25 avqust 2025 22:39
209

Laçın tarix və mədəniyyətin beşiyidir

Prezident İlham Əliyevin Vətən müharibəsində əldə olunmuş tarixi Qələbəni əbədiləşdirmək və işğaldan azad edilmiş şəhərlərin günlərini təsis etmək məqsədilə 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə hər il işğaldan azad edilmiş ərazilərdəki şəhərlərin günləri təntənəli şəkildə qeyd olunacaq. Sərəncama əsasən, “26 avqust – Laçın şəhəri günü” elan edilib.

1923-cü ildə kiçik bir yaşayış məntəqəsinin Laçın adı ilə şəhər statusu alması, 1930-cu ildə isə rayon mərkəzinə çevrilməsi, bu bölgənin tarixi inkişafının başlanğıcı idi. Qədim dağların qoynunda yerləşən, zəngin meşələri, yaylaqları ilə seçilən Laçın təbiətin insana bəxş etdiyi nadir sərvət idi. Lakin bu gözəl diyar təkcə təbiəti ilə deyil, həm də strateji mövqeyi ilə ölkəmiz üçün böyük əhəmiyyət daşıyırdı.

1992-ci ilin 18 mayı isə yaddaşımıza bir faciə günü kimi həkk olundu. Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində Laçın yandırıldı, viran qoyuldu, əhalisi didərgin salındı. On minlərlə laçınlı məcburi köçkün həyatı yaşamağa məcbur oldu. Onlarla kənd, yüzlərlə tarixi və mədəniyyət abidəsi məhv edildi. Rəsmi İrəvan beynəlxalq hüququ tapdalayaraq Laçının demoqrafik tərkibini dəyişdirməyə çalışdı. Amma bütün bunlara baxmayaraq, laçınlılar ümidlərini itirmədilər, bir gün geri dönəcəklərinə əmin idilər.

2020-ci ilin 44 günlük Vətən müharibəsi tarixi dönüş nöqtəsi oldu. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli siyasəti və Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində düşmən kapitulyasiya etməyə məcbur qaldı. 1 dekabr 2020-ci ildə Laçın rayonu, 26 avqust 2022-ci ildə isə Laçın şəhəri, Zabux və Sus kəndləri azad edildi. Həmin gün hər bir azərbaycanlı üçün qürur və göz yaşları ilə dolu idi. Çünki biz illərlə həsrətini çəkdiyimiz torpaqlarımıza qayıdırdıq.

Cənab Prezident İlham Əliyevin dediyi kimi: “Biz Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik”. Bu gün Laçın həmin vədin reallaşmasının bariz nümunəsidir. İndi Laçında quruculuq, abadlıq, həyat nəfəsi duyulur.

Enerji sahəsində həyata keçirilən layihələr Laçını Azərbaycanın “yaşıl enerji” mərkəzlərindən birinə çevirir. Su elektrik stansiyaları yenidən qurulub, yeni stansiyalar inşa edilib. Bu, təkcə iqtisadi deyil, həm də ekoloji cəhətdən dayanıqlı inkişaf deməkdir.

Yol-nəqliyyat infrastrukturunun yenilənməsi Laçını bölgənin tranzit mərkəzinə çevirir. Kəlbəcər–Laçın avtomobil yolu, yeni inşa edilən körpülər və tunellər, ən əsası isə 2025-ci ildə açılışı olan Laçın Beynəlxalq Hava Limanı – bütün bunlar Laçını regionun beynəlxalq əhəmiyyətli qovşaqlarından birinə çevrilir.

Laçında artıq yeni məktəblər, uşaq bağçaları, xəstəxanalar, mədəniyyət obyektləri tikilib. Bərpa olunan Zabux, Sus, Bəylik kəndləri yeni siması ilə doğma sakinlərini qarşılayır. 2023-cü ildən başlayaraq yüzlərlə ailə Böyük Qayıdış Proqramı çərçivəsində doğma yurduna qayıdıb. İndi onların evlərində işıq yanır, həyətlərindən uşaq səsi gəlir.

Şəhərdə müasir istirahət məkanları, çaykənarı bulvar, kanat yolu və turizm obyektləri salınır. “Laçın İstirahət Kompleksi”, “Hoçazfilm” studiyası, aqro-sənaye parkı və istehsal müəssisələri həm iş yerləri yaradır, həm də Laçının iqtisadi potensialını artırır.

2025-ci ildə Laçının MDB-nin “Mədəniyyət paytaxtı” elan edilməsi təsadüfi deyil. Çünki Laçın tarix və mədəniyyətin beşiyidir. Burada ucaldılan hər bina, salınan hər park, qurulan hər muzey, əslində bizim milli yaddaşımızın dirçəlişidir.

Bu gün Laçın bütöv Azərbaycanın rəmzidir. O, həm tariximizin ağrısını, həm də bu günkü qürurumuzu özündə birləşdirir. Biz Laçına baxanda həm 1992-ci ilin faciəsini, həm də 2020-ci ilin qələbəsini görürük. Bu gün qurulan hər bir ev, salınan hər bir yol, çəkilən hər bir xətt gələcək nəsillərə ən böyük mesajdır: bu torpaqlar əbədi olaraq Azərbaycanındır!

26 avqust həm də bir millətin yenilməz ruhunun bayramıdır. Gəlin bu günü hər il qürurla qeyd edək və onu həm şəhidlərimizin xatirəsinə ehtiram, həm də gələcək nəsillərə bir vəsiyyət kimi yaşadaq.

Ərazi bütövlüyümüz uğrunda canlarından keçmiş bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə can sağlığı arzu edirəm! Azərbaycan torpaqlarının azadlığı uğrunda döyüşlərdə iştirak etmiş igidlərimizlə qürur duyuruq.

Hicran Hüseynova,

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri