İlk dəfə Şimali Kipr Türk Cümhuriyyətində təşkil olunan festival daha sonra “TEKNOFEST Mavi Vətən” ilə dənizçilik ənənəsini yerli və xarici texnologiyalarla birləşdirərək yüz minlərlə insanı bir araya gətirib. Bu ilin 17–21 sentyabr tarixlərində Atatürk Hava Limanında təşkil olunacaq “TEKNOFEST İstanbul”da texnologiya sərgilərindən hava şoularına, innovativ layihələrdən ilhamverici görüşlərə qədər saysız-hesabsız tədbirlərlə zəngin festival unudulmaz anlara ev sahibliyi edəcək.
Texnologiya və həyəcanın mərkəzi: “TEKNOFEST İstanbul”
Hər il yenilənən müxtəlif kateqoriyaları ilə seçilən “TEKNOFEST” çərçivəsində keçiriləcək İstanbul mərhələsində 58 əsas və 137 alt kateqoriya üzrə yarışlar təşkil olunacaq. Seçmə mərhələsini uğurla keçən komandalar 85 milyon Türkiyə lirəsindən (TL) artıq maliyyə dəstəyi qazanacaq, qaliblərə isə ümumilikdə 65 milyon TL-dən çox mükafat təqdim ediləcək.
Bundan əlavə, Atatürk Hava Limanında keçiriləcək festivalda yalnız texnologiya müsabiqələri deyil, eyni zamanda müxtəlif tədbirlər də olacaq. Festival çərçivəsində hava şouları, konsertlər, sərgilər və ustad dərsləri, simulyasiyalı təcrübə zonaları, planetarium, sərgilər, şagirdlər üçün xüsusi uçuş proqramları kimi bir çox maraqlı fəaliyyətlər təqdim ediləcək.
“TEKNOFEST İstanbul” üçün ziyarətçi qeydiyyatı açıqdır
“TEKNOFEST İstanbul”da iştirak tamamilə ödənişsizdir. Ancaq festival ərazisinə giriş üçün ziyarətçilərin onlayn qeydiyyatdan keçməsi tələb olunur. Hər bir iştirakçı üçün ayrıca bilet hazırlanır, lakin 7 yaşdan kiçik uşaqlar üçün qeydiyyat şərti yoxdur. Tədbir sahəsinə giriş və çıxışlar saat 09:00–18:00 aralığında mümkün olacaq.
Ziyarətçilərə festival ərazisinə gediş-gəliş zamanı ictimai nəqliyyatdan istifadə etmələri tövsiyə olunur. Bu, həm sürətli və rahat çatmaq imkanı yaradacaq, həm də ərazidə nəqliyyat sıxlığının qarşısını alacaq.
Festival və ziyarətçi qeydiyyatı haqqında daha ətraflı məlumat üçün www.teknofest.org saytına daxil ola bilərsiniz.
Orxan Vahidoğlu, “İki sahil”