22 avqust 2025 15:00
149

Kəlbəcərliləri doğma yurdlarında firavan yaşayış, işgüzar həyat gözləyir

Avqustun 21-də Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Kəlbəcər şəhərinə səfərləri ölkəmiz üçün daha bir tarixi hadisə oldu. Belə ki, bu səfər çərçivəsində Prezident İlham Əliyev Kəlbəcər şəhərinin sakinləri ilə görüşərək onlara mənzillərin açarlarını təqdim edib. Həmçinin bir sıra mühüm obyektlərin təməlqoyma və açılış mərasimlərində iştirak edib.

Ölkəmizin başçısı Kəlbəcər şəhərində 1-ci yaşayış kompleksinin ərazisində fərdi və çoxmərtəbəli evlərdə yaradılan şəraitlə tanış olub və buraya köçən sakinlərlə görüşüb. Görüş zamanı dövlət başçısı çıxış edərək deyib: «Əziz kəlbəcərlilər, Kəlbəcərə xoş gəlmisiniz! Bu gün sizin həyatınızda tarixi bir gündür. Doğma Vətənə, doğma şəhərə 32 ildən sonra qayıdırsınız və bu münasibətlə sizi ürəkdən təbrik edirəm. Biz ədaləti bərpa etdik, haqqımızı bərpa etdik və bugünkü tədbir bir daha onu göstərir ki, Azərbaycan xalqı iradəli xalqdır. Azərbaycan xalqı öz doğma torpağına bağlıdır və bütün çətinliklərə baxmayaraq, işğal dövründə biz nəinki inamımızı itirməmişik, hər birimiz - bütün xalq hər gün bu müqəddəs günü yaxınlaşdırırdı.»

Bu sözlərlə Prezident İlham Əliyev Kəlbəcər sakinlərinin doğma torpaqlarına qayıdışını yüksək qiymətləndirib və onların həyat şəraitinin yaxşılaşdırılması üçün dövlət tərəfindən görülən işləri vurğulayıb. Müzəffər Ali Baş Komandanımız səfər çərçivəsində Kəlbəcər şəhər parkının təməlini qoyub.  Qeyd edilib ki, şəhərin müfəssəl Baş planına uyğun olaraq layihələndiriləcək yeni park kompleksi təxminən 11 hektar ərazini əhatə edəcək. Bu sahənin təxminən 9 hektarında yaşıllıqlar salınacaq. Parkda rayonun ictimai və mədəni həyatında baş verən tədbirlərin təşkili üçün xüsusi zonalar, idman və sağlamlıq guşələri, həmçinin uşaqlar üçün əyləncə və ekstremal macəra sahələri yaradılacaq.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva səfər zamanı Kəlbəcər şəhərində 3-cü və 4-cü yaşayış komplekslərinin təməlqoyma mərasimlərində iştirak ediblər. Bundan əlavə, «Balland – Kəlbəcər balı, arı və arıçılıq məhsulları mağazası»nın açılışında iştirak ediblər. Ölkəmizin başçısı həmçinin Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda görülən işlərlə tanış olub.

Dövlətimizin rəhbərinin Kəlbəcər şəhərinə səfəri və oradakı çıxışı Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan bərpa və yenidənqurma işlərinin əhəmiyyətini bir daha göstərdi. Bu səfər çərçivəsində həyata keçirilən tədbirlər və verilən mesajlar ölkənin ərazi bütövlüyünün bərpası və vətəndaşların rifahının təmin olunması istiqamətində atılan mühüm addımların nümunəsidir.

Cənab Prezident kəlbəcərlilərlə görüşündə deyib ki, azad edilmiş torpaqlarımıza mərhələ-mərhələ soydaşlarımızın qayıdışı Böyük Qayıdış Proqramının birinci mərhələsi üçün müəyyənləşdirilən hədəfə yüksək səviyyədə nail olacağımıza böyük əsas yaradır: «Hədəf 2026-cı ilədək 140 min sakinin doğma yurd-yuvasına qayıdışını təmin etməkdir. Hazırda  Qarabağ və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, həmçinin təhsil alan tələbələr də daxil olmaqla, ümumilikdə 50 mindən çox insan yaşayır.»

Müzəffər Ali Baş Komandanımız sözügedən görüşdə  30 illik işğal, 44 günlük İkinci Qarabağ müharibəsi və postmünaqişə dövrünün gerçəkliklərinə diqqəti yönəldərək bildirdi ki, bizim gücümüz, xalqımızın iqtidarla bir yerdə olmasındadır: «Azərbaycan güclü ölkədir. Son 80 ildə dünyada Azərbaycan qədər tam və mütləq qələbə qazanan ikinci ölkə olmamışdır. Düşməni kapitulyasiya aktını imzalamağa məcbur edən və eyni zamanda, sülhün təminatçısı da Azərbaycandır.»

Postmüharibə dövründə əsas hədəf sahibinə qovuşmuş torpaqlarımızın dirçəldilməsi, keçmiş məcburi köçkünlərin bu ərazilərə qayıdışıdır ki,  məhz cənab İlham Əliyevin rəhbərliyi ilə bu müqəddəs iş yüksək sürətlə davam edir. Prezident  Kəlbəcər şəhərinin sakinləri ilə görüşündə bu çağırışı etdi ki, keçmişimizi heç vaxt unutmamalıyıq. O, dedi ki, biz bundan sonra heç kimlə müharibə aparmaq fikrində deyilik: «Əgər bizə qarşı hər hansı bir təhlükə çıxarsa, onda yenə də dəmir yumruğumuzu hər kəs görəcək. Bu gün bu gözəl binaların ətrafında görüşümüz də çox böyük rəmzi məna daşıyır. Onlar buranı dağıdıblar, biz isə qurub-yaratmışıq».

Nazimə Şamıyeva,
 YAP Füzuli rayon təşkilatının sədri