27 avqust 2025 15:52
140

Peskov: Putin-Tramp danışıqlarında kompromislər bağlı qapılar arxasında müzakirə edilməlidir

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Vladimir Putinlə Ağ Evin rəhbəri Donald Tramp arasında danışıqlar zamanı müzakirə edilən mümkün kompromislərin təfərrüatları ictimaiyyətə açıqlanmamalıdır.

“İki sahil” xəbər verir ki, o, Alyaskada baş tutan söhbətin “çox mənalı, faydalı və zəruri” olduğunu qeyd edib. Danışıqlar zamanı Ukrayna nizamlanması məsələlərinə toxunulub. D.Peskov qeyd edib ki, proses qeyri-ictimai formatda aparılmalıdır, çünki bu, nəticə əldə etməyin yeganə yoludur.

Onun sözlərinə görə, Rusiya və Ukraynanın danışıqlar qruplarının rəhbərləri təmasdadır, lakin müzakirələrin yeni raundunun dəqiq tarixləri hələ müəyyən edilməyib. Kreml vurğulayır ki, yüksək və ya ali səviyyədə istənilən təmasın məhsuldar olması üçün görüş yaxşı hazırlanmalıdır.

Kremlin nümayəndəsi bildirib ki, Rusiya tərəfi münaqişənin sülh yolu ilə, siyasi və diplomatik vasitələrlə həllinə sadiqdir və Ukraynanın qarşılıqlı münasibətinə ümid edir. Moskvada ABŞ Prezidenti Donald Tramp və onun administrasiyasının vasitəçilik səyləri yüksək qiymətləndirilib və onların davam etməsinə ümid ifadə olunub.