22 avqust 2025 11:00
141

Erkən nikaha “bəli”,  hüquqa, ədalətə və gələcəyə “yox” deməkdir

Uşaqlıq nikah masasında bitməməlidir əksinə, təhsildə, arzularla dolu sabahlarda davam etməlidir

Erkən nikahlar uşaqların hüquqlarını pozan, onların təhsil və sağlamlıq imkanlarını məhdudlaşdıran ən ciddi sosial problemlərdən biridir. Bu hal yalnız fərdi həyatlara deyil, bütövlükdə cəmiyyətin inkişafına mənfi təsir göstərir. Dövlət son illərdə erkən nikahların qarşısının alınması üçün qanunvericilikdə mühüm dəyişiklikləri edib, müxtəlif müdafiə mexanizmləri formalaşdırıb. Erkən nikahların qarşısını almaq yalnız qanunvericiliklə deyil, həm də cəmiyyətin fəal iştirakı ilə mümkündür.

Mövzunun hüquqi tərəfləri ilə bağlı bir sıra suallara aydınlıq gətirmək üçün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin aparıcı məsləhətçisi Leyla Abdinova  ilə həmsöhbət olduq.

- Qız uşaqlarının məktəbdən yayındırılaraq ailə qurmağa məcbur edilməsi halları ilə qarşılaşdıqda Komitə hansı müdaxilə mexanizmlərindən istifadə edir?

 - Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 189-1-ci maddəsinə əsasən, 16 yaşına çatmamış şəxsin erkən nikahının təşkili, bu yaşda olan şəxslə evlilik sövdələşməsinə daxil olunması, erkən nikahla əlaqəli mərasimlərin keçirilməsi və ya dini kəbinin kəsilməsi inzibati məsuliyyətə səbəb olan hüquq pozuntusu kimi müəyyən edilmişdir.

Qanunvericiliyə əsasən, on altı yaşına çatmamış şəxslə nişanlanma və ya evliliyə dair digər formal razılaşmaların təşkili hallarında, həmin şəxsin valideynləri, qanuni nümayəndələri və ya onu tərbiyə etmək vəzifəsi daşıyan şəxslər, eləcə də evliliyə daxil olmaq istəyən yetkinlik yaşına çatmış digər tərəf inzibati məsuliyyət daşıyır.

Belə halların aşkar edilməsi zamanı müvafiq olaraq Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və ya Daxili İşlər Nazirliyi tərəfindən inzibati xəta haqqında protokol tərtib olunur və məsələ baxılması üçün məhkəməyə təqdim edilir.

-Erkən nikah hallarına görə valideyn məsuliyyəti necə tənzimlənir?

 -Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 176-1-ci maddəsində nikaha və ya erkən evliliyə daxil olmağa məcbur etmə halları cinayət məsuliyyəti yaradan əməllər kimi təsbit olunmuşdur. Bu maddə ilə, şəxsin iradəsinə zidd olaraq nikaha daxil olmasına və ya erkən evlilik həyata keçirməsinə təzyiq göstərilməsi cinayət kimi qiymətləndirilir.

Cinayət Məcəlləsinə əlavə edilmiş 176-2-ci maddəyə əsasən isə, on altı yaşına çatmayan şəxsin erkən evliliyinin təşkili valideynlər, qanuni nümayəndələr, həmin şəxsi tərbiyə etmək vəzifəsi daşıyan şəxslər, eləcə də evliliyə daxil olan yetkinlik yaşına çatmış digər şəxs üçün cinayət məsuliyyəti yaradır.

Qanunvericilikdə xüsusi olaraq qeyd olunur ki, erkən evliliyə daxil olan yetkinlik yaşına çatmış şəxsin məsuliyyəti yalnız zərərçəkmiş şəxslə yaş fərqi beş ildən artıq olduqda tətbiq edilir. Bu, uşaqların hüquqlarının qorunması və yetkin şəxslərin erkən evliliklərdə iştirakına qarşı daha sərt hüquqi tədbirlərin tətbiqinə yönəlmiş normativ mexanizmdir.

-Qanunvericiliyə görə, erkən nikah hallarında tətbiq edilən cəza tədbirləri yetərlidirmi?

-“Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” 28 iyun 2024-cü il tarixli Qanunun qəbul edilməsi erkən nikahlar və qohum nikahları ilə bağlı mövcud hüquqi çərçivənin təkmilləşdirilməsinə xidmət etmişdir.

Hazırkı qanunvericilik çərçivəsində erkən nikahların təşkili, məcburi nikahlar və qohum nikahları ilə bağlı inzibati və cinayət məsuliyyəti müəyyən edilmişdir. Məcəllələrdə aparılan son dəyişikliklər bu istiqamətdə atılmış ciddi hüquqi addımlar olmaqla, erkən evliliklərlə bağlı cəza tədbirlərini müəyyən qədər sərtləşdirmiş və məsuliyyətin dairəsini genişləndirmişdir.

-Erkən nikahdan doğan psixoloji və fiziki zorakılıq hallarının qarşısının alınması üçün hansı struktur dəstəkləri mövcuddur?

 - Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məişət zorakılığı ilə mübarizə sahəsində geniş spektrli tədbirlər həyata keçirir.  Zərərçəkmiş şəxslərə dəstək göstərilməsi məqsədilə Komitənin tabeliyində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzləri, qadın resurs mərkəzləri, həmçinin ilkin müraciətlərin qəbulu, hüquqi yönləndirmə xidmətləri təqdim olunur. Komitə, eyni zamanda, mərkəzi və yerli icra hakimiyyəti orqanları, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Prokurorluq orqanları və mülki cəmiyyət institutları ilə birgə fəaliyyət göstərərək zorakılıq qurbanlarının müdafiəsi, sığınacaqlara yerləşdirilməsi və reabilitasiya tədbirlərinin həyata keçirilməsi işlərini koordinasiya edir.

Göründüyü kimi, dövlətin qəbul etdiyi qanuni mexanizmlər, Komitənin həyata keçirdiyi sosial müdafiə tədbirləri və ictimaiyyətin maarifləndirilməsi bu problemin kökündən həllinə yönəlib. Hər bir uşağın təhsil almaq, inkişaf etmək və sağlam cəmiyyətdə yaşamaq hüququ var. Erkən nikahların qarşısının alınması isə dövlətlə yanaşı, bütün valideynlərin və cəmiyyətin ortaq məsuliyyətidir.

Yaqut Ağaşahqızı, “İki sahil”