03 noyabr 2016 14:55
616

Dünyanın ikili siyasəti ədalət meyarını “mövsümiləşdirir”

Bu gün böyük inam və qətiyyətlə qeyd edirik ki, Azərbaycanın demokratiya təcrübəsi təqdir olunur və nümunə göstərilir. Əsas budur ki, reallığı olduğu kimi qəbul edib, düzgün dəyərləndirmə aparmağı bacaraq. Bugünümüzə obyektiv yanaşma daim təhlillər aparmağı bir zərurətə çevirir. Bu uğurlar fonunda dağıdıcı ünsürlərin istinad etdiyi beynəlxalq təşkilatların hesabatlarının qərəzliliyi daha aydın nəzərə çarpır. Dövlətimizin başçısı İlham Əliyev daim çıxışlarında bildirir ki, bu hücumların səbəbləri heç də insan hüquqları, demokratiya, xüsusən də geopolitik məsələlərlə bağlı deyil. Bu iddialar Azərbaycanı sevməyən, onu gözdən salmağa çalışan maraqlı qüvvələr tərəfindən təşkil olunur. Cənab İlham Əliyevin Avropa Şurası Parlament Assambleyasının sessiyasında “Amnesty İnternational” təşkilatının guya ölkəmizdə 19 siyasi məhbusun olması ilə bağlı məlumatına əsasən verilən suala cavabını xatırlayaq: “Azərbaycanda siyasi məhbus yoxdur və sizin qeyd etdiklərinizin hamısı yanlış informasiya əsasındadır, ya da sizin Azərbaycana qarşı qərəzli mövqeyinizdən irəli gəlir. Əfsuslar olsun ki, Azərbaycan məqsədyönlü təxribatlara məruz qalıb. Biz bunların mənbəyini və səbəbini bilirik. Bunun insan haqları və demokratiya ilə heç bir əlaqəsi yoxdur. Bu, geosiyasi məsələdir. Çox güman ki, sizin kağız üzərindən oxuduğunuz sualı sizə Azərbaycana hücum etmək marağı olan tərəflər veriblər.”

“Human Rights Watch”, “Amnesty International”, “Freedom House” kimi təşkilatların mütəmadi olaraq ölkəmizə qarşı qərəzli mövqeyi ortaya qoyan hesabatlarla çıxış etməsi, daxili bədxahlarımızın isə bunları özləri üçün “istinad mənbəyi” qəbul etmələri heç zaman diqqətdən yayınmır. Bu baxımdan ki, işbirliyindən qaynaqlanan bu dəstəklər “mövsümi” xarakter daşıyır. Yəni beynəlxalq əhəmiyyətli tədbirlər, yaxud seçkilər olmadığı ərəfələrdə özlərinə “istirahət elan edən” bu ünsürlər mühüm hadisələr zamanı bütün “fəaliyyətlərini” Azərbaycan reallıqlarını inkar etməyə yönəldirlər. Onların açıqlamalarına, eyni zamanda demokratiyaya verdikləri “dəstəyə” diqqət yetirdikdə ağı qaradan necə seçdiklərini görür, marağın həqiqəti arxa plana keçirdiyi özünü qabarıq şəkildə büruzə verir. Dünya nə zamanadək ikili siyasətdən yaxa qurtara bilməyib, “mövsümi” təbliğatlar davamlı, bu və ya digər dövlətin, təşkilatın mövqeyinə inamsızlıq qaçılmaz olacaq. Dövlətimizin başçısı İlham Əliyevin Mətbuat Şurasının yeni binasının açılışında çıxış zamanı səsləndirdiyi fikirləri bir daha yada salmaq istərdik: “Ədalət ən böyük meyardır: Əlbəttə ki, Azərbaycan cəmiyyətində problemlər var. Biz bu problemləri bilirik. Ancaq hər bir ölkəyə vahid meyarlarla yanaşılmalıdır. Azərbaycanın yerləşdiyi bölgədə, qonşuluqda yerləşən ölkələrdə problemlər bizim problemlərdən az deyil. Bəzi hallarda o məsələlərə göz yumulur, yaxud da ki, yanlış məlumat təqdim olunur. Azərbaycanda isə xırda məsələ ilə bağlı böyük hay-küy salınır. Sanki kimsə istəyir ki, Azərbaycanın reputasiyasına zərbə vursun.”

