“Bu gün Azərbaycanda bütün azadlıqlar mövcuddur. Ancaq eyni zamanda, qanun-qayda da var. Azərbaycanda Konstitusiyada təsbit olunmuş bütün azadlıqlar, hüquqlar qorunur. Eyni zamanda, hər bir vətəndaş da məsuliyyətini hiss etməlidir. Heç kimə imkan verilməyəcək ki, qanunu pozsun. Heç kimə imkan verilməyəcək ki, hansısa müstəsna güzəştlərə malik olsun. Hamı necə, başqası da elə. Biz hüquqi dövlət qururuq. Qanunun aliliyi bizim üçün başlıca şərtdir və heç kimə, heç bir şəxsə, heç bir qüvvəyə imkan verilməyəcək ki, qayda-qanunu pozsun, qeyri-qanuni hərəkətlər etsin.” Ölkə Prezidenti İlham Əliyev bu fikri önə çəkir ki, iqtisadi artım, cəmiyyətin demokratikləşməsi siyasətimizin əsas elementləridir və biri digərsiz mümkün ola bilməz: “İqtisadi cəhətdən güclü olan bilərsən, amma demokratiya yoxdursa, şəffaflıq yoxdursa, insan hüquqları qorunmursa, uğur qazana bilməzsən.” Dövlətimizin başçısı gələcək planların böyük olduğunu vurğulayaraq bildirir ki, Azərbaycanın mövcud potensialının daha da gücləndirilməsi, rəqabətədavamlı iqtisadiyyatın formalaşdırılması, müasir cəmiyyət quruculuğu, əhalinin sosial rifahının yüksəldilməsi, xarici siyasət prioritetlərinə uyğun olaraq beynəlxalq aləmdə mövqelərimizin möhkəmlənməsi, ölkə daxilində korrupsiyaya, rüşvətxorluğa və digər mənfi hallara qarşı sistemli mübarizənin gücləndirilməsi, vətəndaş cəmiyyətinin inkişafı və digər sahələr üzrə tədbirlər bundan sonra da ardıcıl şəkildə davam etdiriləcək. Ulu öndər Heydər Əliyevin “Əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar” tezisi hər zaman dövlətimizin həyata keçirdiyi siyasətin önündə dayanıb. İnsan hüquq və azadlıqlarının qorunması, yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsi istiqamətində atılan davamlı addımlar da bunun təsdiqidir. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”ndan irəli gələn vəzifələrin uğurlu icrası qarşıya qoyulan bu kimi məqsədlərə lazımi səviyyədə nail olmağa dəstəkdir. Ölkəmizdə həyata keçirilən demokratik islahatları dəstəkləyən Avropa Şurasının qəbul etdiyi “Azərbaycanda demokratik təsisatların inkişafına dair” Qətnamədə yüksək dəyərləndirilən insan amilinə verilən önəm də dövlət siyasətinin başlıca prioritetlərini əks etdirən Fəaliyyət Proqramında əksini tapıb.
Azərbaycan dünya birliyində insanların azad, sərbəst yaşadığı tolerant ölkə kimi tanınır. İlk dəfə olaraq Azərbaycanda ölüm hökmünün ləğv olunması, amnistiya aktları və əfv fərmanları ilə azadlıqdan məhrum edilmiş minlərlə məhbusun cəzasının çəkilməmiş hissəsindən azad olunması insan amilinə diqqətin nümunəsi kimi dəstəklənir. Bu kimi sərəncamlar eyni zamanda vətəndaşların qanunlara hörmət etməsinə müsbət təsir göstərir və Ulu Öndərin humanizm siyasətinin ölkəmizdə layiqincə davam etdirildiyini əks etdirir.
Bu gün ölkəmiz demokratik təsisatlarla, beynəlxalq seçki institutları ilə əməkdaşlıq edir, sivil qanunların respublikamızda tətbiqi üçün təcrübə mübadiləsi aparılır. Siyasi kampaniyalarda vətəndaşlara sərbəst seçim hüququnun verilməsi, şəffaf seçkilərin təşkili, obyektivliyin təminatı demokratik dəyərlərə sadiqlik, Azərbaycan təcrübəsinin təbliği kimi dəyərləndirilir. Bu ilin sentyabarın 26-da keçirilən Konstitusiyaya əlavə və dəyişiklikləri nəzərdə tutan referendumda da məqsəd və ən çox diqqət yetirilən sahə insanların azad, firavan, sərbəst yaşaması üçün təkmil qanunvericilik bazasını dövrün tələbinə, müasirləşən və dünyaya sürətli inteqrasiya yolu ilə irəliləyən Azərbaycanın inkişafına uyğunlaşdırmaq, zənginləşdirmək idi. Ən əsası Konstitusiyanın “Dövlətin ali məqsədi” maddəsində əksini tapan fikirlər, həmçinin 2009-cu ildə keçirilən referendum əsasında edilən əlavə vətəndaş amilinə yüksək dəyəri bir daha ortaya qoyur.
