Rusiya Azərbaycanla münasibətləri daha da kəskinləşdirmək məqsədilə dəridən-qabıqdan çıxır. Belə ki, AZAL-ın Bakı–Qroznı reysini yerinə yetirən “Embraer 190-100IGW” tipli sərnişin təyyarəsinin vurulmasından 8 ay keçməsinə baxmayaraq, hələ də beynəlxalq hüquq normalarına uyğun rəsmi cavab verməyən, Yekaterinburqda və digər yaşayış məntəqələrində həmvətənlərimizə qarşı vandal davranışlar həyata keçirən, Azərbaycan neftinin ixrac edildiyi Ukraynanın Odessa istiqamətində qaz kəməri sistemini, SOCAR-ın yanacaqdoldurma məntəqələrini, həmçinin səfirliyimizi hədəfə alan rəsmi Moskva Prezident İlham Əliyevin Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsi yayılandan dərhal sonra ölkəmizə qarşı kütləvi informasiya kampaniyasına start verib. Hətta aparıcının Zəngəzur dəhlizi (TRIPP) ilə bağlı sualına Azərbaycan Prezidentinin tarixi faktlara əsaslanan cavabı kontekstdən çıxarılaraq saxtalaşdırılmış və ya təhrif olunmuş formada Rusiya ictimaiyyətinə təqdim edilir.
Yeri gəlmişkən, dövlət başçımız “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibəsində bəzi tarixi hadisələri də şərh edib. Məsələn, bildirib ki, Azərbaycan süni şəkildə iki hissəyə bölünüb və Naxçıvanla əlaqə kəsilib: “1920-ci ilin aprelində rus ordusu Azərbaycana daxil olub onu işğal etdi. Cəmi bir neçə ay sonra - həmin ilin noyabrında sovet Rusiyası hökuməti qərar qəbul etdi ki, Zəngəzuru – bizim “Qərbi Zəngəzur” adlandırdığımız ərazini Azərbaycandan alıb Ermənistana versin. Bununla da Azərbaycan iki yerə bölündü: əsas hissə və Naxçıvan. Qərbi Zəngəzur isə onların arasında qaldı”.
Rusiya cəmiyyətində anti-Azərbaycan təbliğatını alovlandırmaq məqsədilə təşkil edilən bu kampaniya televiziya kanalları, xəbər saytları, sosial media platformaları və müəyyən təsiretmə roluna malik radikal mövqeli şəxslər vasitəsilə aparılır. Yeri gəlmişkən, qeyd edək ki, kampaniyada ölkəmizin suverenliyi və ərazi bütövlüyünə qarşı təhdidedici fikirlər də yer almaqdadır. Kampaniyada Rusiya ərazisində fəaliyyəti qadağan edilmiş və məhdudlaşdırılmış "Facebook", "Instagram" və "X" kimi platformalardan, habelə digər ölkə vətəndaşlarının adından yaradılan sosial media profillərindən və botlardan da geniş istifadə olunduğu müşahidə edilib.
Xatırladaq ki, Prezident İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində Azərbaycanın Rusiya ilə münasibətlərin pisləşməsinə görə məsuliyyət daşımadığını bildirib: “Biz yalnız konstruktiv və hüquqi şəkildə cavab veririk, lakin heç vaxt bizə qarşı təcavüz əlamətlərinə və təzahürlərinə, yaxud hörmətsizliyə dözməyəcəyik”.
Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyasının bu məsələ ilə bağlı bəyanatında deyildiyi kimi, bu cür ikrah doğuran kampaniyaların Azərbaycanda ictimai rəyə heç bir təsiri yoxdur: “Bu cür fəaliyyətlər yalnız Rusiya cəmiyyətini yalan faktlara söykənərək qızışdırmağa, qonşu dövlətlərlə əsassız düşmənçiliyə sürükləyir. Rusiyanı narahat edən "rusofobiya" sindromunun köklərini "Z" blogerlərin fəaliyyətində axtarmaq lazımdır. Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiya aidiyyəti dövlət qurumları ilə birgə dövlətimizə qarşı aparılan bu qeyri-dost hərəkətləri yaxından izləyir və müvafiq qabaqlayıcı tədbirləri davam etdirir".
Şübhəsiz, Rusiyanın getdkicə aqressivləşməsi müstəqil siyasət yürüdən, Cənubi Qafqazda yeni reallıqlar yaradan Azərbaycanın son illər əldə etdiyi uğurlarından qaynaqlanır. Xüsusən də Vaşinqtondakı sülh razılaşmalarından sonra Kremlin qəzəbi soyumur. Bölgədə yeni geosiyasi hadisələrin baş verdiyi indiki həssas məqamda Rusiya var gücü ilə region ölkələrinin daxili və xarici siyasətlərinə müxtəlif vasitələrlə müdaxilə etməyə çalışır. Rusiya ATƏT-in Minsk qrupunun buraxılmasını, Zəngəzur dəhlizinə nəhayət, yaşıl işıq yandırılmasını də həzm edə bilmir. Görünür, o bunları da özünə dərd edib.
Bütün bunları dərindən analiz edəndə belə qənaətə gəlmək olar ki, bu gün dünya siyasətində təklənən Rusiyada artıq şovinizm, islamofobiya, irqçilik bu dövlətin siyasətinə, onun aparıcı siyasi-ideoloji xəttinə çevrilib. Bunlar isə sözügedən ölkəni fəlakətə sürükləyir. Bu mənada Rusiyanın Azərbaycan ilə münasibətləri pozmağa maraqlı olduğunu söyləmək olar. Bəli, hazırda Azərbaycan–Rusiya münasibətləri kifayət qədər gərgindir. O da aydındır ki, bunun səbəbkarı Azərbaycan deyil. Səbəbkarı da, günahkarı da Rusiyadır.
Yeri gəlmişkən qeyd edək ki, bu günlərdə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Federasiyasının Həştərxan vilayətində səfərdə olarkən Rusiya Baş nazirinin müavini Aleksey Overçukla ölkə arasında iqtisadi əməkdaşıq üzrə Hökumətlərarası Komissiyanın 23-cü iclasının Protokolunu da imzalayıblar. Hətta siyasətçilər bunu Rusiya–Azərbaycan münasibətlərində yeni mərhələnin başlanğıcını qoyduğunu və gələcəkdə qarşılıqlı faydalı əməkdaşlığın genişlənəcəyini deməyə əsas verdiyini bildirmişdilər. Amma görünən odur ki, Rusiya siyasi dairələrində iki ölkə arasında münasibətlərin korlanması üçün sistemli fəaliyyət göstərən qruplar mövcuddur.
Qvami Məhəbbətoğlu, “İki sahil”