Dövlət başçısı İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində, eyni zamanda, Çinə işgüzar səfəri çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşündə bir daha diqqəti Şuşa Bəyannaməsinə yönəldərək bildirdi ki, bu, hüquqi cəhətdən təkcə hər iki ölkə üçün deyil, bütün Türk dünyası üçün mühüm amildir
“Bu gün Türkiyə-Azərbaycan qardaşlığı, birliyi nəinki bölgəmiz üçün, dünya miqyasında önəmli amildir, təhlükəsizlik, işbirliyi, inkişaf və qardaşlıq rəmzidir”. Dövlətimizin başçısı İlham Əliyev bu ilin iyun ayında Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılış mərasimindəki çıxışında onu da qeyd etmişdir ki, dörd il bundan öncə Prezident Rəcəb Tayyib Ərdoğan ilə Şuşa şəhərində imzaladığımız Şuşa Bəyannaməsi əlaqələrimizi ən yüksək zirvəyə, rəsmən müttəfiqlik səviyyəsinə qaldırmışdır. Biz dostuq, qardaşıq, müttəfiqik. Türkiyə və Azərbaycan - iki qardaş ölkə həm siyasi, həm iqtisadi, həm də enerji, nəqliyyat, hərbi və bütün digər sahələrdə bir-birinin yanında inamla, uğurla irəliləyir.
Azərbaycan və Türkiyə «Bir millət, iki dövlət» prinsipi ilə dünyaya örnək olan, qardaşlıq və dostluq ruhunu əks etdirən, qədim tarixə, dərin köklərə malik ölkələrdir. Bu qardaşlıq münasibətləri iki ölkənin mədəni, tarixi və dil əlaqələrinə əsaslanır. Həmçinin Azərbaycan və Türkiyə geosiyasi baxımdan strateji tərəfdaşlar olaraq, regional və qlobal səviyyədə mühüm əhəmiyyət kəsb edirlər. Bu əlaqələr, həmçinin Türk dünyası çərçivəsində birliyin və əməkdaşlığın təmin edilməsi istiqamətində bir model kimi çıxış edir.
İki ölkə arasında ticarət əlaqələri, enerji və nəqliyyat sahələrində əməkdaşlıq da kifayət qədər genişdir. 2000-ci illərdə xüsusilə enerji və infrastruktur layihələri ölkəmizin iqtisadi inkişafını dəstəkləmək və Türkiyə ilə əlaqələri daha da möhkəmləndirmək baxımından mühüm əhəmiyyət kəsb edib. Azərbaycan enerji ixracatı sahəsində Türkiyə vasitəsilə Avropaya açılan yeni yollar əldə edib, bu da hər iki ölkə üçün strateji baxımdan əhəmiyyətli olub. Ölkələrimiz arasındakı iqtisadi əlaqələr, xüsusilə enerji sahəsindəki əməkdaşlıqla daha da güclənir. Regional çərçivədə qurulan əməkdaşlıq əlaqələrinin coğrafiyası illər keçdikcə daha da genişlənir. Çoxlarına əfsanə kimi görünən, Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının əsas tərkib hissələri olan Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərləri hər iki dost, qardaş ölkənin siyasi iradəsi əsasında reallığa çevrildi. Azərbaycan Cənubi Qafqazın ən böyük enerji təchizatçısı olaraq Türkiyə vasitəsilə Avropaya enerji tədarükü edir. BTC və BTƏ layihələri yalnız iqtisadi deyil, həm də siyasi və strateji əhəmiyyətə malikdir, çünki Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Həmçinin 2020-ci il dekabrın 31-dən tam fəaliyyətə başlayan TANAP (Trans-Anadolu Qaz Boru Kəməri) layihəsi də Azərbaycan qazını Türkiyə vasitəsilə Avropaya ixrac etmək üçün mühüm bir imkan yaratdı. TANAP Cənubi Qafqazı Avropa bazarına bağlayan əsas enerji layihələrindən biridir və bu, yalnız iki ölkə arasındakı iqtisadi əlaqələri möhkəmləndirmir, həm də Azərbaycanın enerji ehtiyatlarını Avropaya çıxarmaq üçün geniş imkanlar təqdim edir. Bu layihələr, həm də Azərbaycanın və Türkiyənin regional enerji təhlükəsizliyini təmin etməsinə və Avropa bazarları ilə daha sıx əlaqə qurmasına şərait yaradır.
