03 sentyabr 2025 22:36
124

Zəngəzur dəhlizi və regionun nəqliyyat potensialı

Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibədə Zəngəzur dəhlizinin (TRIPP – Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu) əhəmiyyətini geniş şərh edib. Müsahibə avqustun 26-da yayımlanıb və dəhlizin regionun iqtisadi inkişafı üçün strateji rolunu vurğulayıb.

Prezident İlham Əliyev dəhlizin tarixi köklərini izah edərək, 1920-ci ildə Sovet Rusiyasının qərarı ilə Azərbaycanın iki hissəyə – əsas hissə və Naxçıvana bölündüyünü bildirib. O, qeyd edib ki, Ermənistanın işğalı nəticəsində əlaqə xətləri kəsilib və hazırda Naxçıvana yalnız İran və ya Gürcüstan vasitəsilə getmək mümkündür. “Zəngəzur dəhlizi Azərbaycanın iki hissəsini birləşdirəcək və Şərq-Qərb, Şimal-Cənub nəqliyyat xətlərini gücləndirəcək,” – deyə dövlət başçısı vurğulayıb.

Müsahibədə ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə dəhlizin təhlükəsizliyinin təmin edilməsi qeyd olunub. Ölkə başçısı bildirib ki, 42 kilometrlik dəmir yolunun tikintisi qısa müddətdə başa çata bilər və bu, Ermənistanı tranzit ölkəsinə çevirəcək. O, həmçinin İran vasitəsilə alternativ “Araz dəhlizi”nin inşasını xatırladaraq, region ölkələrinin hamısının udacağı vəziyyət yaradılacağını vurğulayıb.

Prezident İlham Əliyev müsahibədə Azərbaycanın Orta Dəhlizdəki rolunu da qeyd edib: “Asiyadan Avropaya gedən yollar Azərbaycandan keçir və Zəngəzur dəhlizi yeni alternativ yaradacaq.” Müsahibə regionun nəqliyyat və iqtisadi inteqrasiyası baxımından mühüm mesajlar verib.

Azər Süleymanov,
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri