25 avqust 2025 11:54
134

Türk dünyasının birlik və inkişaf tendensiyasına daha bir töhfə

Ötən həftə Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistana rəsmi səfəri sadəcə diplomatik və strateji gündəmlə məhdudlaşmadı. Eyni zamanda, bu səfər türkdilli dövlətlərin ortaq tarixi, mədəni və mənəvi köklər üzərində qurulmuş birliyinin daha da dərinləşdiyinin növbəti təsdiqi oldu. Ölkəmizin başçısının Türkmənistana səfəri zamanı Azərbaycan, Türkmənistan və Özbəkistan liderlərinin iştirakı ilə keçirilən üçtərəfli görüş həm siyasi, həm iqtisadi, həm də mənəvi baxımdan Türk dünyasının birliyinə tarixi töhfədir. 

Azərbaycan Prezident İlham Əliyev Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və  Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə baş tutan üçtərəfli görüş çərçivəsində bir sıra mühüm sənədlər imzalandı. Sözügedən sənədlər arasında Transxəzər Nəqliyyat Dəhlizi üzrə əməkdaşlıq memorandumu, enerji sahəsində informasiya və texnologiya mübadiləsi, kənd təsərrüfatı və qida təhlükəsizliyi sahəsində sazişlər xüsusi əhəmiyyət kəsb edir. Həmin razılaşmalar türk dünyasının iqtisadi və logistik gücünün birləşdirilməsi, regionda alternativ enerji və davamlı inkişaf prinsiplərinin təşviqi, ərzaq təhlükəsizliyi və ticarət əlaqələrinin genişləndirilməsi baxımından əhəmiyyətlidir. 

Azərbaycan dövlətinin təşəbbüsləri ilə Mərkəzi Asiya ilə Qafqazı birləşdirən inteqrasiya layihələri türk dövlətləri arasında qarşılıqlı bağlılığı gücləndirməklə yanaşı  regional sabitliyə də böyük töhfə verir. Xüsusilə qeyd etmək lazımdır ki, hər gün bir az daha güclənən  birliyimizin sarsılmaz dayağı  daha dərin və güclü bir reallığa– ortaq ruhumuz, mədəniyyətimiz və mənəviyyatımıza bağlıdır.  Prezident İlham Əliyevin çıxışında vurğuladığı kimi, «Türk dünyası həm mənəvi güc mərkəzidir, həm də beynəlxalq münasibətlərdə ciddi təsirə malik bir qüvvədir.» 

Bu gün qardaş ölkələrin liderlərinin əl-ələ verərək, ortaq məqsədlər naminə bir araya gəlməsi  siyasi,  mədəni və tarixi baxımdan münasibətlərimizi yeni və daha işıqlı gəçləcəyə yönəldir. İmzalanan sənədlər və atılan addımlar, gələcək nəsillərə daha sıx bağlarla birləşmiş bir Türk dünyasını miras qoymaq üçündür. Bu birlik həm bizim gücümüzdür, həm də inkişaf perspektivimizdir.

Azərbaycan, Türkmənistan və Özbəkistan arasında qurulan bu üçtərəfli əməkdaşlıq platforması, Türk Dövlətləri Təşkilatının məqsəd və məramına uyğun olaraq yalnız bugünün problemlərini həll etməyə deyil, həmçinin sabahın daha güclü, daha firavan  və daha qüdrətli Türk dünyasının qurulmasına xidmət edir.

Bəli, bu gün üç qardaş ölkənin liderləri rəsmi sənədlərə imza atırlar. Ancaq qədimdən qədim tariximizə baxsaq görərik ki, bizi həm də ulu ziyalılarımızın, dahi şəxsiyyətlərimizin bizə miras qoyduqları zənginliklər də  birləşdirir.  Bunları Dədə Qorqudun nəsihətlərində, Məxtimqulunun misralarında, Nizamidən Nəvayiyə qədər uzanan ədəbi körpülərdə tapmaq olar. Yəni, tarixi qaynaqlardan gələn birliyimiz bu gün türkdilli ölkələrin liderlərinin səyi nəticəsində daha da böyüyür, yenilənir.

İsmayıl İbrahimov,
YAP Hacıqabul rayon təşkilatının sədri