Müasir müstəqil Azərbaycan ardıcıl siyasəti nəticəsində qarşısına qoyduğu bütün hədəflərə doğru inamla addımlayır. Vətən müharibəsində tarixi Qələbə qazanaraq yeni geostrateji reallıqlar yaradan Azərbaycan yeni mərhələdə həm Zəfəri siyasi-diplomatik müstəvidə möhkəmləndirmək, həm də qarşıda duran milli-strateji hədəfləri reallaşdırmaq üçün mühüm tədbirlər həyata keçirir. Bunlardan biri də dost və tərəfdaş ölkələrlə əməkdaşlığın dərinləşdirilməsi, müxtəlif sahələri əhatə edən münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəldilməsidir.
Belə ki, Azərbaycan, Türkmənistan və Özbəkistan arasında keçirilən üçtərəfli görüş Avrasiya məkanında yeni əməkdaşlıq formatının formalaşması baxımından mühüm hadisədir. Bu təşəbbüs regionun enerji, nəqliyyat-logistika, ticarət və humanitar sahələrdə mövcud imkanlarının səmərəli istifadəsinə, eləcə də strateji tərəfdaşlığın dərinləşdirilməsinə xidmət edir. Üç qardaş ölkəni birləşdirən ortaq tarix, mədəniyyət, dil və milli-mənəvi dəyərlər siyasi münasibətlərə xüsusi məzmun verir və əməkdaşlığı daha da möhkəmləndirir.
Bu münasibətlər ölkələrarası maraqlara xidmət etməklə yanaşı, Xəzər hövzəsində sülh, təhlükəsizlik və əməkdaşlığın dərinləşdirməsinə öz töhfəsini verir. Azərbaycanın Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistanla yaxın əməkdaşlığında, ilk növbədə, bu ölkələrin coğrafi mövqeləri böyük rol oynayır.
Qeyd edək ki, Azərbaycan ilə Türkmənistan arasında diplomatik əlaqələr 1992-ci ildə qurulmuşdur. İki ölkə ortaq tarixi-mədəni köklər, dərin dostluq və qarşılıqlı etimad əsasında münasibətlərini inkişaf etdirir. Siyasi müstəvidə dövlət başçılarının qarşılıqlı səfərləri və yüksək səviyyəli dialoqu ikitərəfli əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir. Türkmənistan daim Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmiş, postmüharibə dövründə də qardaş həmrəyliyi nümayiş etdirmişdir.
Eyni zamanda, Azərbaycan-Özbəkistan münasibətləri bu gün iki ölkə liderlərinin uzaqgörən siyasəti, qarşılıqlı səfərləri və mütəmadi təmasları nəticəsində artan templə inkişaf etməkdədir. Azərbaycan-Özbəkistan münasibətləri qədim tarixə malikdir. Azərbaycan və özbək xalqlarını yaxın milli adət və ənənələr, ümumi dil qrupu, mədəniyyət və din birləşdirir. Ölkələrimiz arasında diplomatik münasibətlər 1995-ci il oktyabrın 2-də qurulub. 1996-cı ilin avqustunda Azərbaycanın Özbəkistanda, 1998-ci ilin iyulunda isə Özbəkistanın Bakıda səfirlikləri fəaliyyətə başlayıb.
Bu ölkələr ilə münasibətlərin sıx olduğunu nəzərə alaraq, Azərbaycan-Türkmənistan-Özbəkistan əməkdaşlığı regionun inkişafı və qlobal inteqrasiya baxımından mühüm imkanlar açır.
Vurğulayaq ki, avqustun 22-də Türkmənbaşıda keçirilən üçtərəfli sammitin yekunları üzrə Azərbaycan Prezidenti İlham Əliyev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun qəbul etdikləri Birgə Bəyanat bərabərlik, qarşılıqlı fayda və bir-birinin maraqlarının nəzərə alınması prinsipləri əsasında ölkələr arasında ticari-iqtisadi əməkdaşlığı gücləndirmək məqsədini daşıyır.
Prezident İlham Əliyev bəyanatda deyib: “Bu, mənim Avaza şəhərinə ikinci səfərimdir və burada gedən inkişaf əyani şəkildə onu göstərir ki, ölkə etibarlı əllərdədir. Qurbanqulu Məlikquliyeviçin müdrik rəhbərliyi sayəsində həm Avaza, həm də bütün digər şəhər və kəndlər inkişaf edir, abadlaşır, yeni şəhərlər salınır. Bu gün imzalanan sənədlər arasında Arxadağla Füzuli şəhərlərinin qardaşlaşma sənədi də var. Bu, əslində, bizim qardaşlığımızın rəmzidir. Türkmən və Azərbaycan xalqları əsrlər boyu bir ailə kimi, qardaşlar kimi yaşayıb-yaratmışlar. Bu gün iki müstəqil dövlət bu ənənələrə sadiqdir, bu ənənələri yaşadır və yeni üfüqlərə doğru birgə addımlayır”.
