03 sentyabr 2025 18:16
211

Azərbaycanın qlobal proseslərə münasibəti beynəlxalq ictimaiyyətin diqqətindədir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl Ərəbiyyə” telekanalına müsahibəsi  ölkəmizin  diplomatik uğurları, regionda sülh və inkişaf istiqamətində atdığı addımlar və strateji hədəfləri ilə bağlı mühüm mesajlardır.  2025-ci ilin avqustunda Vaşinqtonda paraflanan sənəd Ermənistanla Azərbaycan arasında münaqişənin sona çatdığını göstərən tarixi mərhələdir. Prezident İlham Əliyevin bəyanatlarından da göründüyü kimi, bu sənəd Azərbaycanın sülh arzusunu və fəal diplomatiyasını təsdiqləyir. Sənədin yekun təsdiqi Ermənistanın konstitusiya dəyişikliklərindən asılı olsa da, artıq regionda yeni sülh və əməkdaşlıq erasının başladığını deyə bilərik. Və elə sentyabrın 1-də  ATƏT-in Minsk qrupunun rəsmən ləğv edilməsi və bu qurumun vaxtı ilə qəbil etdiyi qərarların etibarsız elan olunması buna əyani sübutdur. Digər tərəfdən, bu günlərdə Tiencin şəhərində keçirilən ŞƏT-in XXV Zirvə toplantısı çərçivəsində Pakistan Ermənistanla  Birgə Bəyannamə imzalayıb və BMT Nizamnaməsinin prinsip və məqsədlərinə sadiqliklərini təsdiqləyib, müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığı gücləndirmək üçün birgə fəaliyyət barədə razılığa gəliblər. Beləliklə, 34 ildən sonra (yəni, SSRİ-nin dağılmasından sonra) Pakistan Ermənistan Respublikasını dövlət kimi tanıyacaqdır. Əlbəttə ki,  İslamabad bu qərarı (indiki geosiyasi durumda İrəvanla münasibətlərinə yenidən baxmaq qərarını)  Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni reallıqdan və  8 avqust tarixində Vaşinqtonda sülh müqaviləsinin paraflanması, Zəngəzur dəhlizinin açılmasının razılaşdırılmasından  sonra verdi. Rəsmi İrəvan və dünya da görür ki, Azərbaycanla sülh şəraitində olmaq Ermənistanı dalan ölkəsi olmaqdan çıxaracaq. Ona görə də Ermənistan öz üzərinə düşən məsuliyyəti  dərk etməlidir.

Müsahibədə digər mühüm bir məqam isə  Zəngəzur dəhlizi ilə bağlı olam fikirlər idi. Prezident İlham Əliyev tarixi faktlara əsaslanaraq, qeyd etdi ki, bu ərazi əslində  Azərbaycana məxsus olub. Lakin 1920-ci ildə   Sovet Rusiyası Azərbaycanı işğal edəndən sonra Qərbi Zəngəzuru Azərbaycandan alıb Ermənistana verdi. Azərbaycanın iki yerə bölünməsinə baxmayaraq,  insanlar Naxçıvana müxtəlif nəqliyyat vasitələri ilə (avtomobil və ya dəmiryolu ilə) sərbəst səfər edə bilirdilər. 

Son illər Azərbaycan Şərqi Zəngəzurda ölkəmizin regional nəqliyyat və logistika qovşağı kimi mövqeyini gücləndirmək üçün nəzərdə tutulmuş Orta Dəhlizinin dəmir yolu və avtomobil yol infrastrukturunu qurur. Avqustun 8-də ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Vaşinqtonda Ermənistanın baş naziri ilə Azərbaycan prezidenti arasında sülh gündəliyi ilə bağlı əldə edilmiş razılaşmalar, həmçinin Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu (TRIPP) layihəsinin həyata keçirilməsinə dair razılaşma Şərqlə Qərb arasında yeni logistika vektorunun sürətlə həyata keçirilməsi üçün ilkin şərtlər yaradıb. Bu faktiki olaraq Azərbaycanı iki yerə böldü Azərbaycanın "Zəngəzur dəhlizi" təşəbbüsü "Tramp marşrutu" kimi təqdim edilən layihə ölkənin yalnız iqtisadi mövqeyini deyil, həm də geopolitik mövqelərini gücləndirir. Bu layihə ilə Azərbaycan öz əsas ərazisini Naxçıvanla birləşdirir və regionda tranzit ölkə kimi mühüm rol oynayır. Dövlət başçısı qeyd edib ki, bu layihənin həyata keçirilməsi sayəsində Ermənistan da daşımalardan tranzit haqqı ala biləcək. Prezident onu da vurğulayıb ki, Asiyadan Azərbaycan üzərindən Avropaya daşınan yüklərin həcminin artdığını nəzərə alsaq, yeni dəhliz qitələri birləşdirən mühüm nəqliyyat qovşağına çevriləcək.  Bu fikirlərin məntiqi davamı kimi, Prezident İlham Əliyev Çinin Tiencin şəhərində “ŞƏT plyus” formatında keçirilən tədbirdə çıxışı zamanı bir daha bu məsələyə diqqət çəkərək bildirdi ki: “Əminəm ki, yaxın gələcəkdə Zəngəzur dəhlizi həm Orta Dəhlizin, həm də Şimal-Cənub dəhlizinin növbəti mühüm seqmentinə çevriləcək, sülhü, çoxtərəfli tərəfdaşlığı möhkəmləndirəcək və Azərbaycan sərhədinin şərqində, qərbində, şimalında və cənubunda yerləşən yaxın və uzaq qonşularımıza fayda gətirəcək”.

