ABŞ-ın vitse-prezidenti J.D.Vens deyib ki, Rusiya-Ukrayna münaqişəsinə son qoymaq üçün danışıqlarda əsas diqqət Ukrayna və Rusiyanın əldə etmək istədiyi ərazilər üçün təhlükəsizlik təminatlarına yönəlib. Onun sözlərinə görə, Moskva Kiyevin nəzarəti altında olan ərazilərə iddia edir.
“İki sahil” xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
"İlk növbədə, Ukrayna uzunmüddətli perspektivdə... öz ərazi bütövlüyünə arxayın olmaq istəyir. Ruslar müəyyən əraziləri istəyirlər, onların əksəriyyəti artıq işğal olunub, lakin bəziləri yox", - Vens bildirib. O, hansı sahələrdən danışdığını dəqiqləşdirməyib.
“Financial Times” yazıb ki, Ukrayna prezidenti Vladimir Zelenski hazırkı cəbhə xəttini dondurmağa hazırdır, lakin silahlı qüvvələrin Donbasdan çıxarılmasına razı deyil. “Reuters”in məlumatına görə, Vladimir Putin Ukrayna Silahlı Qüvvələrinin Donbasdan çıxarılması tələbini Alyaskada keçirilən sammit zamanı Donald Trampa açıq şəkildə bildirib. “The Times” yazıb ki, Rusiyanın işğal olunmuş ərazilərə nəzarəti ideyası ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff tərəfindən dəstəklənib.