Bu gün ölkəmizdə insan hüquq və aza
dlıqlarının qorunmasından, müdafiəsindən “narazılıqlarını” ifadə edən ünsürlərə diqqət yetirmək kifayətdir ki, onların bu canfəşanlığının kökündə hansı maraqların dayandığı, maliyyələşmələrində gizli məqamlar bəlli olsun. Bu ünsürlər tərəfindən mütəmadi olaraq “siyasi məhbus” məsələsinin qabardılması və ətrafında qeyri-ciddi müzakirələrin aparılması da çirkin niyyətlərindən qaynaqlanan “fəaliyyətləridir”. Ən əsası təqdim olunan “siyasi məhbus” siyahılarında fərqlilik onların hansı “meyarlara” uyğun tərtib edilməsinə işıq salır. Hər zaman erməni sevgisi ilə diqqət mərkəzində olan Leyla Yunusun “siyasi məhbus” siyahısı təəccüb doğurmaya bilməz. Hollandiyada oturub “siyasi məhbus” siyahısı “tərtib etmək”lə “qozbeli qəbir düzəldər” deyiminin doğruluğunu təsdiqləyən L.Yunusun bu məsələdən biznes kimi yararlanması təsdiqlini tapmış reallıqlar sırasındandır. Bu dəfəki siyahısı da bir çox məqamlara işıq saldı. Belə ki, Xədicə İsmayılın 94 nəfərlik “siyasi məhbus” siyahısının qarşısına 166 nəfərlik siyahı ilə çıxan L.Yunus sanki böyük qəhrəmanlıq göstərdiyini düşünür. Amma unudur ki, bu kimi siyahılar onun vətəndaşlıq təəssübkeşliyindən nə qədər uzaq, ən əsası şəxsi maraqlarının girovuna çevrilən bir siyasi qul olduğunun göstəricisidir. Bu faktı da hər zaman qeyd etməyi özümüzə borc bilirik ki, demokratik prinsiplərin inkişafı ilə məşğul olan Avropa Şurasının rəhbərliyi ölkəmizlə bağlı “siyasi məhbus” probleminin olmadığını hər zaman bəyan etmiş, belə bir məsələnin qurumun sessiyasında müzakirəsinə imkan verməmişdir. Nəzərə alsaq ki, Avropa Şurasında təmsil olunan ölkələrin heç də hamısı Azərbaycanı dost ölkə kimi qəbul edib, uğurlarına sevinmir. Bu halda ölkəmizə qarşı qərəzli mövqedə dayanan deputatların olması inkaredilməzdir. Amma AŞPA-nın 2013-cü ildə keçirilən qış sessiyasında qurumda təmsil olunanların mütləq əksəriyyətinin Azərbaycanda “siyasi məhbus”larla bağlı hesabatın müzakirəsinin əleyhinə olması ölkəmizin uğuru, eyni zamanda demokratik dəyərlərə sadiqliyinin bariz nümunəsi idi.
“Freedom House”, “Amnesty İnternational”, “Human Rights Watch” kimi təşkilatların hesabatlarında da Azərbaycana qarşı qərəzli mövqe daxili bədxahlarımızın bu kimi əsassız müraciətlərinə söykənir. Hər dəfə bu fikir beynəlxalq ekspertlər tərəfindən də bəyan edilir ki, xarici təşkilatlar öz hesabatlarını hazırlayanda, yaxud bu və ya digər beynəlxalq qurumun təmsilçiləri ölkəmizdə səfərdə olanda nədənsə Azərbaycan reallıqlarını inkar yolunu tutan qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşə maraq göstərir, onların məlumatlarını “etibarlı” hesab edirlər.
Həqiqət budur ki, şəxsi maraq milli mənafeni üstələyirsə, o şəxsdə vətən, xalq təəssübkeşliyindən danışmaq qeyri-mümkündür. Belələrinin dəyişməz olan bir adı var - xəyanətkarlar, satqınlar, antimilli qüvvələr...
Yeganə Əliyeva, “İki sahil”
Kəlbəcər- azadlığın, dövlətçilik iradəsinin və yeni inkişaf mərhələsinin simvolu