Prezident İlham Əliyevin Çinə səfəri yalnız ikitərəfli əməkdaşlığın inkişafına deyil, həm də Azərbaycanın beynəlxalq platformalarda aktiv iştirakını gücləndirməyə xidmət edir
Azərbaycan dövlət müstəqilliyini bərpa etdiyi dövrdən bir qədər sonra regional və qlobal səviyyədə fəaliyyətini, o cümlədən beynəlxalq arenada əməkdaşlığı getdikcə genişləndirib. Bu gün respublikamızın müstəqil dövlət kimi nüfuzlu beynəlxalq təşkilatlara, o cümlədən BMT, ATƏT, Avropa Şurası, İslam Konfransı Təşkilatı, Müstəqil Dövlətlər Birliyi, Qoşulmama Hərəkatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və çoxlu sayda digər təşkilatlara üzvlüyü bundan xəbər verir. Azərbaycanın nüfuzlu beynəlxalq təşkilatlardakı fəal rolu, sədrlik etdiyi qurumların işini günün tələbləri səviyyəsində qurması ölkəmizə dost olan dövlətlərin sayını getdikcə artırır. Regional əməkdaşlıq təşkilatları arasında Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) xüsusi yer tutur. Təşkilat 15 iyun 2001-ci ildə altı üzv ölkə - Çin, Rusiya, Qırğızıstan, Tacikistan, Özbəkistan və Qazaxıstan tərəfindən təsis edilib. Əgər ŞƏT çərçivəsində ilkin olaraq terrorizm, narkotik vasitələrin qanunsuz dövriyyəsi və sair bu qəbildən olan məsələlərlə mübarizəyə üstünlük verilirdisə, indi quruma üzv ölkələrin iqtisadi əməkdaşlığın inkişafına istiqamətlənmələri intensivləşməyə başlayıb. İndi ŞƏT beynəlxalq xarakterli regional təşkilatdır. Qeyd edək ki, 2015-ci ildə ŞƏT-ə üzv dövlətlərin başçıları Şurasının iclasında Azərbaycana tərəfdaş statusunun verilməsi ilə bağlı qərar qəbul edilib. 17 may 2016-cı il tarixində Prezident İlham Əliyev "Azərbaycan Respublikasına Şanxay Əməkdaşlıq Təşkilatının dialoq üzrə tərəfdaşı statusunun verilməsi haqqında" 2016-cı il martın 14-də Pekin şəhərində imzalanmış Memorandumu təsdiqləyib. Respublikamız həmin tarixdən etibarən ŞƏT-in tədbirlərində fəal iştirak edir və qurumla əməkdaşlığı genişləndirir. Xüsusi qeyd etmək lazımdır ki, Azərbaycan Prezidenti iki dəfə - 2022-ci ildə Səmərqənddə və 2024-cü ildə Astanada ŞƏT-in Zirvə toplantılarında iştirak edib.
Prezident İlham Əliyev Çin Xalq Respublikasının sədri Si-Cinpinin dəvəti ilə Şanxay Əməkdaşlıq Təşkilatının "ŞƏT plyus" formatında keçirilən Zirvə toplantısında, həmçinin Çinin xarici hərbi müdaxilə və faşizm üzərində qələbəsinin 80 illiyi münasibətilə keçiriləcək təntənəli tədbirlərdə və hərbi paradda iştirak etməsi üçün işğüzar səfər edib. Sentyabrın 1-də ŞƏT-in Çinin Tiencin şəhərində keçirilən Zirvə sammitində 20-dən çox ölkənin liderləri və 10 beynəlxalq təşkilatın rəhbəri iştirak edib. Tiencin şəhərində keçirilən sammitin yekun bəyannaməsinə əsasən Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) müşahidəçi və dialoq tərəfdaşı statuslarını birləşdirib. Bu dəyişiklik nəticəsində Azərbaycan təşkilatın rəsmi tərəfdaşı statusunu əldə edib. Qeyd edək ki, hazırda ŞƏT-in üzv dövlətləri sırasında Belarus, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Çin, Pakistan, Rusiya, Tacikistan və Özbəkistan yer alır. Təşkilatla əməkdaşlıq edən ölkələr arasında isə iki müşahidəçi dövlət – Əfqanıstan və Monqolustan, eləcə də dialoq tərəfdaşı statusuna malik 14 ölkə var. Onların sırasında Azərbaycanla yanaşı Ermənistan, Bəhreyn, Misir, Kamboca, Qətər, Küveyt, Maldiv adaları, Myanma, Nepal, BƏƏ, Səudiyyə Ərəbistanı, Türkiyə və Şri-Lanka da göstərilir. Bundan əlavə, sammitdə qəbul edilən qərarla Laos da təşkilatın tərəfdaşı statusu qazanıb.
