Cənab İlham Əliyev müsahibədə bir daha diqqəti Vaşinqtonda əldə olunan tarixi sülh razılaşmasına yönəldərək bildirdi ki, avqustun 8-də ABŞ-da baş verən hadisələr, əslində, qarşıdurmanın və gərginliyin sonu deməkdir. Azərbaycan və Ermənistanın Ağ Evdə Prezident Trampın iştirakı ilə bu sənədi paraflaması müharibənin başa çatdığını göstərir. Bu, mərhələlərlə 30 ildən artıq davam edən müharibənin sonudur və həm Cənubi Qafqaz regionu, həm də daha geniş mənada Mərkəzi Asiya və Yaxın Şərq üçün tamamilə yeni imkanlar açır.
Cənab İlham Əliyevin elə bir çıxışı, müsahibəsi yoxdur ki, 30 illik işğal dövrünün reallıqları diqqətə çatdırılmasın. Ermənistanın əsassız torpaq iddiası artıq tarixə qovuşan Qarabağ münaqişəsinin yaranmasına, bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsinə səbəb olmuşdu.
Prezident İlham Əliyev müsahibədə Vaşinqtonda əldə olunan digər tarixi razılaşmadan - Zəngəzur dəhlizinin açılmasına xüsusi diqqət göstərdi. Dövlət başçısı İlham Əliyev bildirdi ki, Prezident Donald Tramp və onun komandası sülh prosesinə cəlb olunduqda, vasitəçilik etmək istəyəndə biz onlara belə mesaj verdik: Zəngəzur dəhlizi fəaliyyətə başlamalı və təhlükəsiz olmalıdır. Yəni, Azərbaycan vətəndaşları bu 40 kilometrdən çox məsafəni təhlükəsiz keçə bilməlidirlər, güclü təhlükəsizlik zəmanətləri olmalıdır. Beynəlxalq təhlükəsizlik zəmanətləri təmin edilməlidir. Yalnız Ermənistanın verdiyi zəmanətlər kifayət deyil. Tramp administrasiyası bu qanuni narahatlığı doğru şəkildə qəbul etdi və bunun nəticəsində TRIPP ("Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu") meydana gəldi. Cənab İlham Əliyev bu layihənin çox yaxın zamanda reallaşacağına əminliyini ifadə etdi. O da vurğulandı ki, dəmir yolunun tikintisi uzun vaxt tələb etməməlidir, çünki məsafə cəmi 42 kilometrdir. Əgər biz tikməli olsaq, bir il ərzində tamamlayardıq. Ermənistan üçün isə bəlkə də daha bir neçə il lazım olacaq, çünki dəmir yolu tikintisi sahəsində bizim təcrübəmiz daha çoxdur”.
Dövlət başçısının sözügedən müsahibəsində Azərbaycanın xarici siyasət uğurları, əlaqələrin inkişafında əsas faktorlardan biri olan enerji sektorunda qazandığı nailiyyətlər, tolerant, multikultural dəyərlərin inkişafına davamlı töhfələr verən ölkə olaraq müxtəlif dinləri, mədəniyyətləri bir araya gətirməsi, türk dünyasının birliyinə çağırışlarını atdığı addımları ilə təsdiq etməsi geniş şərh edilir.
Prezident İlham Əliyev sözügedən müsahibəsi ilə bir daha Azərbaycanın Cənubi Qafqazda aparıcı lider dövlət, dünya siyasətində söz sahibi kimi qətiyyətli mövqeyini, strateji hədəflərini açıqladı. Tarixi Zəfərimizdən və suverenliyimizin tam bərpasından sonra Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolu göz qabağındadır. Yeni dünya nizamının formalaşdığı hazırkı dövrdə Azərbaycanın ədalətə və beynəlxalq hüquqa əsaslanan mövqeyinə böyük önəm verilir.
Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” televiziya kanalına dövlət başçımızın müsahibəsi regiondakı proseslərlə bağlı əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında böyük əhəmiyyət kəsb etməklə yanaşı, ölkəmizin qlobal informasiya məkanında mövqeyinin gücləndirilməsinə xidmət edir.
Füzuli Abdullayev,
YAP Ağsu rayon təşkilatının sədri