Davamlı şəkildə güclənən qardaşlıq bağları və strateji müttəfiqlik əlaqələrinin inkişafı ölkələrimiz qarşısında duran çoxsaylı problemlərin uğurla həllinə imkan yaradır. Bu işbirliyinin mühüm nəticələrindən biri də illərdir Ermənistanın yaratdığı blokada şəraitində yaşamağa məcbur olan Naxçıvan Muxtar Respublikasının enerji təminatının daha etibarlı səviyyəyə çatdırılmasıdır. Azərbaycan və Türkiyə liderlərinin uzaqgörən siyasətinin nəticəsi kimi ərsəyə gələn İğdır-Naxçıvan qaz kəməri məhz bu məqsədə xidmət edir. Bu ilin mart ayında İğdır-Naxçıvan qaz kəmərinin açılış mərasimində Prezident İlham Əliyev bildirdi ki, bu gün Türkiyə və Azərbaycan - iki qardaş ölkə nəhəng layihələr reallaşdırır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP kimi neft-qaz boru xətləri layihələri nəinki ölkələrimizi birləşdirdi, eyni zamanda, Avrasiyanın enerji xəritəsini dəyişdirdi. Bu gün Azərbaycan qazı Türkiyə ərazisindən keçməklə bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edir. Keçən il Azərbaycanın qaz ixracatı 25 milyard kubmetrə çatmışdır. Onun təxminən yarısı Türkiyəyə olan ixracatdır. İğdır-Naxçıvan qaz kəməri Naxçıvanın enerji təhlükəsizliyini təmin edəcək. Çünki Azərbaycandan gələn qaz Türkiyə ərazisindən svop şəklində Naxçıvana ötürülərək, artıq Naxçıvanı da bu problemdən xilas etmiş olacaqdır.
Azərbaycanla Türkiyənin birgə həyata keçirdiyi enerji layihələri, eyni zamanda, nəqliyyat layihələrinin reallaşmasına da imkan verdi. Bu gün Türkiyəni Azərbaycanla birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu həm ölkələrimiz üçün, həm daha geniş coğrafiya üçün çox mühüm üstünlüklər təmin edir. Xüsusilə Türk dünyasını birləşdirmək üçün bu nəqliyyat bağlantısının çox böyük mənası, çox böyük faydası var və təbii olaraq, Türkiyə ilə Azərbaycan arasındakı birlik, qardaşlıq Türk dünyasına böyük bir töhfədir. Türk dünyasının daha da sıx birləşməsi üçün yeni imkanlar yarandı. Azərbaycan da hər zaman Türk dünyasının birləşməsinə çox böyük önəm verir. Öz tərəfindən bu birliyi təmin, bunu əbədi etmək və ortaq maraqlar və ortaq tarix üzərində əlaqələri qurmaq üçün səylərini əsirgəmir.
İğdır-Naxçıvan layihəsi Türkiyə-Azərbaycan birliyinin, dostluğunun, qardaşlığının növbəti təzahürü oldu. Türk coğrafiyası üçün mühüm əhəmiyyət daşıyan Naxçıvanın enerji təhlükəsizliyinin təmin edilməsi baxımından bu kəmər xüsusi önəm kəsb edir. Sözügedən açılış mərasimindəki çıxışında «İğdır-Naxçıvan təbii qaz boru kəməri enerji sahəsində daha əvvəlki strateji təşəbbüslərimizi tamamlayacaq, həmçinin Naxçıvan ilə ortaq taleyimizin bir nişanəsi olacaq» söyləyərək onu da əlavə etmişdir ki, “BOTAŞ” tərəfindən inşa edilən 80 kilometr uzunluğunda, gündəlik 2 milyon kubmetrə qədər nəqletmə qabiliyyətinə malik bu kəmər, xüsusilə Naxçıvanın təbii qaz ehtiyacının hamısını ən azı 30 il müddətində təmin edəcək. Beləliklə, Naxçıvanın enerji təhlükəsizliyini uzun illər təmin edəcək bir layihəni qardaşımla birlikdə ölkələrimizə qazandırmış oluruq”. Çinin Tiencin şəhərində Azərbaycan və Türkiyə prezidentlərinin görüşündə də qardaşlıq və strateji müttəfiqliyə əsaslanan ikitərəfli əlaqələrimizin bütün istiqamətlərdə, o cümlədən enerji, nəqliyyat sahələrində daha da genişlənməsindən məmnunluq ifadə olundu. Söhbət zamanı SOCAR ilə Türkiyənin “Botaş” şirkəti arasında əməkdaşlığa toxunuldu və bu xüsusda Azərbaycan qazının Qətərin maliyyə dəstəyi ilə Türkiyə ərazisindən Suriyaya çatdırılmasının önəmi qeyd edildi. Həmçinin Azərbaycanla Türkiyənin digər ölkələrdə birgə enerji layihələrinin icrasına dair məsələlər müzakirə olundu. Həmin görüşdən bir neçə gün əvvəl Qars-İğdır-Dilucu dəmir yolu xəttinin təməlinin qoyulmasının əhəmiyyəti vurğulandı, Azərbaycanda, o cümlədən Naxçıvan regionunda həyata keçirilən dəmir yolu layihələri barədə fikir mübadiləsi aparıldı.
