03 sentyabr 2025 01:58
180

Duqinin yuxusu…

İşğalçılıq bunlarda qızılca xəstəliyi kimidir, bəziləri onu ömrünün əvvəlində, bəziləri sonunda, bəziləri isə qəbirdə çıxarır.

“Mən Allahı ənənəvi rus geyimində gördüm. Biz söhbət etdik. O mənə dedi ki, Rusiya daha on yeddi il müharibə edəcək, sonra hər şey yaxşı olacaq, sıxıntılar yoxa çıxacaq, Rusiya çiçəklənəcəkdir.” Bu, bir yuxudur.

Bu yuxunu görən altmış iki yaşlı Aleksandr Duqin Kremlin ideoloqlarından biri, Vladimir Putinin “düşünən beyni” kimi tanınır. Fəlsəfə üzrə alim özünü “mühafizəkar inqilabçı”, “geopolitik nəzəriyyəçi” adlandırır və “Avrasiyaçılıq” ideyasının əsas ideoloqlarından biri sayır. Bu adam yaşına-başına uyğun gəlməyən fikirlər söyləməklə özünü gözdən salır. Bununla o, keçən əsrin əvvəllərində çar ailəsinin sevimlisi olan Qriqori Rasputini xatırladır. O da erməni ideoloqları kimi xəyalpərvərlikdən o yana keçə bilmir. Onlar da az qala İsa peyğəmbərin erməni olduğunu sübut etməyə çalışırlar.

Axmaq ideyaları onları lağ və gülüş yerinə çevirib, özlərinin nə danışdıqlarını belə bilmirlər. Duqin isə az qala deyir ki, Allah milliyyiətcə rusdur. Əcaibdir, deyilmi? Hələlik bu bir yana qalsın.

Duqin “Allahla söhbətində” ona işarə vurur ki, on yeddi ildən sonra SSRİ və ya ona bənzər yeni bir imperiya yaradacaq və xoşbəxt olacaqlar. Yəni utopiyadan başqa bir şey deyil. Ciddi söhbət olsaydı, Putinin başının üstündən Duqinə niyə deyilirdi ki? Ömür o qədər qısalıb ki, on yeddi ildən sonra Duqinin 80, Putinin 90 yaşı olacaq. Onların xoşbəxtliyi o yaşda görmələrinə ümid yox kimidir. Ancaq Duqinin yuxusunun ”kadr”larının birində qanlı dişləri açıq görünür. Şovinist və imperiya lakeyi saç-saqqalından utanmayaraq xalqların qanını axıtmaq üçün daha on yeddi il lazım olduğunu bildirir. Guya indiyədək az qan axıdıblar? Görəsən, bunlar nə vaxt normal insan kimi düşünəcək və yuxu görəcəklər? İşğalçılıq bunlarda qızılca xəstəliyi kimidir. Bəziləri ömrünün əvvəlində, bəziləri sonunda, qalanları isə qəbirdə çıxarır.

Duqin Rusiya ictimai-siyasi mühitində ən radikal fikir sahiblərindən biridir. O, Qərbə qarşı kəskin mövqeyi, Rusiyanı “Avrasiya imperiyası” kimi təqdim etməsi ilə məşhurdur. Onun baxışları həm mühafizəkar, neonasist, həm də millətçi ideologiyaları birləşdirir.

Duqin hesab edir ki, Rusiya nə tam Avropa, nə də Asiyadır, özünəməxsus “Avrasiya sivilizasiyasıdır”. O, Qərbin liberal dəyərlərinə qarşı çıxaraq, Rusiyanın Avrasiya məkanında siyasi-ideoloji hegemonluğunu müdafiə edir.

Rusiya Prezidenti Vladimir Putinə yaxınlığı ilə tanınan rusiyalı siyasi analitik Aleksandr Duqin gündəmə dair əcaib açıqlamalar verib.  Belə ki, Suriya siyasətindən tutmuş, Türkiyədəki siyasi proseslərə qədər müxtəlif mövzularda danışan Duqin, “Ərdoğana qarşı böyük bir narazılıq var” ifadəsini işlədib. Amma unudur ki, 150 milyonluq Rusiyada əhalinin yarıdan çoxu Putinin qonşu xalqlarla dağıdıcı müharibələrindən bezib. Duqin bunu niyə demir? Ümumiyyətlə, bu adamın türk aləminə qarşı antisimpatiyası var, nə qədər gizlətsə də biruzə verir.

O, uydurduğu “Dördüncü siyasi nəzəriyyə” kitabında liberalizm, kommunizm və faşizmin iflasa uğradığını, yeni bir ideoloji model – “dördüncü yol” lazım olduğunu vurğulayıb. “Kəşf” etdiyi yolda isə milyonlarla insanın taleyi durur. Yəni bu Duqin qaniçən Adolf Hitlerdən heç nə ilə fərqlənmir.

Buna baxmayaraq, Duqinin ideyaları Kreml siyasətində ciddi yer alır. Xüsusən də Ukrayna məsələsində. O, “Novorossiya” konsepsiyasının ideya müəlliflərindən sayılır. “Filosof” Rusiyanın Krımı silah gücünə işğal etməsinə haqq qazandırır. Davranışlarından aydın görünür ki, Duqin prezident Putinin dilmancıdır. Sanki ikinci birincinin ağzına tüpürüb, ikincinin planlarını birinci qanuni don geyindirib ictimailəşdirməyə cəhd edir.

Qərbdə Duqini “Putinin beyni” və ya “Kreml ideoloqu” kimi təqdim edirlər. Onun ideologiyası bəzi analitiklər tərəfindən şovinist, neofaşist və imperialist adlandırılır. Çünki xalqların azadlığı, dövlətlərin müstəqilliyi onun saxta təlimi tərəfindən qəbul olunmur.

Aleksandr Duqin çıxışlarında və məqalələrində tez-tez müxtəlif proqnozlar verir. Onun üfunətli fəlsəfəsindən on doqquzuncu əsrin acı küləyi əsir. Belə görünür ki, diplomlu filosof alim bizim bisavad Şeyx Nəsrullahdan fərqli bir şey danışa bilmir. Bu da Şeyx Nəsrullah kimi uzaq və əlçatmaz gələcəkdən dəm vurur. Bilir ki, on yeddi ilə kim ölə, kim qala. Vallah, deyəsən bu da  şox yol bilən fırıldaqçı lotudur, hərdən Kreml sahibinin başını piyləyib yaxşı pul qazanır, firavan həyat keçirir.

Vəli İlyasov, “İki sahil”