04 sentyabr 2025 00:14
211

Tramp COVID-19 dərmanları ilə bağlı açıqlama tələb edir

ABŞ Prezidenti Donald Tramp əczaçılıq şirkətlərini COVID-19 dərmanlarının faktiki effektivliyi ilə bağlı məlumatları açıqlamağa çağırıb və ictimaiyyətə məsələ ilə bağlı aydınlıq gətirilməsinin vacibliyini vurğulayıb.

“Truth” sosial şəbəkəsindəki yazısında o qeyd edib ki, şirkətlər üçün dərmanlarının uğurunu əsaslandırmaq vacibdir, çünki bir çoxları bu dərmanların milyonlarla insanın həyatını xilas etdiyini bildirir, digərləri isə bununla razılaşmır.

"Əczaçılıq şirkətlərinin müxtəlif COVID-19 dərmanlarının uğurunu əsaslandırması çox vacibdir. Çoxları onları milyonlarla insanın həyatını xilas edən möcüzələr kimi qiymətləndirir. Bəziləri isə bununla razılaşmır", -deyə yazıda bildirilib.

Bununla ABŞ Prezidenti öz prezidentliyi dövründə peyvənd hazırlamaq üçün başlatdığı "Operation Warp Speed" proqramını da şübhə altına almış olub.

Xatırladaq ki, keçən il “AstraZeneca” əczaçılıq şirkəti sırf kommersiya səbəblərini əsas gətirərək bütün dünyada COVID-19 peyvəndini geri çağırdığını elan etmişdi. Bununla yanaşı, bir neçə ay əvvəl şirkət məhkəmə sənədlərində etiraf etmişdi ki, onun peyvəndi nadir hallarda ciddi fəsadlara - qan laxtalanmasına səbəb ola bilər ki, bu da həyat üçün təhlükə yaradır.

Nubar Süleymanova, “İki sahil”