan azad edildi. Dövlət başçısı bu tarixi hadisə münasibətilə xalqa müraciətində bildirdi ki, Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir: "Özü də bir güllə atmadan biz Laçın rayonunu qaytardıq. Düşməni buna məcbur etdik. Döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxardı ki, üç rayonumuz - Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı. Biz bu rayonları bir güllə atmadan, bir şəhid vermədən qaytarmışıq".

Laçın rayonu ölkəmizin ən böyük rayonlarından biridir, ərazisi 1800 kvadratkilometrdir. Rayon zəngin təbiətə, tarixi abidələrə, yeraltı sərvətlərə malikdir. İşğaldan əvvəl rayonda təqribən 50 mindən bir qədər çox əhali yaşayıb. İndi Laçın rayonunun əhalisi 80 min nəfərdən çoxdur. Laçın şəhərində istehsalat, xidmət və tədris müəssisələrinin yaradılması, əhalinin məşğulluğun təmin edilməsi də diqqət mərkəzində saxlanılır. Əhalinin məşğulluğunun təşkili rayonun tarixi ənənələrinə əsaslanır. Belə ki, yaxın gələcəkdə burada ekoloji və səmərəli kənd təsərrüfatı, tikinti, yüngül və qida sənayesi, balıqçılıq, tingçilik və digər sosial xidmət sahələrinin inkişafı nəzərdə tutulur. Laçın şəhərində yaradılan Aqro və Sənaye Parkında ümumilikdə 46 müəssisə fəaliyyət göstərəcək. Burada həm iri, həm də kiçik mebel fabrikləri, yüngül materiallardan ev və digər konstruksiyalar hazırlayan müəssisə, balıq təsərrüfatı, yeyinti sənayesi, yüngül sənaye, ekoloji cəhətdən təmiz emal müəssisələri, xırdabuynuzlu heyvanlar üzrə elmi-təcrübə mərkəzi yaradılacaq.

Məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün Azərbaycan Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasına başlanılıb. Artıq Zəngilan rayonunun Ağalı kəndinə, Tərtər rayonunun Talış kəndinə və Laçın şəhərinə məcburi köçkünlərin qayıdışı təmin olunub və bu istiqamətdə işlər davam etdirilir. Bu gün Laçın şəhərinin küçələri ilə gəzərkən genişmiqyaslı quruculuq işləri ilə yanaşı 30 ildən sonra doğma yurdlarına qayıtmış laçınlıların çöhrəsində qürur və sevinc ifadəsinin şahidi olur, yeni həyatın başlandığını göstərən evlərdən, həyətlərdən insanların danışıq və gülüş səslərini eşidirik.

Dövlətimizin başçısı cənab İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən Laçın şəhərinin işğaldan azad edildiyi 26 avqust tarixi Laçın şəhəri günü kimi qeyd olunur. Bu gün laçınlılar Laçın şəhəri gününü 30 il həsrətində olduqları doğma evlərində qürur və sevinc hissi ilə qeyd edirlər.

Müşfiq Səfərov,
Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri