19 avqust 2025 08:56
78

26 Avqust – Laçın Şəhəri Günü: Qürur, qayıdış və yenidənqurma

Azərbaycanın tarixi və strateji əhəmiyyətə malik bölgələrindən biri olan Laçın rayonu, 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Bu işğal nəticəsində minlərlə laçınlı doğma yurd-yuvasından didərgin düşərək, uzun illər boyu Vətən həsrəti ilə yaşamışdır.

2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi nəticəsində Azərbaycan Ordusu bir sıra əraziləri işğaldan azad etdi. Bu müharibənin nəticəsi olaraq, 10 noyabr 2020-ci ildə Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanan üçtərəfli bəyanata əsasən, Laçın rayonu 2020-ci il dekabrın 1-də Azərbaycana təhvil verildi. Lakin Laçın şəhərinin tam nəzarətə götürülməsi 2022-ci il avqustun 26-da baş tutdu. Həmin gün Azərbaycan Ordusu Laçın şəhərinə daxil olaraq, Zabux və Sus kəndlərini də nəzarətə götürdü. Prezident İlham Əliyev bu tarixi hadisəni "X" sosial şəbəkəsində elan edərək, bütün Laçınlıları və Azərbaycan xalqını təbrik etdi  .Bu əlamətdar hadisənin xatirəsinə, Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamına əsasən, hər il 26 avqust tarixi "Laçın Şəhəri Günü" kimi qeyd olunur.

İşğal dövründə Laçın şəhəri və ətraf kəndlər ciddi dağıntılara məruz qalmış, infrastruktur və mədəniyyət obyektləri məhv edilmişdir. Azadlıqdan sonra isə şəhərin bərpası və yenidən qurulması istiqamətində genişmiqyaslı işlərə start verildi. "Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində Laçın şəhərində yaşayış evləri, məktəblər, xəstəxanalar və digər sosial obyektlər inşa olunur. "15 dəqiqəlik şəhər" prinsipi əsasında planlaşdırılan Laçın, sakinlərin gündəlik ehtiyaclarını yaxın məsafədə qarşılaya biləcəyi bir şəhər modelinə çevrilir

2023-cü ilin may ayından etibarən Laçın şəhərinə məcburi köçkünlərin qayıdışı başlanmışdır. Artıq 534 ailə, yəni 1971 nəfər Laçında daimi məskunlaşıb. 2024-cü ilin 26 avqustunda Laçın Şəhəri Günü təntənəli şəkildə qeyd edildi. Mədəniyyət Nazirliyi, Azərbaycan Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəliyinin təşkilatçılığı və "Bakı Abadlıq Xidməti" MMC-nin dəstəyi ilə bayram tədbirləri keçirildi. Bayramın açılış mərasimi Laçın bayraq meydanında baş tutdu, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi və Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Orkestri tərəfindən vətənpərvərlik ruhlu musiqilər ifa olundu.

Laçın Şəhəri Günü, yalnız bir şəhərin azad olunmasının deyil, həm də Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasının simvoludur. Bu gün, həmçinin, məcburi köçkünlərin doğma torpaqlarına qayıdışının və bölgənin yenidən dirçəlişinin təntənəsidir.

Fidan Əliyeva,
YAP Xətai rayon təşkilatının əməkdaşı