03 sentyabr 2025 17:24
161

Məzahir Əfəndiyevin nüfuzlu Avropa informasiya portalında məqaləsi dərc olunub

Milli Məclisinin deputatı Məzahir Əfəndiyevin Avropa məbuatında, Avropa İttifaqının 27 ölkəsində izlənilən nüfuzlu informasiya portalında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Çin Xalq Respublikasına səfərinə dair “Azerbaijan contributes to economic, cultural, political, and diplomatic ties” adlı məqaləsi dərc olunub.

Yazıda əsasən Azərbaycanın qlobal arenada artan rolu, xüsusilə bütün beynəlxalq və regional platformalarda həyata keçirilən işlərdə yüksək səviyyəli iştirakı, multikultural dəyərlərə sadiqliyi, beynəlxalq hüququn norma və prinsiplərinə, sülhün, əmin-amanlığın qorunmasında nümayiş etdirdiyi əzmkarlıq vurğulanıb.

Millət vəkilinin məqaləsində ölkəmizin iqtisadi, mədəni, siyasi və diplomatik sahələrdə beynəlxalq əməkdaşlığa verdiyi töhfələr geniş şəkildə təhlil olunub. Burada Azərbaycanın regionun lokomotivi olaraq Cənubi Qafqazla yanaşı,  daha geniş coğrafiyada sülh və əməkdaşlıq təşəbbüslərinə verdiyi mühüm dəstəyi qeyd olunub. Bildirilir ki, ölkəmiz beynəlxalq təşkilatlarla, o cümlədən Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə dialoq partnyoru olaraq uzun illərdir mövcud olan çoxşaxəli əməkdaşlıq siyasətini bu gün dünya siyasi arxitekturasında yaranmış yeni reallıqlarda uğurla davam etdirir.

Eyni zamanda, Azərbaycan Prezidentinin 30 avqust 2025-ci il tarixində Çin Xalq Respublikasına səfəri çərçivəsində Şanxay Əməkdaşlıq Təşkilatının Sammiti, bir sıra digər əlamətdar tədbirlərdə iştirakı, eləcə də cari ayda digər tərəfdaş ölkələrin rəhbərləri ilə keçirdiyi görüşlərin nəticələri, enerji, nəqliyyat və rəqəmsal texnologiyalar sahəsində yeni əməkdaşlıq imkanları diqqətə çatdırılır.

Məqalədə xüsusi olaraq 08 avqust 2025-ci il tarixində imzalanan “Vaşinqton Bəyannaməsi”nin regionda yaratdığı yeni siyasi reallıqlar fonunda Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı, Türk Dövlətləri Təşkilatı kimi nüfuzlu təsisatların nümunəvi üzvü olaraq "Orta Dəhliz" təşəbbüsündə oynadığı mühüm rol, dünyada davamlı sülhün, təhlükəsizliyin və xalqların rifah içində yaşamasına xidmət edən uğurlu diplomatiyası qeyd olunur.

Sonda M.Əfəndiyevin fikrincə, Azərbaycanın çoxvektorlu xarici siyasəti ölkənin beynəlxalq nüfuzunu daha da artırır və onu etibarlı tərəfdaş kimi bir daha təsdiqləyir.

Həmin məqalə ilə aşağıdakı keçidlərdən istifadə etməklə tanış ola bilərsiniz:

https://www.eureporter.co/world/azerbaijan-world/2025/09/02/azerbaijan-contributes-to-economic-cultural-political-and-diplomatic-ties/