22 avqust 2025 11:19
95

Lerik İntellektual Oyunlar Klubunun təşkil etdiyi bilik yarışması - FOTO

Dağlar diyarı  Lerik şəhər 3 saylı tam orta məktəbinin akt zalında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı zabiti,  Şuşa fatehi,  baş leytenant  şəhid Əliqismət Mükafat oğlu Yaqublunun əziz xatirəsinə həsr olunmuş "Nə? Harada? Nə zaman? " bilik yarışması keçirildi.

Tədbirin başlanğıcında  Azərbaycan Respublikasının Dövlət Himni səsləndi və  Vətənimizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Ardınca  baş leytenant Əliqismət Yaqublunun qısa, lakin şərəfli ömür yolu barədə Azərbaycan Televiziyasının hazırladığı video-çarxı  nümayiş olundu.

Lerik rayon Heydər Əliyev Mərkəzinin direktoru Hüsaməddin Abbasov ölümsüzlüyə qovuşan qəhrəmanın  həyatı, hərbi təhsil illəri, döyüş yolu barədə tədbir iştirakçılara  məlumat  verərək dedi:-  Xüsusi Təyinatlı baş leytenant, Kimya Xidmət rəisi  Əliqismət  Yaqublu 2020-ci il 27 sentyabr tarixində başlayan Vətən müharibəsində iştirak etmiş, Murovdağ yüksəkliyi, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarının və Laçının bir neçə kəndinin azadlığı naminə   xüsusi igidlik  göstərmiş, Şuşa uğrunda gedən döyüşlərdə düşmənin xeyli sayda canlı qüvvəsini məhv edərək sıradan çıxarmışdır. Dağlar diyarının qartal balası    noyabrın 5-də Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhadətə qovuşub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Əliqismət Yaqublu ölümündən  sonra "Azərbaycan bayrağı" ordeninə,  “Şücaətə görə”, "Vətən uğrunda", Şuşanın, Xocavəndin, Kəlbəcərin, Füzulinin,  Cəbrayılın azadlığına görə  medallarına  layiq olub.

Digər çıxışçılar-Lerik Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Hüseyn Hüseynov, YAP Lerik Rayon Təşkilatının əməkdaşı Elman Rəcəbov, Şəhid Ailələri və Qarabağ Əlilləri Cəmiyyəti Lerik Rayon Təşkilatının sədri Veysəl Məlikov, Lerik rayon Uşaq- Gənclər İnkişaf Mərkəzinin əməkdaşı Murad İskəndərov, şəhid atası, Lerik Dövlət Rəsm Qalereyasının direktoru Mükafat Yaqubov  Zəfər tariximizə adını  yazan  şəhidlərimiz haqqında qürurla söhbət açdılar.

Daha sonra 11 komandanın qatıldığı şəhid Əliqismət Yaqublunun xatirəsinə həsr olunmuş yarışa start verildi. Maraqlı və gərgin keçən bilik yarışmasında münsiflər heyətinin qərarına əsasən qaliblər müəyyənləşdi, onlar  fəxri fərmanla və diplomlarla təltif edildilər.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü