Erməni kilsəsi hər zaman olduğu kimi, radikal millətçiliyini və faşizmin təbliğatını davam etdirir
Son zamanlar erməni din xadimlərinin davranışlarını nəzərdən keçirərkən görürük ki, erməni kilsəsi Ermənistanın qonşuları ilə sülh qurmasını istəmir və dini zəmində xalqlararası qarşıdurmanın yaranmasına çalışır. Ümumiyyətlə, erməni millətçiliyinin alovlanmasında, xüsusilə bu günə qədər Ermənistan və Qarabağda erməni millətçiliyinin təbliğində, o cümlədən işğal və müharibənin başlanmasında erməni kilsəsinin xüsusi rolu danılmazdır. Sağalmaz millətçilik və dini şovinizm xəstəliyinə yoluxmuş ermənilər həmişə regionda qonşu xalqlara qarşı əsassız ərazi iddiaları irəli sürməklə münaqişələr yaratmağa çalışmışlar. Erməni-xristian dini ekstremizmindən ən çox əziyyət çəkən Azərbaycan xalqı olmuşdur. Qarabağda xaçla işarələnən erməni tankları, keşişin xeyir-dua verdiyi erməni silahlılarının rəsmləri internet saytlarında hələ də var. Cənubi Qafqazdan çox-çox uzaqda yerləşən Kilikiyada oturub qızışdırıcılıq əməllərini davam etdirən katolikos I Aramın təxribatçı davranışlarını və antisülh çağırışlarını da çox eşitmişik. Bu ilin fevral ayında ABŞ prezidenti Trampa yalvarış dolu məktub yazıb ermənilərə və hansısa “xristianlıq irsinə” himayədarlıq etməsini xahiş edən Böyük Kilikiya evinin (Livan, Suriya və Kiprin yunan hissəsindəki ermənilər) katolikosu I Aram indi də Vaşinqtonda imzalanan sazişə qarışır, orda hansısa “qaranlıq məqamın” olduğuna dair rəy yaratmaq istəyir. Özünü din xadimi kimi qələmə verən bu adam indiyə qədər separatizmə, terrora yaxından dəstək verib. O bu dəfə Müqəddəs Məryəmin fərz edilməsi bayramı münasibətilə liturgiyadan sonra bəyan edib ki, Vaşinqton sazişi erməni xalqına ətraflı və aydın şəkildə təqdim edilməlidir. “ABŞ-ın paytaxtında Donald Trampın iştirakı və vasitəçiliyi ilə Ermənistanla Azərbaycan arasında saziş imzalanıb. Şübhəsiz ki, bu, xüsusi hadisədir. Biz bu sazişin Ermənistanla bağlı mümkün qısa və ya uzunmüddətli, müsbət və ya mənfi nəticələrinin qiymətləndirilməsini siyasi analitiklərin ixtiyarına verəcəyik”.
I Aramın Vaşinqton sazişi ilə bu şəkildə maraqlanması heç cür anlaşılan deyil, bu, Ermənistanın daxili işidir, eyni zamanda, başqa ölkədə oturub erməni cəmiyyətinin yerinə fikir bildirmək də onun vəzifələrinə daxil deyil. Amma I Aram öz təxribatçı xarakterini bu dəfə də nümayiş etdirib. Bir vaxtlar prezident Trampa ünvanladığı yalvarış və xahiş dolu məktublarını unudan I Aram bu gün Trampın iştirakı və şahidliyi ilə “Ağ Ev”də imzalanan məlum sazişi təftiş etmək xülyasına qapılıb. Halbuki, o sazişin də mətni tam olaraq açıqlanıb, bununla bütün dünya tanışdır. Yeri gəlmişkən, I Aram dini tədbirlərdə siyasi mesajlar verməyə adət etdiyindən, bu dəfə də qondarma iddialarda bulunub, olmayan erməni “əsirlərdən” və ermənilərin Qarabağa qayıdışından danışıb. Özü də deyib ki, bu işdə kilsənin çağırışları beynəlxalq birlik tərəfindən nəzərə alınmalıdır. Yenə də antisülh çağırışları, yenə də qarışdırıcılıq, yenə də Azərbaycanla Ermənistan arasında normallaşma prosesinə mane olmaq - budur erməni kilsəsinin dəyişməz xisləti. Terrorizmə dəstək vermək, bütün hayları qondarma “erməni soyqırımı”na görə qisasa çağırmaq, erməni terror qruplaşmalarına yerinə yetirmələri üçün cinayət planları hazırlamaq, onlara maddi yardım göstərmək, tarixi hadisələri saxtalaşdırmaq, bu xalqın “qədimliyi” və “əzabkeşliyi” haqqında müxtəlif miflər yaratmaq erməni kilsəsinin fəaliyyətində xüsusi yer tutur. Erməni qriqorian kilsəsinin rəhbəri II Qareginin yürütdüyü terror və revanşizm siyasəti azmış kimi, Kilikiya Evinin baş keşişi I Aram da ondan geri qalmaq istəmir. Uzun illərdir I Aram Qarabağdakı separatçıların “hüquqlarını müdafiə etməklə”, onlara “araçılıq yapmaqla” məşğul olur. Aram gecə-gündüz antitürk siyasətini, separatçılığı təbliğ edir. Erməni mediasının məlumatlarına görə, “Böyük Kilikiya Evinin” katolikosu I Aram ilə separatçıbaşı Araik Arutyunyan arasında sıx əlaqələr mövcud olub. Vaxtilə I Aram Qarabağda yaşayan ermənilərə tam dəstəyini bildirmiş, Araik vasitəsilə onlara təsəlli veribmiş.
Məlumdur ki, ermənilər üzərində xaricdəki erməni diasporunun, xüsusən də onlar üçün dövlətdən də artıq təsirə malik olan katolikosluğun hökmü çox böyükdür. Onların separatizmə, terrorizmə, pozuculuğa dair nə qədər fəaliyyətləri varsa bunların arxasında həmişə erməni katolikosluqları dayanıb, revanşizmə, separatizmə kilsə rəhbərlik edib. Qarabağdakı erməniləri ədavətə, kinə, separatizmə, revanşizmə çağırmaq cəhdləri ermənilərin özlərinə ziyan vurur.I Aram din xadimidirsə, öz missiyasını dərk edib erməniləri dinc yaşayışa, sülhə çağırmalıdır, onları bu ruhda tərbiyələndirməlidir. Hazırda Kilikiya katolikosu xristian təəssübkeşliyindən istifadə edib ermənilərə yeni “müdafiəçilər” axtarır, amma bu axtarışlar da nəticəsiz qalacaq.
Sevinc Azadi, “İki sahil”