Qeyd edək ki, ötən ayın əvvəlində Azərbaycan qazı qardaş Türkiyənin ərazisindən Suriyaya çatdırıldı. Dövlət başçısı İlham Əliyev bu günlərdə Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində də Azərbaycanın qaz ixracı coğrafiyasına diqqəti yönəldərək vurğuladı ki, bizim təbii qaz üçün əsas istiqamətimiz Avropadır. Biz 10 Avropa ölkəsini qazla təmin edirik. Onların 8-i Avropa İttifaqının üzvüdür. Beləliklə, bu ölkələr üçün Azərbaycan qazı onların enerji təhlükəsizliyində həqiqətən də mühüm rol oynayır və bu rol artacaq. Təbii ehtiyatlarımızla Yaxın Şərqə daxil olmaq bizim üçün ilk təcrübədir. Suriyaya qazın həcmini artıra bilərik. Biz, həmçinin Ərəb Qaz Kəməri, yaxud başqa mübadilə əməliyyatları vasitəsilə digər ölkələri qazla təchiz edə bilərik. Biz, həmçinin enerji resurslarının ticarətini həyata keçiririk. Biz neft və qazımızı satmaqla yanaşı, beynəlxalq ticarətçi kimi fəaliyyət göstəririk. Bizim potensialımız təsəvvür ediləndən daha böyükdür. Bu nöqteyi-nəzərdən bu, mühüm amildir.
Ölkələrimizin hərbi sahədəki əməkdaşlığı da hər zaman böyük önəm daşıyıb. Türkiyə ilə Azərbaycanın hərbi və təhlükəsizlik sahəsindəki əməkdaşlığı bölgənin sabitliyi, təhlükəsizliyi baxımından olduqca əhəmiyyətlidir. Hər iki ölkə müxtəlif beynəlxalq təşkilatlarda birgə fəaliyyət göstərir və bu əməkdaşlıq da həm regional, həm də qlobal səviyyədə birgə təhlükəsizlik təşəbbüslərinə rəhbərlik edir. Azərbaycanın öz ərazilərini 30 illik işğaldan azad etməsi prosesində Türkiyənin siyasi dəstəyi də ölkələrimiz arasındakı münasibətlərin möhkəmlənməsinə səbəb olub. Həmçinin bu baxımdan ölkələrimiz arasında birgə hərbi təlimlərin keçirilməsi, silah tədarükü və müdafiə sənayesi sahəsindəki layihələr mühüm əhəmiyyət kəsb edir.
Azərbaycanın müxtəlif bölgələrində keçirilən hərbi təlimlərdə Türkiyə Silahlı Qüvvələri və Azərbaycan Silahlı Qüvvələri birgə iştirak edərək hərbi hazırlıq səviyyələrini artırıb, regional təhlükəsizliyi təmin etmək üçün güclü təməl yaradıb. Bu təlimlər, həmçinin NATO ilə əməkdaşlıq çərçivəsindəki əlaqələri gücləndirir və qardaş ölkələrimizin beynəlxalq təhlükəsizlik məsələlərindəki həmrəyliklərini daha da möhkəmləndirir.
Dövlət başçısı İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində bildirdi ki, Türkiyə ilə bizim çox sıx münasibətlərimiz var və bu münasibətlər hazırda 2021-ci ildə Şuşada Prezident Ərdoğanla imzaladığımız, bizi hərbi və siyasi müttəfiqlər edən Bəyannaməyə əsaslanır. Bu, hüquqi cəhətdən təkcə hər iki ölkə üçün deyil, bütün Türk dünyası üçün mühüm amildir. O da qeyd edildi ki, Türkiyə qlobal miqyasda aparıcı hərbi gücdür və Türkiyə ordusu NATO daxilində ABŞ-dan sonra ikinci yerdədir. Azərbaycan Ordusu da özünü paradlarda deyil, döyüş meydanında nümayiş etdirdi.
Azərbaycan-Türkiyə əməkdaşlığı yalnız iqtisadi və hərbi sahələrdə deyil, mədəniyyət və təhsil sahələrində də inkişaf etməkdədir. Türkiyənin Azərbaycanda həyata keçirdiyi bir çox təhsil və mədəniyyət proqramları, iki xalq arasında daha da yaxınlaşmağa səbəb olub. Bu sahələrdəki fəaliyyətlər həm də gələcək nəsillər üçün təməl yaradaraq iki ölkə arasında mədəni inteqrasiyanı artırıb. Türkiyə-Azərbaycan birliyi təkcə bölgə üçün deyil, Avrasiya üçün önəmli amilə çevrilib. Təhsillə bağlı atılan addım gələcəyə yönəlmiş təşəbbüsdür. Türkiyə-Azərbaycan Universitetinin yaradılması sadə məsələ deyil, birliyimizin növbəti rəmzidir. Cənab İlham Əliyev bu əminliy ifadə edir ki, universitet nəinki Azərbaycanda, bölgədə ən aparıcı ali məktəblərdən birinə çevriləcək.
Azərbaycan və Türkiyənin türk dünyasının birliyinə verdiyi töhfələr davamlılığı ilə diqqətdədir. Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Zirvə toplantılarında Türk dünyasının vahid bir strategiya ilə birləşməsinin əhəmiyyətini vurğulayır, xüsusilə iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığın möhkəmləndirilməsi, ortaq maraqların müdafiə edilməsi və Türk dünyasının beynəlxalq səviyyədə daha da güclənməsi mövzularını gündəmə gətirir. Azərbaycanın və Türkiyənin adıçəkilən təşkilatda rolu iqtisadi inkişafını və siyasi stabilliyini təmin etməkdir. Hər iki ölkə bir-birini dəstəkləyir və təşkilatın birgə layihələrində fəal iştirak edirlər. Prezident İlham Əliyev ötən il müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisində keçirilən prezident seçkilərində inamlı qələbəsindən sonra andiçmə mərasimində bildirdi ki, bizim üçün əsas beynəlxalq əməkdaşlıq prioriteti Türk Dövlətləri Təşkilatıdır, çünki bu təşkilat Azərbaycanın mədəni və tarixi baxımdan aid olduğu ailəni - Türk dünyasını təmsil edir. Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir, mən bunu açıq demək istəyirəm, yəqin ki, indi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır. Cənab İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində də bu məsələyə xüsusi diqqət yönəldərək vurğuladı ki, Türk Dövlətləri Təşkilatı hazırda böyük potensiala malikdir. Azərbaycan daim bu qurumu gücləndirməyə sadiq olub. Bu, bir növ məşvərətçi qrup, şura, ölkələr qrupu kimi fəaliyyətə başlayıb, sonra isə transformasiya edib. O, böyük potensiala malikdir. Bizi köklərimiz birləşdirir və bu, təşkilatı nadir edir. Çünki digər beynəlxalq təşkilatlara baxsaq, onların hamısını deyil, bəlkə də bir qismini ortaq etnik qrup birləşdirir. Bəli, biz müxtəlif xalqlarıq, amma hamımızın kökləri ortaqdır və bu, türk etnik mənsubiyyətimizdən irəli gəlir. Ölkələrimizin əhalisinin sayı artır və bu da hər bir ölkə üçün vacib amildir. İqtisadi inkişafla dəstəklənəndə isə bu, üstünlük deməkdir. Ölkə kasıb olduğu zaman bəzən bunun mənfi nəticələri də olur. Amma bizim ölkələr kasıb deyil. Hər ölkə olmasa da, ölkələrimizin bir çoxu təbii sərvətlərə malikdir. Təşkilatın bütün üzvlərində siyasi sabitlik, bir-biri və hamısı arasında dost münasibətlər mövcuddur. Bu, təşkilatı həqiqətən nadir edir. Ona görə də biz onu konkret layihələrlə, investisiyalarla, enerji, daşımalar, mədəniyyət layihələri ilə möhkəmləndirməliyik. Ona görə də mən gələcəkdə bu təşkilatı mühüm qlobal iştirakçılardan biri kimi görürəm. Beləliklə, bizim fikrimiz beynəlxalq arenada rol oynaya bilən, təkcə daxili məsələlərlə məşğul olmayan qlobal oyunçuya çevrilməkdən ibarətdir ki, həm də beynəlxalq arenada sabitləşdirici, müsbət rol oynasın və qonşular üçün imkanlar yaratsın. Bununla da biz belə bir nəhəng coğrafiyada heç kimə təhlükə törətməyən, lakin çoxları üçün fürsət hesab edilən güclü birlik qura biləcəyimizi nümayiş etdirək.