Üçtərəfli platformanın təşəbbüskarlarından biri olan Azərbaycan müasir dövrdə qarşısına qoyduğu bütün hədəflərə ardıcıl və məqsədyönlü addımlarla çatmaqdadır. Belə ki, ölkə beynəlxalq aləmdə etibarlı tərəfdaş, enerji təhlükəsizliyinin təminatçısı və regional əməkdaşlıq təşəbbüslərinin mərkəzi kimi tanınır, nəqliyyat-logistika layihələri (Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və s.) regionun tranzit imkanlarını genişləndirir, həmçinin enerji sahəsində reallaşdırılan “Cənub Qaz Dəhlizi” layihəsi Azərbaycanı Avropa enerji təhlükəsizliyinin əsas oyunçularından birinə çevirmişdir.
Azərbaycan-Türkmənistan-Özbəkistan Zirvə görüşü, həmçinin çoxtərəfli münasibətlər baxımından tarixi əhəmiyyət daşıyır. Bu görüşdə üç qardaş dövlətin əməkdaşlığı tarixində yeni bir səhifə açıldı, yeni, perspektivli, sülhə və tərəfdaşlığa yönəlmiş əməkdaşlıq formatı yaradıldı.
Görüşdə bu ilin iyul ayında Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun Bakıya, həm də Qarabağ bölgəsinə səfərini, həmçinin bu səfər çərçivəsində bir çox məsələləri müzakirə edildiyini xatırladan dövlətimizin başçısı bu ölkə ilə mövqelərimizin üst-üstə düşdüyünü bir daha diqqətə çatdırıb: “Füzulidə olarkən Qurbanqulu Məlikquliyeviç burada Türkmənistanın hədiyyəsi olan məscidin tikintisi ilə bağlı təklif irəli sürdü. Mən də bu təklifi minnətdarlıqla qəbul etdim. Cəmi bir ay keçməsinə baxmayaraq, artıq məscidin memarlıq təsviri hazırdır və yaxın gələcəkdə təməli də qoyulacaqdır. Bu, türkmən xalqının, Türkmənistan Liderinin Azərbaycan xalqına, Azərbaycana olan dəstəyinin nümunəsidir, bizim qardaşlığımızın təcəssümüdür”.
Dövlətimizin başçısı, həmçinin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin də ünvanına səmimi sözlər söyləyib: “Biz bu yaxınlarda qardaşım Şavkat Miromonoviçi də eyni qardaşlıq hissləri ilə qəbul etmişik. Xankəndidə ECO Zirvə görüşündə bərabər idik. Xankəndidə olarkən Şavkat Miromonoviçin təşəbbüsü ilə yaradılmış böyük tikiş fabrikinin fəaliyyəti ilə tanış olduq. Hazırda orada iki yüzdən çox insan çalışır. Onların mütləq əksəriyyəti qadınlardır və bu fabrikin genişləndirilməsi nəticəsində orada işləyənlərin sayı bir neçə dəfə artacaq. Bu, Azərbaycana, dirçələn Qarabağ bölgəsinə qardaş özbək xalqından çox böyük hədiyyədir”.
Nəticə etibarı ilə, Azərbaycan-Türkmənistan-Özbəkistan üçtərəfli əməkdaşlıq platforması ortaq dəyərlərə, qarşılıqlı etimada və strateji maraqlara əsaslanır. Bu format yalnız regional iqtisadi inkişafı və enerji təhlükəsizliyini deyil, həm də sabitlik və humanitar inteqrasiyanı təmin edir. Müasir müstəqil Azərbaycan isə qazandığı tarixi Zəfərin gücünə, iqtisadi potensialına və məqsədyönlü siyasətinə arxalanaraq bütün hədəflərinə doğru inamla irəliləyir. Üçtərəfli əməkdaşlıq da məhz bu siyasətin məntiqi nəticəsi olaraq regionun gələcək inkişafına mühüm töhfə verir.
Siyavuş Novruzov,
Milli Məclisin Regional məsələlər komitəsinin sədri