      Rusiya tərəfindən vurulan Azərbaycan mülki təyyarəsi ilə bağlı insident iki ölkə arasında münasibətlərdə ciddi gərginliyə və Azərbaycan xalqında böyük məyusluğa səbəb oldu.  Ölkə başçımızın dediyi kimi, bu, həm texniki, həm də diplomatik baxımdan faciəvi səhv idi və qarşı tərəfdən açıq, şəffaf və ədalətli araşdırma tələb olunur. Prezident İlham Əliyev xatırladıb ki, Azərbaycan 2020-ci ildə ölkə sərhədinə yaxınlaşan Rusiya helikopterini “ilk növbədə olmamalı olduğu yerdə” təsadüfən vurub : “Həmin gün mən dərhal Rusiya Prezidentinə zəng etdim və üzrxahlığımı bildirdim. Biz həlak olan pilotların ailələrinə və Müdafiə Nazirliyinə dərhal təzminat ödədik. Biz istintaq başlatdıq və bu faciəli səhvə yol verənlər məsuliyyətə cəlb olundular. Lakin Rusiya tərəfindən belə addımların atıldığını görmədik. Beləliklə, noyabrın 9-da baş verən bu faciəli hadisə və davranışımız bizi Azərbaycana qarşı eyni münasibətin sərgilənməsinə hazır etdi, çünki iki ölkə bir-birini dost adlandırır. Lakin bu, çox təəccüblü idi. Bu vaxtadək onlar nəyin baş verdiyini demirlər. Beləliklə, bu, əlbəttə ki, bizim ikitərəfli münasibətlərimizdə ciddi məsələdir, lakin biz əlaqələri gərginləşdirmək istəmirdik. Bəli, bu, xalqımızı məyus edib, qəzəbləndirib və qəmginliyə salıb. Biz gözləyirik, gec və ya tez istintaq başa çatacaq. Lakin sonra Rusiyada azərbaycanlılara qarşı səbəbsiz hücumlar başladı. İki insan qətlə yetirilmişdir və işgəncələrə məruz qalmışlar”. Dövlət başçımız bir daha  bildirdi ki: “Biz yalnız konstruktiv və hüquqi şəkildə cavab veririk, lakin heç vaxt bizə qarşı təcavüz əlamətlərinə və təzahürlərinə, yaxud hörmətsizliyə dözməyəcəyik”. Beləliklə, dövlət başçımız “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində Azərbaycan dövlətinin mövqeyinin konkret faktlara əsaslandığı və dəyişməz qalması ilə bağlı əvvəllər səsləndirdiyi tezisləri bir daha təsdiqlədi.

     Prezident İlham Əliyevin İranla münasibətlərlə bağlı mövqeyi də dövlətçilik nümunəsidir. Ölkə başçısı rəsmi və institusional əlaqələrin əhəmiyyətini vurğulayaraq, qarşılıqlı etimadın və anlaşmanın gücləndirilməsinin vacibliyini qeyd edir. Azərbaycanın alternativ yollar və çoxşaxəlidiplomatiya vasitəsilə regional əlaqələrini genişləndirməsi dövlətin strateji çevikliyini nümayiş etdirir.

    Prezidentin müsahibəsində Azərbaycanın Türkdilli Dövlətlər Təşkilatındakı güclü rolu və əməkdaşlıq strategiyası regionda birliyin və inkişafın mühüm amili kimi də qeyd olunur. Bu, Azərbaycanın regional və qlobal arenada etibarlı və nüfuzlu oyunçu statusunu təsdiqləyir. Bütövlükdə müsahibədə Azərbaycanın sülhə, sabitliyə, inkişafa və regional əməkdaşlığa verdiyi önəm, diplomatik manevr imkanları və geosiyasi strategiya aydın və inandırıcı şəkildə əks olunub. Prezident İlham Əliyevin bəyanatları Azərbaycanı təkcə güclü dövlət kimi deyil, həm də qarşılıqlı anlaşmaya və dialoqa açıq, regional lider kimi təqdim edir. 

Hicran Hüseynova, 

Milli Məclisin Komitə sədri, professor