Bu ilin iyun ayında Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının növbəti nümunəsi təqdim edildi. Belə ki, Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılış mərasimi keçirildi. Dövlət başçısı İlham Əliyev açılış mərasimində qeyd etdi ki, Azərbaycan hər zaman Türkiyənin yanında olub, Türkiyə də hər zaman Azərbaycanın yanında olub və bu gün “Azərbaycan” məhəlləsinin açılışında əziz qardaşımla birlikdə iştirakım bir daha bizim birliyimizin, dostluğumuzun təzahürüdür. Qarabağ məsələsində də qeyd etdiyiniz kimi, biz əziz qardaşım, hörmətli Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanla savaşın ilk günündən çiyin-çiyinə, bir yerdə idik. Savaşın ilk saatlarında Türkiyə Cümhurbaşqanının bizə göstərdiyi dəstək, həmrəylik, siyasi dəstək, mənəvi dəstək, Türkiyə xalqının bizimlə bərabər olması bizim gücümüzə güc qatıb. Biz tarixi ədaləti bərpa etdik və bu gün Azərbaycan xalqı öz əzəli torpağında rahat və təhlükəsiz şəraitdə yaşayır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə bildirdi ki, bəli, bu gün burada «Bir millət, iki dövlət» şüarının həyata keçməsinə bir daha şahidlik edirik. Çünki biz eyni bayrağın kölgəsində dua edən, eyni səccadədə göz yaşı tökən, eyni istiqlal üçün qurban verən bir millətin, iki dövlətin tək ürək daşıyan övladlarıyıq. «Ayrılarmı könül candan, Türkiyə Azərbaycandan», - deyən şairlərin sözlərə hərfbəhərf nəqş etdiyi qardaşlığımızın nə məna daşıdığını bu gün bütün dünyaya yenidən göstəririk. Rəbbim aramızdakı bu sarsılmaz həmrəyliyi, bu məhəbbəti daimi etsin.
Qeyd edək ki, 2023-cü ilin fevralında Türkiyənin cənub-şərqində baş verən dəhşətli zəlzələdən dərhal sonra Azərbaycan dövləti və xalqı qardaş ölkənin yanında oldu. Fəlakətin ilk günlərindən qardaş ölkəyə kömək üçün Prezident İlham Əliyevin tapşırığı ilə bütün imkanlar səfərbər edildi. Axtarış-xilasetmə işlərində iştirak etməklə yanaşı, ölkəmizin həm dövlət qurumlarının, həm də qeyri-hökumət təşkilatlarının səyləri digər istiqamətlərə yönəldildi. Dövlətimizin başçısının digər bir mühüm tapşırığına əsasən, Azərbaycanın qardaş ölkəyə uzunmüddətli dəstəyi üçün Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin inşasına start verildi.
“Azərbaycan” məhəlləsi təkcə bir yaşayış məkanı deyil, eyni zamanda, Azərbaycan və Türkiyənin qardaşlığının, sarsılmaz dostluğunun və fəlakət zamanı bir-birinə necə dayaq olduqlarının əyani sübutudur. Bu layihə bir daha göstərdi ki, Azərbaycan və Türkiyə təkcə dost və müttəfiq deyil, həm də eyni ruhu, eyni taleyi bölüşən “Bir millət, iki dövlət” anlayışına sahib qardaş ölkələrdir. Bu layihələr ölkələrimiz arasında dostluğun, əməkdaşlığın gələcək nəsillərə ötürülməsində mühüm rol oynayır və regionda sülhün, sabitliyin təminatına töhfə verir.
Ümumilikdə, Azərbaycan və Türkiyə arasındakı münasibətlər iki ölkənin ortaq tarixindən, mədəniyyətindən və dilindən qaynaqlanaraq beynəlxalq səviyyədə güclü strateji əməkdaşlığa çevrilib. Türk dünyası daxilində ölkələrimiz arasında artan əməkdaşlıq yalnız iki dövlətin deyil, bütün Türk dünyasının birliyini və inkişafını dəstəkləyir. Gələcəkdə Azərbaycan-Türkiyə əməkdaşlığı daha da inkişaf edəcək və Türk dünyasının güclənməsinə töhfələr verəcək.
Yeganə Əliyeva, "İki sahil"