İşğalçı Ermənistanda 2008 və 2013-cü illər prezident seçkiləri zamanı baş verən olayları xatırlatmaq kifayətdir ki, dünyanın ədalət meyarına hansı şəkildə yanaşdığını diqqətə çatdıraq. Məlum olduğu kimi, işğalçı ölkədə həmin ərəfələrdə onlarla insan öldürülmüş, yüzlərlə insan həbs olunmuş, prezidentliyə namizəd ev dustağı olmuş, deputatlar, media nümayəndələri həbs edilmişdir. Amma dünya mətbuatı bu reallıqların üstündən elə sürətlə keçdi ki, sanki yaşananlar demokratiyanın tələblərinə tam şəkildə “cavab verib”. Dünya dövlətləri belə ikili yanaşmaların yaratdığı problemlərdən xəbərdar olaraq, yenə də eyni addımı atmaqda davam edirlərsə, bu artıq hüquq probleminin nəinki mövcudluğunu, son həddə çatdığını ortaya qoyur.

Ölkəmizdə müqayisəolunmaz dərəcədə xırda bir məsələ baş verəndə, bunun dərhal beynəlxalq media orqanlarına çıxarıldığını bildirən dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bəzi qüvvələr Azərbaycanı antidemokratik ölkə kimi təqdim etmək üçün ciddi cəhdlər göstərirlər: “Bu bizə qarşı aparılan məqsədyönlü və ədalətsiz mübarizədir. Biz bu mübarizəyə hazırıq və bu mübarizəyə qarşı ancaq öz siyasətimizi, sözün yaxşı mənasında, inadkarlığımızı qoymalıyıq və qoyuruq ki, Azərbaycanın maraqlarını müdafiə edək.” Bu fakt inkaredilməzdir ki, ölkəmizə qarşı qərəzli mövqedə dayanıb, əsassız fikirlər səsləndirən konqresmenlər, senatorlar, deputatlar, islamofob siyasətçilər ermənilərin və erməni diasporunun pulları ilə özlərinə həyat quranlardır. Bu həyatın “zənginliyini” qorumağa xidmət edən qərəzli yanaşmalara ədalətin gözü ilə baxanda onda görürsən ki, illərdir “demokratiyanın beşiyi” kimi qəbul olunan, fürsət düşdükcə nümunə göstərilən dövlətlərin özü beynəlxalq hüquq təşkilatlarının hesabatlarında qeyri-demokratik ölkə kimi yer tutmalıdırlar. Bu gün ABŞ-da keçiriləcək prezident seçkiləri ərəfəsində yaşananlara diqqət yetirmək kifayətdir. Keçirilən debatlar, mitinqlər bu ölkədə demokratik dəyərlərin hansı səviyyədə qorunduğuna işıq salır. Seçki saxtakarlığına xidmət edən addımlar dünya mətbuatında da geniş müzakirə olunmaqdadır. Əbəs yerə deyilmir ki, zaman hadisələrə düzgün dəyər vermək üçün ən vacib amildir. Dünyaya “demokratiya dərsi” keçən bir ölkə bu gün özü bu dərsdən “bəhrələnmək” məcburiyyətindədir. Ataların bu deyimini yada salmaq məcburiyyətindəyik- döymə taxta qapımı, döyərlər dəmir qapını. Eyni zamanda, özünə rəva bilmədiyini başqasına bilmə.

Dünyanın ikili siyasəti fonunda arxiv dövrünü yaşayan beynəlxalq hüququn norma və prinsiplərinin icra mexanizminin müəyyənləşdirilməsinin, həmçinin demokratik dəyərlərə vahid yanaşmanın zamanı çoxdan çatıb.

Bütün bunları ümumiləşdirilmiş şəkildə desək, daxili və xarici antiazərbaycan qüvvələrin apardığı qərəzli təbliğata cavab Azərbaycanın bugünkü reallıqlarıdır. Reallıq isə budur ki, Azərbaycan inkişaf yolunda inamla irəliləyir, demokratik islahatlar sahəsində qazandığı uğurlar təqdir olunur, inkişaf konsepsiyası davamlı tərəqqi üçün yol xəritəsi kimi dəyərləndirilir. Dövlətimizin başçısının vurğuladığı kimi, heç bir kənar qüvvə Azərbaycan xalqının iradəsinə təsir etmək imkanında deyil.

Yeganə Əliyeva, “İki sahil”