22 avqust 2025 11:39
120

Prezidentin “təhlükəsizliyimizin qarantı biz özümüzük” ifadəsi gücümüzün və birliyimizin göstəricisidir - Cəlil Xəlilov

 “Prezident İlham Əliyevin Kəlbəcər şəhər sakinləri ilə görüşdə səsləndirdiyi “bizim təhlükəsizliyimizin qarantı biz özümüzük - dövlət, xalq və Silahlı Qüvvələrimiz” ifadəsi gücümüzün və birliyimizin göstəricisidir”.

“İki sahil” xəbər verir ki, bunu Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, bu ifadə dövlətimiz və ordumuz ətrafında sıx birləşməyin nə qədər zəruri olduğunu göstərir:

 “Dövlət başçısı tərəfindən irəli sürülən və 44 günlük Vətən müharibəsində praktiki şəkildə öz əksini tapan bu fikir çox böyük həqiqəti ifadə edir. Vaxtiylə üzləşdiyimiz işğal problemi və bu problemdən öz hərbi gücümüz hesabına xilas olmağımız təhlükəsizliyimizin qarantının həqiqətən də yalnız özümüz olduğunu isbatladı. Prezidentimiz bu böyük həqiqəti Kəlbəcər rayon sakinləri ilə görüşündə bir kəs daha yada salmaqla, bundan sonra da güclü qalmağımızın, özümüzü inkişaf etdirməyimizin vacibliyinə diqqət çəkdi.

“Təhlükəsizliyimizin qarantı biz özümüzük” ifadəsi bizi dövlətimiz, Prezidentimiz və Ordumuz ətrafında daha sıx birləşməyə səsləyir. Bu şüar bizə xatırladır ki, özümüzdən başqa istinad edəcəyimiz, söykənəcəyimiz heç nə yoxdur. Buna görə də biz bütün gücümüzü və səyimizi dövlətimizin və Ordumuzun daha da güclənməsinə sərf etməli, Prezidentimizin hər bir çağırışını əməli şəkildə, çox böyük məsuliyyət hissi və vicdanla yerinə yetirməliyik. Unutmamamlıyıq ki, daha təhlükəsiz Azərbaycana gedən yol daha güclü Azərbaycandan keçir. Bunun üçün isə bizim öz üzərimizə düşən vəzifə və öhdəlikləri qüsursuz şəkildə yerinə yetirməyimiz vacibdir”.

Polkovnik vətəndaşlarımızın öz ayıq-sayıqlığını qorumasının zəruriliyinə də diqqət çəkdi:

“Prezident çıxışında Ordumuzun modernləşdirilməsi prosesinin bu gün də davam etdiyini bildirdi. Qeyd etdi ki, Azərbaycan müasir PUA və artilleriya sistemləri alıb, eləcə də ölkəmizə yeni, modern döyüş təyyarələrinin gətirilməsi ilə bağlı müqavilələr imzalanıb. Bütün bunlar Azərbaycanın təhlıükəsizliyinin, müdafiə qabiliyyətinin gücləndirilməsi baxımından atılan mühüm addımlardır.

Biz də istər fərd, istərsə də cəmiyyət olaraq daim ayıq-sayıq olmalı, istənilən təhdid və təhlükə qarşısında çevik şəkildə birləşməyi, bir yumruğa çevrilməyi bacarmalıyıq. Yalnız bu şəkildə - Prezidentimizin, dövlətimizin və Ordumuzun ətrafında sıx birləşməklə öz təhlükəsizliyimizi təmin etməyimiz, daha böyük uğurlara nail olmağımız mümkündür”.