Qlobal miqyasda geosiyasi dinamikanın sürətlə dəyişdiyi, yeni çağırışlar və təhdidlərin meydana çıxdığı bir zamanda beynəlxalq və regional təşkilatlarla əməkdaşlıq dövlətlərin xarici siyasət kursunda önəmli yer tutur. Bu kontekstdə, Avrasiya məkanında fəaliyyət göstərən və siyasi, iqtisadi, təhlükəsizlik sahələrində geniş əməkdaşlığı təşviq edən Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində əsas prioritetlərdən biri kimi diqqət çəkir. Azərbaycanın bu təşkilatla əməkdaşlığı həm regional sabitliyə töhfə verir, həm də ölkənin strateji və iqtisadi maraqlarına uyğun gəlir. Qeyd etmək lazımdır ki, 2001-ci ildə Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistan tərəfindən Şanxayda əsası qoyulan Şanxay Əməkdaşlıq Təşkilatı sonrakı illərdə daha da genişlənərək Pakistan, Hindistan, İran və Belarusun da tamhüquqlu üzv qismində qoşulması ilə daha güclü regional platformaya çevrilmişdir. Hazırda təşkilatın 2 müşahidəçi dövləti, Azərbaycan və Türkiyə də daxil olmaqla, 14 dialoq tərəfdaşı mövcuddur. Bundan əlavə, bir sıra ölkələr dialoq tərəfdaşı statusu almaq üçün müraciət etmişdir. ŞƏT-in üzv dövlətləri Avrasiya ərazisinin təxminən 60 faizini, dünya əhalisinin 40 faizini və qlobal ÜDM-in 25 faizini əhatə edir. Bu rəqəmlər təşkilatın beynəlxalq sistemdəki real çəkisini və təsir gücünü aydın şəkildə nümayiş etdirir. Müasir dövrdə geosiyasi ziddiyyətlərin kəskinləşdiyi, beynəlxalq münasibətlərdə qeyri-müəyyənliklərin artdığı bir şəraitdə, ŞƏT kimi çoxtərəfli əməkdaşlıq platformalarının rolu daha da aktuallaşır və bu təşkilat qlobal güc balansında mühüm aktora çevrilir. Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) əsas məqsədləri üzv dövlətlər arasında qarşılıqlı etimadın və mehriban qonşuluq münasibətlərinin möhkəmləndirilməsini, siyasət, iqtisadiyyat, elm, texnologiya, mədəniyyət, təhsil, enerji, nəqliyyat, turizm və ətraf mühitin mühafizəsi kimi sahələrdə səmərəli əməkdaşlığın inkişafını, regionda sülh və sabitliyin təmin olunmasını, eləcə də ədalətli beynəlxalq siyasi-iqtisadi nizamın qurulması üçün birgə təşəbbüslərin irəli sürülməsini hədəfləyir. Bu kontekstdə təşkilat daxilində, xüsusilə Çin Xalq Respublikasının rolu seçilir. Əhali sayına görə dünyanın birinci, iqtisadi güc baxımından isə ikinci ən böyük ölkəsi olan Çin, ŞƏT-də aparıcı mövqeyə malikdir. Onun geniş iqtisadi potensialı təşkilat çərçivəsində ticarət və investisiya əlaqələrinin inkişafında mühüm hərəkətverici qüvvə kimi çıxış edir. Bu reallığın təsdiqi olaraq, təkcə 2024-cü ildə Çin ilə ŞƏT-ə üzv ölkələr arasında ticarət dövriyyəsinin 2,7 faiz artaraq 512,4 milyard ABŞ dollarına çatması, Çinin təşkilatdakı lider rolunun bariz göstəricisidir.