"ŞƏT plyus" formatında keçirilən görüşdə çıxış edən Prezident İlham Əliyev Azərbaycan-Çin əlaqələrinin yüksək səviyyədə olduğunu bəyan edib. Dövlətimizin başçısı Azərbaycanın Çin Xalq Respublikasının Sədri tərəfindən irəli sürülmüş “Bir kəmər, bir yol” təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biri olduğunu xatırladıb. Bu istiqamətdə artıq ciddi praktiki layihələr reallaşdırılır. Nəzərə alaq ki, Azərbaycan Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilib. Şərq-Qərb və Şimal-Cənub dəhlizləri yeni iqtisadi və nəqliyyat perspektivləri yaradıb. Azərbaycan Ələt Beynəlxalq Dəniz Limanının buraxılış qabiliyyətini ildə 15 milyon tondan 25 milyon tona çatdırmaq niyyətindədir. Prezident İlham Əliyevin vurğuladığı kimi, Orta Dəhliz Azərbaycan vasitəsilə Çin və Mərkəzi Asiyanı Avropa ilə birləşdirən etibarlı və təhlükəsiz marşrutdur. Təsadüfi deyil ki, 2022-ci ildən bəri Orta Dəhliz üzrə Azərbaycan vasitəsilə yükdaşımaların həcmi təxminən 90 faiz artıb. Bu, həm də Avropa ilə Asiyanın ticarət əlaqələrində ən qısa yoldur. Yaxın gələcəkdə isə Zəngəzur dəhlizinin açılması Orta Dəhlizin potensialını daha da gücləndirəcək. Dövlətimizin başçısının dediyi kimi, Zəngəzur dəhlizi həm Orta Dəhlizin, həm də Şimal-Cənub dəhlizinin növbəti mühüm seqmentinə çevriləcək, sülhü, çoxtərəfli tərəfdaşlığı möhkəmləndirəcək. Bu layihə regionun bütün ölkələrinə böyük faydalar gətirəcək.
Qeyd edək ki, Şanxay Əməkdaşlıq Təşkilatında əhali sayına görə dünyada birinci, iqtisadiyyatın həcminə görə ikinci olan Çinin xüsusi çəkisi var. Çin Xalq Respublikası (ÇXR) özünün iqtisadi potensialı ilə ŞƏT çərçivəsində iqtisadi və ticari, humanitar əməkdaşlığın genişlənməsində aparıcı amil olaraq qalır. Belə ki, Çinin 2024-cü ildə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrlə ticarət dövriyyəsi 2,7 faiz artaraq 512,4 milyard ABŞ dollarına çatıb. Bu günə kimi Çinin ŞƏT-ə üzv olan digər dövlətlərə investisiyalarının həcmi 34 milyard dolları, digər ölkələrlə ikitərəfli ticarətin illik həcmi isə 500 milyard dolları ötüb. Şanxay Əməkdaşlıq Təşkilatı ailəsindəki ölkələrin Çinin “Bir kəmər, bir yol” strategiyasının əhatə dairəsində olması rəsmi Pekinin bu dövlətlərlə əməkdaşlığa marağını daha da artırıb. Bu kontekstdə Çin-Azərbaycan əlaqələri yeni inkişaf mərhələsinə qədəm qoyub. Tarixən mühüm ticarət yollarının üzərində yerləşən Azərbaycan müasir dövrdə də özünün iqtisadi potensialı, eləcə də nəqliyyat-logistika, tranzit imkanları ilə Avrasiya regionunda əməkdaşlıq üçün yeni imkanlar yaradır. Prezident İlham Əliyevin Azərbaycanın yerləşdiyi coğrafi mövqeyindən və iqtisadi imkanlarından səmərəli istifadə olunmaqla, beynəlxalq nəqliyyat-logistika dəhlizlərinin yaradılması istiqamətində illər əvvəl qəbul etdiyi düşünülmüş qərarlar bu gün öz bəhrəsini verməkdədir. Azərbaycan özünün nəqliyyat-logistika potensialını inkişaf etdirərək Avrasiyada yeni, alternativ dəhlizlərin yaradılmasına öz töhfəsini verib. Şimal-Cənub, Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizlərinin fəaliyyətinin genişləndirilməsi istiqamətində görülmüş işlər Azərbaycanın tranzit ölkə kimi beynəlxalq yükdaşımalardakı mövqeyini möhkəmləndirir. Təsadüfi deyil ki, Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsinin həcmi 2024-cü ildə əvvəlki illə müqayisədə 20,7 faiz artaraq 3,744 milyard dollara çatıb. Digər tərəfdən, Çin xarici ticarət dövriyyəmizdə 7,9 faiz payla Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşıdır. İdxalımızın 17,7 faizi sözügedən dövlətin payına düşüb. Azərbaycan ilə Çin arasında tranzit daşımaların həcmi 2024-cü ildə 378 min ton olub ki, bu da 2023-cü illə müqayisədə 86 faiz çoxdur. 2024-cü ildə Çindən Azərbaycana ixrac və tranzit rejimində Orta dəhlizlə 287 marşrut qatarı yola salınıb. Nəqliyyat dəhlizlərinin genişləndirilməsi və elektron xidmətlərdən daha çox istifadə edilməsi ilə bağlı işlər sürətlənib. "Qərb-Şərq" nəqliyyat dəhlizi ilə yanaşı, "Şimal-Cənub" xəttinin də ötürmə imkanları artırılıb, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin ötürmə potensialı isə 1 milyon tondan 5 milyon tona çatdırılıb. Azərbaycan ilə Çin arasında vizasız rejimə keçilməsi ölkələrin strateji və iqtisadi əlaqələrinin qarşılıqlı olaraq güclənməsinə imkan verir. 2024-cü ildə Çindən Azərbaycana gələn turistlərin sayı 1,9 dəfə artaraq 45,0 minə çatıb. Bu ilin ilk rübündə isə Çindən Azərbaycana gələnlərin sayı 1,8 dəfə artıb. Bu o deməkdir, ilk 3 ayda 9 minə yaxın Çin vətəndaşı Azərbaycana səfər edib.
Sevinc Azadi, “İki sahil”