Bir neçə gün öncə ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsindəki hesabında yazıb ki, “Soros Fondu”nun təsisçisi, Açıq Cəmiyyət İnstitutunun rəhbəri Corc Soros və onun radikal solçu oğlu Amerika Birləşmiş Ştatlarının (ABŞ) hər yerində zorakılıq etirazlarını dəstəklədiklərinə və bir çox əməllərinə görə RICO qanunu (Korrupsiyalaşmış və reketlərin təsirinə məruz qalmış təşkilatlar haqqında qanun) ilə məsuliyyətə cəlb edilməlidir. Prezident hesab edir ki, Soros oğlu və dostları ilə birlikdə ABŞ-a ciddi ziyan vururlar. Tramp bildirib ki, onların Amerikanı parçalamasına daha imkan verməyəcək: “Onlara heç vaxt bu qədər sərbəstlik və azadlıq verməyəcəyik. Soros və onun psixopatlar qrupunun ölkəmizə böyük ziyan vurduğunu bilirik”.
Xatırladaq ki, ötən ilin may ayında “Twitter” kompaniyasının rəhbəri İlon Mask da sosial şəbəkədə bildirmişdi ki, amerikalı maliyyəçi Corc Soros fondu heç də xoş niyyətlə yaradılmayıb: "O, sivilizasiyanın hüceyrələrini məhv etmək istəyir. Soros bəşəriyyətə nifrət edir".
Yeri gəlmişkən, Soros dünya siyasətində çirkin oyunları, bir sıra dövlətlərin hakimiyyətlərinə qarşı məkrli planları ilə tanınır. Buna 2003-cü ildə Gürcüstandakı "Qızılgül İnqilabı"nı, 2004-cü ildə Ukraynadakı "Narıncı İnqilab"ı, 2005-ci ildə İraqdakı "Bənövşəyi inqilab"ı, həmin il Qırğızıstandakı "Zanbaq inqilabı"nı, 2010-ci ildə Yaxın Şərqdəki "Yasəmən inqilabı"nı, həmçinin 2018-ci ildə Ermənistandakı "Məxməri inqilab"ı misal göstərmək olar. Corc Soros Türkiyədə 2013-cü ildə keçirilmiş və "Gəzi hərəkatı" adı ilə məşhur olan etiraz aksiyalarını da maliyyələşdirib. Nəticədə həmin ölkələr dövlət çevrilişlərinə, vətəndaş müharibələrinə məruz qalıblar. Bəli, Soros fondları müxtəlif ölkələrdə demokratiya, insan haqları və açıq cəmiyyət prinsipləri adı altında dövlətlərin daxili işlərinə qarışır və bununla da özünə müti olan şəxslərin hakimiyyətlərə inteqrasiyasına çalışır.
Azərbaycanda da Sorosun rəhbərlik etdiyi “Soros fondu” "inqilabçılar"ın yetişdirilməsi ilə məşğul olub. Hətta bu məqsədələ 2002-2014-cü illər arasında müxalifətyönümlü QHT-lərə 25 milyon dollardan çox pul ayrılıb. Eyni zamanda, bu fond Qərb media orqanlarında Azərbaycana qarşı çirkin kampaniya aparılb. Amma o, çirkin niyyətinə nail ola bilməyib. Çünki ölkəmizdə onların məkrli niyyətlərinin üstü vaxtında açılıb və ifşa olunublar. Xatırladaq ki, ölkəmizdə "Soros" fondu 2011-ci ildə bağlanıb.
Bayden Administrasiyasının əsas aparıcı qüvvələrindən biri olan bu qurum Azərbaycan-Amerika münasibətlərinə də təsir göstərib. Bununla əlaqədər Prezident İlham Əliyev bu il yanvarın 7-də yerli televiziya kanallarına müsahibə verərkən demişdir:”Bayden administrasiyası, əslində, Soros idarə üsulu ilə idarə olunurdu. Təsadüfi deyil ki, Baydenin son qərarlarından biri Sorosu Amerikanın ən yüksək mükafatı ilə təltif etməsi idi”. Dövlətimizin başçısı, həmçinin bildirmişdi ki, bu, Soros iqtidarı idi, həm Bayden dönəmində, həm Trampa qədər olan səkkiz il ərzində və məhz buna görə bizim münasibətlərimizdə heç bir irəliləyiş olmamışdır. Bütün bunlar isə o deməkdir ki, hər zaman demokratları dəstəkləyən Soros, onun maliyyələşdirdiyi fəallar və təşkilatlar ABŞ siyasətində çirkin oyunlar qururlar. Hətta Corc Sorosun dəstəklədiyi bir neçə solçu təşkilat Tramp əleyhinə nümayişlərə 20 milyon dollardan çox ianə edib. O, Senatda büdcə ilə bağlı qanunun qəbuluna da təsir göstərmək istəyib. Bununla da "iş adamı" Donald Trampın siyasi kursuna mane olmaq niyyətini ortaya qoyur. Qeyd etmək yerinə düşər ki, Tramp Sorosla yanaşı, onun oğlunu da hədəf alıb. Aleks Sorosun ölkə siyasətində təsiri getdikcə güclənir. ABŞ-ın bəzi ştatlarında Tramp administrasiyasına qarşı kütləvi etiraz aksiyaları tədricən intensivləşməkdədir. Bu prosesdə Sorosun da adı hallanmaqdadır. Odur ki, Ağ Ev etiraz dalğasını nəzarətdə saxlamaq üçün ABŞ Milli Qvardiyasının qüvvələrindən də istifadə etmək məcburiyyətində qalıb. Yəni Sorosun Açıq Cəmiyyət Fondu da USAID kimi ABŞ-nin xarici siyasət prioritetlərinə zidd siyasət yürütməkdədir. Bu mənada Ağ Ev rəhbərinin onlara qarşı hərəkətə keçməsi başa düşüləndir. Xatırladaq ki, USAID-in fəaliyyətinə rəsmi xitam verilməsi ABŞ-ın qlobal siyasətində mühüm dönüş nöqtəsi sayılır. Yeri gəlmişkən, Donald Tramp hökuməti korrupsiyaya uğramış USAID-in iyulun 1-də xarici yardım proqramlarını rəsmən dayandırıb, onların idarəsi Dövlət Departamentinə verilib. ABŞ dövlət katibi Marko Rubio bunu “qlobal tərəfdaşlıq, sülh, investisiya və rifahın yeni dövrünün başlanğıcı” adlandırıb.
Deyəsən, indi də növbə biznes maqnatı Corc Soros tərəfindən yaradılan “Soros fondu”nundur. Yeri gəlmişkən, elə bu kimi səbəblərdən Rusiya, Çin, Venesuela, Gürcüstan və digər ölkələr USAID-in fəaliyyətini “casusluq” və “xarici təsir” vasitəsi adlandıraraq, fəaliyyətinə qadağa qoyublar. Rəsmi Bakı USAID-in yerli ofisini 2024-cü ilin yayında qapadıb.
Qvami Məhəbbətoğlu, “İki sahil”