Laçın rayonunun azad edilməsindən sonra ölkə rəhbərliyinin tapşırığı və nəzarəti ilə burada genişmiqyaslı bərpa və quruculuq işlərinə start verilib. Xüsusilə təhsil infrastrukturunun bərpası və müasir tələblərə uyğun şəkildə yenidən qurulması bu prosesin mühüm hissəsini təşkil edir.
Rayonun ərazisində ən irimiqyaslı təhsil layihələrindən biri Laçın rayon 2 nömrəli tam orta məktəbidir. Məktəb 510 şagird yerlik tutuma malikdir və üçmərtəbəli binasının ümumi sahəsi 4550 kvadratmetrdir. Təhsil müəssisəsində müasir tədris şəraitinin yaradılması üçün hər cür şərait mövcuddur. Belə ki, binada 24 yerlik 9, 18 yerlik 5 və 12 yerlik 4 sinif otağı fəaliyyət göstərir. Eyni zamanda, məktəbdə 1 informatika kabineti, 1 texnologiya kabineti, 3 laboratoriya, məktəbəhazırlıq otağı və 24 yerlik hərbi hazırlıq kabineti də yaradılıb. Bu infrastruktur müasir tədris standartlarına tam cavab verir və Laçının təhsil həyatında yeni mərhələnin başlanğıcı hesab olunur.
Bundan əlavə, 2023-cü ildə 176 şagird yerlik Zabux kənd tam orta məktəbi də fəaliyyətə başlayıb. Bu məktəbin fəaliyyəti, uzun illərdən sonra doğma yurdlarına qayıdan sakinlər üçün həm simvolik, həm də praktiki əhəmiyyət daşıyır. Zabux məktəbi, yalnız təhsil ocağı olmaqla kifayətlənmir, həm də kəndin sosial-mədəni həyatının canlanmasında mühüm rol oynayır.Bu cür layihələr Laçının yalnız fiziki olaraq bərpası deyil, həm də mənəvi və intellektual inkişafının təməlini qoyur. Əhalinin qayıdışını davamlı və məqsədyönlü şəkildə təşkil etmək üçün təhsil, səhiyyə, mədəniyyət və digər ictimai xidmət sahələrinin yüksək səviyyədə qurulması əsas prioritetlərdəndir.
İşğaldan azad edilmiş Laçın rayonunda və xüsusilə şəhər mərkəzində müasir səhiyyə infrastrukturunun yaradılması istiqamətində ciddi işlər görülür. Yeni tibbi müəssisələrin inşası ilə yanaşı, köhnə binalar da əsaslı şəkildə bərpa olunur. Təcili tibbi yardım stansiyaları, poliklinikalar və kənd səhiyyə məntəqələri müasir avadanlıqla təmin edilir. Bu, sakinlərin ilkin tibbi yardıma vaxtında çıxışını təmin etmək üçün mühüm addımdır. Laçında mədəniyyət ocaqları da yenidən inşa edilir və ya əsaslı şəkildə təmir olunur. Mədəniyyət evləri, kitabxanalar, musiqi məktəbləri, uşaq yaradıcılıq mərkəzləri Laçın camaatının mənəvi həyatına dinamizm qatır. Bu müəssisələr, eyni zamanda, gənc nəslin vətənpərvər ruhda yetişməsi və milli-mədəni kimliyin bərpası baxımından böyük əhəmiyyət daşıyır. Laçın şəhərinə və rayonun kəndlərinə gedən yollar tamamilə yenidən salınır. Zəfər yolunun çəkilməsi, Laçın dəhlizi ətrafında müasir nəqliyyat-kommunikasiya şəbəkəsinin qurulması rayonun ölkənin digər bölgələri ilə rahat əlaqəsini təmin edir. Daxili yollar, körpülər və yeni asfalt örtüklü magistrallar həm sakinlərin rahatlığı, həm də iqtisadi aktivliyin artırılması üçün mühüm addımdır.
Cahan Bayramova,
YAP Xətai rayon təşkilatının könüllüsü