03 noyabr 2016 23:01
1398

İkili standartlar, yoxsa siyasi rəzillik

Soyuq müharibə, ideyaların (həm də iddiaların) mübarizəsi, yaxud silahlı savaş. Zamanına məkanına , dünya siyasətinə uyğun biri-birini əvəzləyən, mahiyyət etibarı ilə dünya düzənini pozan hər iki ifadə qlobal problemlər içərisində çalxalanan, “tərsinə dövran edən” müasir dünyamızın “fırlanan çərxi” üçün xarakterikdir. Güclünün gücsüz üzərində hakimlik iddiaları, ikili standartlardan qaynaqlanan ədalətsizlik, geosiyasi maraqların toqquşması nəticəsində bölgələrdə yaranan gərginlik ən çox müsəlman ölkələrinə təsir göstərir. ABŞ-ın müsəlman ölkələrinə qarşı açıq, ikili standart siyasəti dövlətlərin ərazi bütövlüyü üçün təhlükələr törətməklə həlli müşkül problemlər yaradır, insanlar məhrumiyyətlərlə üzləşirlər.

Dövlətlərin müstəqilliyi üçün ən böyük təhlükə olan ikili standartlar güclünün gücsüz üzərində hakimliyi olmaqla beynəlxalq hüquq normalarını da, ədaləti də “gücsüzləşdirir.” Bu qorxulu tendensiyaya qarşı barışmaz münasibətini “Dəfələrlə bu barədə fikirlərimi müxtəlif beynəlxalq kürsülərdən ifadə etmişəm. Dünyada beynəlxalq hüquq normaları kobudcasına pozulur, onlara məhəl qoyulmur, münaqişələr uzun illər həll edilmir, çünki “ikili standartlar” siyasəti mövcuddur” sözləri ilə ifadə edən Prezident İlham Əliyev vurğulayır ki, bir çox dövlətlərdə baş verən inqilablar, dövlət çevrilişləri belə zərərli yanaşmalardan qaynaqlanır. Geosiyasi maraq, mənafe və intriqaları təmin etmək üçün tətbiq edilən, bəla kimi dünya dövlətlərini zəiflədən ikili standartların manipulyasiya, təzyiq vasitəsinə , ən qorxulusu isə beynəlxalq normaya çevrilməsi adi hal alıb. Bu vəziyyəti təsdiqləyən nümunələr isə istənilən qədərdir.

Bəhanələr gətirməklə İraqda keçirdiyi hərbi əməliyyatlara haqq qazandıran, bu ölkəni dağıdıb, ən qiymətli əvəzsiz, tarixi sərvətlərini özününküləşdirən ABŞ rəsmiləri sonradan bu ölkənin daxili işinə müdaxiləni səhv addım adlandırırlar. Amerika əsgərlərinin İraqda apardığı müharibə nəticəsində yüz minlərlə insan həyatına son qoyuldu, dini zəmində qarşıdurmalar yarandı, bu ölkənin müstəqilliyi təhlükə altına alındı, yüz minlərlə günahsız insan məhz Qərbin yaratdığı, bu günlərdə Mosulda 8 min ailəni girov götürən İŞİD adlı terrorçu qruplaşmanın qurbanı oldu. Yaxın Şərq ölkələrində Qərbin, birbaşa ABŞ-ın geosiyasi maraqlarına uyğun törədilən “ərəb baharları”nın, MDB dövlətlərində baş verən “rəngli inqilab”ların acı nəticələri hələ də aradan qaldırılmayıb. Suriyanın taleyinin müzakirə olunduğu “ güclülər masası”nda bu ölkə təmsilçilərinin iştirakı məqbul hesab olunmur.

İkili standartlara ən bariz nümunə illərdən bəri Qərbin dəstəyi ilə davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Azərbaycan torpaqlarını zəbt edən Ermənistana heç bir təzyiq göstərilmirsə, işğalçı cəzalandırılmırsa, ölkəmizin ərazi bütövlüyünün toxunulmazlığı ilə bağlı BMT-nin qəbul etdiyi 4 qətnamənin həllinə etinasızlıq göstərilirsə, demək “beynəlxalq hüquq normaları” adlı prinsiplər gəlişi gözəl sözlərdən başqa bir şey deyildir. Bu cür “dişsiz prinsipləri” istədikləri kimi “ yoğurub şəkilləndirənlər” üçün “oyunun qaydaları” yenə də geosiyasi maraqlara uyğun fərqlidir. İşğalçı Ermənistan “ Qərb demokratlarından” hər cür maddi yardım alırsa, təcavüzkarla işğala məruz qalanın adı eyniləşdirilirsə, ən dözülməzliyi işğalçılıq siyasətini pisləyən qətnamələri qəbul edən, dünya dövlətlərinin “ailəsisi” hesab olunan BMT-də təcavüzkar ölkə Azərbaycanla yanaşı təmsil olunursa bu açıq-aşkar separatçılığa dəstək deməkdir. Haqlı ilə haqsıza eyni yanaşma “ikili standartlar”ın mahiyyətini tam ifşa edir.

“BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağın işğalı ilə bağlı dörd qətnamə qəbul edib. Onların heç biri icra edilmir. Necə ola bilər ki, hansısa başqa məsələ ilə bağlı qətnamə qəbul edilir və bir gün ərzində dərhal icra edilməyə başlayır, amma bizə gəldikdə 20 ildən çoxdur ki, məsələ həllini tapmır. Nəyə görə? Ona görə ki, ikili standartlar var” söyləyən Prezident İlham Əliyevin bu fikirləri “beynəlxalq hüquq normaları” ifadəsinin mahiyyətini tam ifşa edir.

İkili yanaşma “ayrı-seçkiliyi” BMT-də qəbul edilən qətnamələrə də yol tapıb, “ögey” və “doğma” kateqoriyasına aid olunan dövlətlərlə bağlı sənədlərə münasibətin meyarına çevrilib. Paradoks olsa da bu, faktdır.

69-cu sessiyada da BMT Təhlükəsizlik Şurasının 15 üzvü “Bütün terror təşkilatlarına maliyyə və silah yardımının dayandırılması” ilə bağlı qətnaməni yekdilliklə qəbul etdi. ABŞ prezident Barak Obamanın qətnaməyə münasibəti isə təəssüf doğurdu: “Bu qətnamə dünyaya ekstremizm və separatizmlə mübarizənin məsuliyyətini xatırlatmaq üçündür. Təmtəraqlı sözlərlə heç bir terror hadisəsinin qarşısını almaq mümkün deyil. Buna görə sözdən əməli işə keçmək vaxtıdır. Bir il sonra biz burada həmin mübarizənin konkret nəticələrini dinləyəcək, müzakirə edəcəyik.” Terrorun ildən-ilə “ çiçəklənməsi”, insanlara fəlakət gətirən faciələrin artması da göstərir ki, qırğınlara “amin” deyənlər üçün qətnamələr həqiqətən radikal qüvvələrlə mübarizədə kosmetik görüntüdür.

“Yaxın Şərqdə terrorçuların qəddarlığı ürək dondurur” söyləyən B.Obamanın Xocalı kimi başqa terror və soyqırımı qurbanlarını xatırlamaması beynəlxalq terrora qarşı koalisiya yaradanların bəşəri bəlaya çevrilən silahlı qruplaşmalara qarşı mübarizə aparmaq əvəzinə onları maliyyələşdirməsi siyasi riyakarlıqdır.

Ukrayna hadisələri “ikili standartlar”ın mövcudluğunu bir daha təsdiqlədi. Hadisələrə dərhal reaksiya verən, qısa müddətdə “beynəlxalq hüququn pozulmasına görə sanksiyalar tətbiq edəcəyi” ilə bağlı münasibətini bildirən ABŞ Yaxın Şərqdə ən uzunmüddətli - İsrail-Fələstin münaqişəsinin başlamasından 48 il ötəndən işğal faktını təsdiqlədi.

Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinə ABŞ-ın rəsmi münasibəti payız küləyini xatırladır, Ştatlar rəsmi mövqe bildirməkdən yayınır. Əksinə ABŞ konqresmeni, respublikaçı, “erməni soyqırımı”nı etiraf edən qətnamənin müəlliflərindən olan Robert Dold Dağlıq Qarabağdakı separatçı rejimi ABŞ-ın müttəfiqi adlandırır.

Cari ilin sentyabrında keçirilən BMT Baş Assambleyasında çıxış edən Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan bu kimi halları utancverici rəzalət adlandırdı. Sülhü yaratma və qoruma fəaliyyətinin daha səmərəli hala gətirilməsi yolunda BMT-nin köklü islahata ehtiyacı olduğunu “ Biz hər fürsətdə “ dünya beşdən böyükdür” həqiqətini beynəlxalq ictimaiyyətə çatdırırıq. Dünyanı beş ölkənin verdiyi qərarlarla məhkum edə bilməzsiniz” sözləri ilə bildirdi.