Azərbaycan, beynəlxalq və regional təşkilatlarla əməkdaşlığa böyük önəm verən, fəal xarici siyasət aparan ölkə kimi, Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə əlaqələrini getdikcə genişləndirir. 2015-ci ilin iyulunda Ufada keçirilən Zirvə görüşündə ölkəmizə dialoq tərəfdaşı statusunun verilməsi bu münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərdi. 2016-cı ildə imzalanmış əməkdaşlıq memorandumu isə qarşılıqlı fəaliyyətin hüquqi əsaslarını daha da möhkəmləndirdi. Azərbaycan, ŞƏT-in müxtəlif tədbirlərində müntəzəm iştirak etməklə yanaşı, yüksək səviyyəli təmsilçiliyi ilə də önəmli rol oynayır. Prezident İlham Əliyevin 2022-ci ildə Səmərqənddə və 2024-cü ildə Astana sammitlərində iştirakı Azərbaycanın ŞƏT ilə münasibətlərə verdiyi yüksək önəmi göstərir. Çin Xalq Respublikasının Sədri Si Cinpinin Prezident İlham Əliyevi ŞƏT-in növbəti Tiencin Zirvə toplantısına dəvət etməsi isə bu əlaqələrin davamlı və yüksələn xətt üzrə inkişaf etdiyini təsdiqləyir.
Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatının iclas və forumlarında davamlı fəal iştirak edərək, təşkilatın qərarlarının müzakirəsi və həyata keçirilməsinə mühüm töhfələr verir. Ölkəmiz yalnız siyasi sahədə deyil, həmçinin iqtisadi və humanitar əməkdaşlıq üzrə də ŞƏT çərçivəsində müxtəlif birgə layihələrdə maraqlıdır. Eyni zamanda, Azərbaycan terrorizm, narkotiklərin qanunsuz dövriyyəsi və digər transsərhəd təhdidlərə qarşı mübarizə kimi beynəlxalq təhlükəsizlik məsələlərində təşkilatla sıx əməkdaşlıq edir. Cənub-Şimal və Qərb-Şərq nəqliyyat və enerji dəhlizlərinin kəsişdiyi strateji mövqedə yerləşən Azərbaycan, beynəlxalq layihələrdə iştirakı ilə regionun nəqliyyat və logistika xəritəsində önəmli rol oynayır. Bu səbəbdən ölkəmizin Şanxay Əməkdaşlıq Təşkilatında müşahidəçi statusunda təmsil olunması həm Azərbaycanın, həm də xüsusilə Çin Xalq Respublikasının maraqlarına uyğundur. Çin, Azərbaycanın suveren inkişaf modelini dəstəkləyir və bu əməkdaşlıq qarşılıqlı fayda yaradır. Bu fikirləri Çin Xalq Respublikasının Sədri Si Cinpin Çinin Tiencin şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı ifadə edib. Si Cinpin ölkəmizin suveren inkişaf modelini Çin tərəfindən dəstəklədiyini vurğulayıb və Çinin digər ölkələrin daxili işlərinə qarışmamaq prinsipinə sadiq olduğunu qeyd edib.
Azərbaycan beynəlxalq sülh, təhlükəsizlik və inkişafın təşviqi məqsədilə Çin tərəfindən irəli sürülən Qlobal İnkişaf, Qlobal Təhlükəsizlik və Qlobal Sivilizasiya təşəbbüslərini fəal şəkildə dəstəkləyib. Bu fikirləri Prezident İlham Əliyev Çinin Tiencin şəhərində “ŞƏT plyus” formatında keçirilən iclasda çıxışı zamanı səsləndirib. Dövlət başçısı həmçinin vurğulayıb ki, Çin Xalq Respublikası Sədrinin irəli sürdüyü Qlobal İdarəetmə Təşəbbüsü dövlətlərin suveren bərabərliyi, BMT Nizamnaməsi və beynəlxalq hüquqa hörmət prinsiplərinə əsaslanaraq beynəlxalq münasibətlərin inkişafına töhfə verən mühüm addımdır. Bu, Azərbaycanın "Bir kəmər, bir yol" təşəbbüsündəki strateji rolunu önə çıxarır və ölkəmizi Çin üçün Cənubi Qafqazda və Avrasiya məkanında əsas tərəfdaşlardan birinə çevirir. Eyni zamanda, ŞƏT çərçivəsində qurulan bu tərəfdaşlıq Azərbaycanın iqtisadi maraqları üçün də böyük əhəmiyyət daşıyır. Xüsusilə Mərkəzi Asiya ölkələri ilə yeni bazarlara çıxış imkanı, qeyri-neft sektorunun inkişafı və qarşılıqlı investisiya layihələrinin həyata keçirilməsi üçün geniş perspektivlər açılır. Çin isə Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. 