27 avqust 2025 12:12
141

Azərbaycan qlobal proseslərdə fəal və prinsipial mövqe tutur

Prezident İlham Əliyevin Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibəsində Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyini aydın şəkildə nümayiş etdirməklə yanaşı, ölkəmizin qətiyyətli və prinsipial yanaşmasını da beynəlxalq ictimaiyyətin diqqətinə bir daha çatdırdı. Prezident müsahibəsində Azərbaycanın regionda davamlı sülhə nail olunmasında maraqlı tərəf olduğunu bəyan etməklə vacib mesajlar verdi. O, gələcəkdə Cənubi Qafqazın real iqtisadi və siyasi mənzərəsini açıq şəkildə təhlil edərək özünəməxsus liderlik və natiqlik məharəti nümayiş etdirdi.

“İki sahil” xəbər verir ki,  Bu fikirləri YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Rəşad Mahmudov səsləndirib.

Millət vəkili bildirib ki, Prezident Vaşinqtonda keçirilən tarixi görüşə toxunaraq vurğuladı ki, bu görüş bölgədə uzun müddətdir davam edən qarşıdurma və gərginliyin sona çatdığını göstərir. O, danışıqların ABŞ Prezidenti Donald Tramp və onun komandası tərəfindən göstərilən ciddi siyasi iradə və dəstək nəticəsində başa çatdığını xüsusi qeyd etdi. Dövlət başçısı sülh sazişinin hələ də imzalanmamasının əsas səbəblərindən biri kimi Ermənistan konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan müddəanın qüvvədə qalmasını göstərdi. Prezident həmçinin Ermənistanın konstitusiyasına dəyişikliklərin zəruri olduğunu bildirərək bu prosesə hər hansı bir müdaxilənin olmayacağına ümid etdiyini ifadə etdi.

Dövlət başçısı mühüm bir məqama toxunaraq Vaşinqtonda imzalanan sənədin əhəmiyyətini vurğuladı, bildirdi ki, bu razılaşma hər iki tərəfin bir-birinin ərazi bütövlüyünü tanımasını nəzərdə tutur və gələcək münasibətlərin beynəlxalq hüququn bu fundamental prinsipinə əsaslanaraq qurulacağını göstərir. Prezident əlavə etdi ki, əgər qarşı tərəf Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan imtina edərsə, Azərbaycan da eyni yanaşmanı tətbiq edəcək və onların ərazi bütövlüyünü tanımayacaq.

Prezident 1992-ci ildə yaradılmış və artıq funksionallığını tamamilə itirmiş Minsk qrupunun hüquqi baxımdan mövcudluğunun absurdluluğunu önə çəkdi. Dövlət başçısı vurğuladı ki, bu qurumu hər vəchlə saxlamaq cəhdləri bəzi dairələrin Qarabağla bağlı hələ də ərazi iddialarını qoruyub saxladıqları təəssüratını yaradır və bu yanaşma tamamilə qəbuledilməzdir. Dövlət başçısı  (TRIPP) “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” layihəsinə də toxunaraq ABŞ Prezidenti Donald Trampın Zəngəzur dəhlizinə öz adını verməsindən sonra bu təşəbbüsün yaxın gələcəkdə reallığa çevriləcəyinə inandığını bildirdi. Bu layihənin əsas texniki komponentlərindən biri olan dəmir yolunun tikintisi uzun vaxt tələb etməməlidir, çünki məsafə cəmi 42 kilometrdir. Prezident qeyd etdi ki, əgər bu infrastrukturun qurulması Azərbaycana həvalə olunsa, işlər maksimum bir il ərzində tamamlanar. Ermənistan üçün isə bu müddət daha uzun ola bilər, çünki Azərbaycan dəmir yolu tikintisi sahəsində daha geniş təcrübəyə və yüksək texniki potensiala malikdir.

Dövlət başçısı müsahibədə ötən il mülki təyyarəmizin Rusiya tərəfindən vurulmasının və bu hadisəyə rəsmi Moskvanın reaksiyasının ölkəmizdə böyük məyusluq doğurduğunu önə çəkdi. Prezident İlham Əliyev xatırlatdı ki, 2020-ci ilin 9 noyabrında Azərbaycan təsadüfən Rusiya helikopterini vurduqda dərhal üzr istəmiş, təzminat ödəmiş və məsul şəxsləri cəzalandırmışdı. Lakin bu dəfə Rusiya tərəfindən oxşar addımların atıldığını görmədik. Bu, ikitərəfli münasibətlər baxımından ciddi məsələdir. Azərbaycan konstruktiv və hüquqi mövqe sərgiləyir, lakin heç vaxt təcavüz və ya hörmətsizliyə dözməyəcək.

Dövlətimizin başçısı Yaxın Şərqdə baş verən proseslərə toxunaraq bildirdi ki, İsrail və Suriya arasında münasibətlərin normallaşması üçün real imkanlar mövcuddur. Azərbaycan uzun illər Suriya ilə diplomatik əlaqələri dayandırmışdı, lakin yeni hökumət iş başına gəldikdən sonra münasibətlər bərpa olunub. Ölkəmiz Suriyaya humanitar yardım göstərib və təbii qaz təchizatı ilə bağlı Türkiyə, Qətər və Suriya ilə dördtərəfli razılaşma imzalanıb. İsrail və Suriya rəsmiləri arasında danışıqlar isə məhz Azərbaycanın vasitəçiliyi ilə baş tutub. Prezident növbəti dəfə bəyan etdi ki, Azərbaycanın məqsədi bölgədə sülhə və sabitliyə töhfə verməkdir. Əgər bu prosesə az da olsa dəstək verə bilmişiksə, bunu məmnunluqla qarşılayırıq. Nəhayət, müxbirin sünni və şiə icmaları arasında münasibətlərin yaxşılaşdırılması ilə bağlı sualına cavab olaraq Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan bu sahədə nümunəvi ölkədir. Şiə və sünnilər burada birgə, eyni məsciddə ibadət edir və təriqət ayrı-seçkiliyi yoxdur. Prezident vurğuladı ki, müsəlman dünyasına ən böyük ziyan təriqətçilikdən gəlir və Azərbaycan bu cür bölücülüyə qarşı qəti mövqe sərgiləyir.

Deputat son olaraq qeyd edib ki, Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibədə ciddi mesajlar verərək Azərbaycanın mövqeyini açıq şəkildə ortaya qoydu. Bu bir daha göstərdi ki, Azərbaycan təkcə regional deyil, həm də qlobal proseslərdə fəal və prinsipial mövqe tutur. Şübhəsiz ki, bütün bunlar Prezident İlham Əliyevin qətiyyətli liderliyi və siyasətinin nəticəsidir.