ABŞ həmişə ən yüksək səviyyədə özünü Azərbaycanın dostu, strateji tərəfdaşı kimi təqdim etsə də həlledici məqamlarda bu ölkənin ikili standart siyasəti Azərbaycanla bağlı açıqlanan hesabatlarda da özünü göstərir. Hesabatlarda əks olunan “faktlar”ın toplanması mexanizmi də heyrətamizdir. Qərbin formalaşdırdığı, külli miqdarda vəsait ayırdığı “beşinci kolon”un saxta informasiyaları Azərbaycana qarşı qərəzli hesabatları “rəsmiləşdirir.”

Belə məkrli sənədlərdə Dağlıq Qarabağın işğala məruz qalan deyil, “mübahisəli ərazi” kimi yazılmasının özü geosiyasi maraqlara xidmət edir. Ərazi bütövlüyü kimi beynəlxalq hüququn təməl prinsipinin işləməsinə qarşı isə BMT -nin daimi üzvü olan bir ölkənin-ABŞ-ın vetosu işə salınır.

Məhz ABŞ BMT-də ərazi bütövlüyümüzlə bağlı səsvermədə neytral qalsa da, Gürcüstan və Ukrayna ilə bağlı müzakirələrdə birmənalı mövqe tutmuşdur. Dünyanın hər hansı ölkəsində deyil, məhz ABŞ-da qondarma “Dağlıq Qarabağ Respublikası”nın nümayəndəliyi fəaliyyət göstərir, xeyriyyə marafonları təşkil olunur, həmin rejimin rəhbərləri də bu “dilənçilik” aksiyalarında iştirak edirlər.

“Axı, elə hallar məlumdur ki, ABŞ-ın mənafeyi bunu tələb edəndə dərhal praktiki fəaliyyətə başlayıb. Məsələn, Liviyada ABŞ və NATO suveren dövlətə qarşı güc tətbiq etmək aksiyasına başladılar, özü də BMT Təhlükəsizlik Şurasının müvafiq sənədinin mürəkkəbi qurumamış. Bircə anda müvafiq qərar qəbul edildi və operativ şəkildə həyata keçirildi. Yaxud, İraqı və keçmiş Yuqoslaviyanı xatırlayaq, orada ABŞ BMT Təhlükəsizlik Şurasının qərarlarını gözləmədən güc tətbiq etmişdir. Bəs səbəb nədir ki, ABŞ Ermənistan tərəfdən Azərbaycana münasibətdə beynəlxalq hüququn pozulmasına bu dərəcədə laqeyddir?” Azərbaycan Respublikası Prezidenti Administrasiyanın rəhbəri, akademik Ramiz Mehdiyevin mətbuata müsahibəsindən götürülmüş bu sözlər Qərbin ikili standartlar siyasətinin mahiyyət və məramının əsil məqsədini açıqlayır.

ABŞ Prezidenti B . Obama dövlətlərin ərazi bütövlüyünə qəsd edən işğal siyasətini dünya üçün ikinci qlobal təhlükə elan etmişdir: “Təcavüzkarlıq siyasəti öz ərazi iddialarını reallaşdıran dövlətlərin dünya üçün yaratdığı təhlükəli zamanları yada salır... BMT məhz ona görə yaradıldı ki, heç bir ölkə başqa ölkəyə ərazi iddiası ilə çıxış etməsin, onu işğal etməsin”.

Bəs real vəziyyət bu standartları özündə ehtiva edirmi? Azərbaycan nümunəsində bu sualın müsbət mənada cavabı yoxdur.

“Düşünürəm ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasının mexanizmi məsələsi xüsusi mövzu kimi müzakirə edilməlidir. Bəzən Təhlükəsizlik Şurasının qətnamələri bir neçə saat və ya gün içərisində icra edilir. Bizə gəldikdə isə artıq 20 il keçir. Bu siyasi iradənin, xüsusilə də həmin qətnamələri qəbul edən dövlətlərin siyasi iradəsinin olmamasının təzahürüdür” söyləyən Prezident İlham Əliyev böyük güclərin istəyinə müvafiq olaraq qətnamələrin güclülərin maraqlarına uyğun müddətdə həllini də ikili standartların nümunəsi adlandırır.

Xuraman İsmayılqızı, “İki sahil”