2023-cü ilin sonuna Azərbaycanın Çinlə ticarət dövriyyəsi təxminən 3 milyard ABŞ dollarına çatmışdır. Azərbaycanın ixracatında əsasən xam neft, kimyəvi məhsullar və kənd təsərrüfatı məhsulları üstünlük təşkil edir. Çin isə Azərbaycana maşın, elektronika, tikinti materialları və istehlak malları ixrac edir. Çin şirkətləri ölkəmizin müxtəlif sahələrində aktiv fəaliyyət göstərir. Bakı-Tbilisi-Qars dəmir yolu və Ələt Beynəlxalq Dəniz Limanı vasitəsilə Çin-Avropa arasında yükdaşımaların artırılması Azərbaycanın əsas prioritetlərindəndir. Bərpa olunan enerji sahəsində Çin şirkətlərinin marağı getdikcə artır. 2025-ci ildə imzalanan sazişlər nəticəsində süni intellekt, rəqəmsal iqtisadiyyat və informasiya texnologiyaları sahəsində əməkdaşlıq daha da genişləndirilib. Azərbaycan “Bir kəmər, bir yol” təşəbbüsündə mühüm halqadır. Orta Dəhliz kimi tanınan Transxəzər marşrutu Çin üçün Rusiyadan yan keçən təhlükəsiz və sürətli alternativ logistika yoludur. Azərbaycan bu dəhlizdə infrastruktur (BTK, Ələt) və siyasi stabilliyi ilə strateji mövqe tutur. Azərbaycan-Çin siyasi və iqtisadi əlaqələri qarşılıqlı hörmət, strateji baxış və ortaq maraqlar əsasında qurulmuşdur. Son illər bu münasibətlər yalnız iki ölkə arasında deyil, həm də Avrasiya məkanında yeni geoiqtisadi modelin formalaşmasında mühüm rol oynayır. Azərbaycanın tranzit ölkə kimi strateji mövqeyi, enerji və texnologiya sahəsindəki potensialı, eləcə də Çinin qlobal təşəbbüslərində aktiv iştirakı bu əməkdaşlığın daha da dərinləşməsinə geniş imkanlar yaradır. Əldə olunan nəticələr və gələcək imkanlar göstərir ki, Azərbaycan-Çin münasibətləri yalnız ikitərəfli əməkdaşlıq deyil, həm də regional sabitlik və beynəlxalq əməkdaşlıq üçün nümunəvi modelə çevrilməkdədir. Azərbaycanın ŞƏT-də müşahidəçi və ya gələcəkdə tamhüquqlu üzv kimi iştirakı regional əməkdaşlıqda rolunu gücləndirərək, iqtisadi maraqlarının reallaşması üçün dayanıqlı platforma yarada bilər. Qeyd etmək lazımdır ki, Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələri təkcə siyasi və iqtisadi əlaqələrin genişlənməsi deyil, həm də ölkəmizin beynəlxalq səviyyədə artan nüfuzunun əyani göstəricisidir. ŞƏT-in dialoq tərəfdaşı kimi Azərbaycan, həm regionun təhlükəsizliyinə, həm də dayanıqlı iqtisadi tərəfdaşlığa mühüm töhfə verən aktora çevrilir. Bu əməkdaşlıq Azərbaycanın tranzit potensialını artırır, enerji və logistika sahəsində mövqeyini gücləndirir və qeyri-neft sektorunun inkişafı üçün yeni imkanlar yaradır.
Son illərdə Azərbaycan Prezidentinin beynəlxalq arenada, o cümlədən Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində keçirdiyi görüşlər ölkəmizin regional və qlobal siyasətdəki mövqeyini gücləndirib. Bu görüşlər sayəsində Azərbaycanın strateji tərəfdaşları ilə əlaqələri möhkəmlənmiş, iqtisadi və təhlükəsizlik sahəsində əməkdaşlıq genişlənmişdir. Dövlətimizin maraqlarına uyğun aparılan bu dialoqlar, həmçinin Azərbaycanın tranzit potensialının artırılması və beynəlxalq layihələrdə aktiv iştirakı üçün yeni imkanlar açır. Belə görüşlər gələcəkdə ölkəmizin davamlı inkişafı və regional stabilliyin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.
Şəmsiyyə Əliqızı, “İki sahil”