23 avqust 2025 10:39
138

Qardabani rayonunda kikboksinq və MMA üzrə yarış keçirilib

Gürcüstanın Qardabani rayonunda kikboksinq və MMA üzrə idman yarışı keçirilib.

“İki sahil” xəbər verir ki, yarış Diasporla İş üzrə Dövlət Komitəsinin layihələri çərçivəsində “Caucasus Arena” İdman Assosiasiyasının təşəbbüsü ilə təşkil olunub. Məqsəd bölgədə idmanın inkişafına marağı artırmaq, gəncləri sağlam həyat tərzinə təşviq etmək və yerli idman infrastrukturlarını gücləndirməkdir.

Təşkilatçılar yaxın gələcəkdə bölgədə daha çox idman tədbirləri keçirməyi, gənclər üçün davamlı məşğələlər və yarışlar təşkil etməyi planlaşdırırlar. Bu cür layihələr regionda idman mədəniyyətinin yüksəlməsinə və gənclərin peşəkar idman karyerasına yol açmasına yardımçı olacaq.

Turnirdə Gürcüstanın müxtəlif bölgələrindən gələn təxminən 200-ə yaxın idmançı iştirak edib.

Gərgin və sağlam rəqabət şəraitinfə keçən turnir tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Peşəkar hakimlər heyətinin idarə etdiyi turnirdə komandalar arasında “Sarticala-Muganli” komandası birinci, “Yormuganli” komandası ikinci, Qardabaninin “Kalinovka” komandası üçüncü yerə çıxıb.

Professional döyüşlərdə Mahmud Abdulayev, Nicat Aliyev, Elimxan Daşdəmirov, Mehman Mamedov və Sərxan Nəbiyev müxtəlif çəki dərəcəsində birinci olublar.