27 avqust 2025 16:00
129

Çində 39 yaşlı kişiyə donuzun ağciyəri köçürülüb və...

Çinli elm adamları beyin ölümü vəziyyətində olan 39 yaşlı kişiyə geni dəyişdirilmiş donuzdan ağciyər köçürülməsi həyata keçiriblər. Təcrübə orqanın həyat qabiliyyətini təsdiqləyib, lakin ciddi ağırlaşma risklərini də ortaya qoyub.

“İki sahil” xəbər verir ki, bu barədə “Nature Medicine” jurnalı məlumat yayıb.

Bildirilir ki, dünyada ilk dəfə geni dəyişdirilmiş donuzdan insana ağciyər köçürülüb. Donor orqan qanaxmadan sonra beyin ölümü yaşayan 39 yaşlı kişiyə köçürülüb.

Ağciyər 216 saatlıq müşahidə zamanı funksional olaraq qalıb, hiperkəskin rədd edilmə və ya infeksiya əlamətləri olmayıb. Lakin, cəmi 24 saatdan sonra xəstədə ilkin disfunksiyaya bənzər şiddətli ödəm əmələ gəlib. Antikor vasitəçiliyi ilə rədd edilmə əlamətləri 3 və 6-cı günlərdə ortaya çıxıb və 9-cu gündə qismən sabitləşib.

Xəstəyə kombinasiyalı immunosupressiya, o cümlədən anti-timosit qlobulin, rituksimab, takrolimus və digər dərmanlar verilib, dozalar immun reaksiyadan asılı olaraq tənzimlənib. Əldə edilən nəticəyə baxmayaraq, tədqiqatçılar infeksiya riski və uzun müddətli orqan sağ qalma riski ilə bağlı ciddi problemlərin qaldığını vurğulayıblar.