Bakı Ali Neft Məktəbinin Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının lll kurs tələbəsi Aysel Rəhimli, eləcə də Biznesin idarə edilməsi ixtisasının lll kurs tələbələri Çingiz Məmmədov və Qüdrət Abbaslı nüfuzlu JACAFA Fondunun Avrasiya Təqaüd Proqramının 2025–2027-ci illəri üzrə qalibi olublar.
“İki sahil” xəbər verir ki, keçən il sözügedən təqaüdün qalibi olmuş BANM-ın Biznesin idarə edilməsi ixtisasının IV kurs tələbəsi İlahə Hacıyeva bu il tələbələrimizə mentorluq edib.
Bu il Azərbaycandan cəmi 5, Avrasiya regionundan isə 38 nəfər tələbə proqram üzrə seçilib.
Qaliblər JACAFA Fondunun təşkil etdiyi müxtəlif inkişaf proqramlarında iştirak etmək, Yaponiyaya səyahət etmək və beynəlxalq təcrübə qazanmaq imkanı əldə edəcəklər. Startap layihələri olan tələbələr isə böyük həcmdə investisiya qazanmaq şansına malik olacaqlar.
JACAFA Foundation — The Nippon Foundation tərəfindən tam maliyyələşdirilən və Avrasiya ölkələrinin istedadlı gənclərini dəstəkləyən nüfuzlu təqaüd proqramıdır. Proqram, yalnız yüksək akademik göstəricilərə, yaxşı ingilis dili biliklərinə və gələcək peşəkar inkişaf istiqamətində aydın vizyona sahib tələbələr üçün nəzərdə tutulur.