05 sentyabr 2025 01:58
246

Regionun müasir siyasi tarixində mühüm dönüş nöqtəsi - Minsk qrupunun ləğvi

Xəbər verildiyi kimi, sentyabrın 1-də ATƏT-in 57 üzv ölkəsi ilin sonunadək Minsk qrupunu ləğv etməyə yekdilliklə səs verib. Beləliklə, Azərbaycanın düşünülmüş diplomatiyası sayəsində ATƏT-in Minsk qrupu artıq tarixin bir hissəsinə çevrilir. Məlumdur ki, Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yardım etmək üçün yaradılan ATƏT-in Minsk qrupu onilliklər ərzində Ermənistan-Azərbaycan probleminin həllini ləngitmək üçün alət olub, strukturun özü isə Cənubi Qafqazda sülhün bərqərar olmasına deyil, müəyyən dairələrin maraqlarına xidmət edib. 2020-ci ilin payızında Azərbaycanın qələbəsi ilə başa çatan Vətən Müharibəsindən sonra rəsmi Bakı dəfələrlə bəyan edib ki, Qarabağ münaqişəsi həll olunub, bu da Minsk qrupuna və onun institutlarına ehtiyac qalmadığı deməkdir. Qrupa üç həmsədr ölkə - ABŞ, Rusiya və Fransa və Finlandiyanın özündən əlavə Belarus, Almaniya, İtaliya, Türkiyə, İsveç, Azərbaycan və Ermənistan daxildir. Vaşinqtonda məlum üçtərəfli görüş fonunda Minsk qrupu ilə bağlı vəziyyət tamamilə dəyişdi. Ümumiyyətlə, Ermənistanla bağlı Azərbaycan burada bir neçə möhtəşəm nailiyyətə imza atdı. Əvvəla, Ermənistan sülh müqaviləsinin imzalanması üçün əsas şərtlərdən biri olan ATƏT-in Minsk qrupunun buraxılmasına razılıq verdi. Buna qədər rəsmi İrəvan təkid edirdi ki, Minsk qrupunun buraxılması üçün müvafiq müraciət sülh müqaviləsinin imzalanması ilə eyni vaxtda olsun. Amma Vaşinqtonda Ermənistan Azərbaycanın yanaşmasını qəbul etdi. Burada Prezident İlham Əliyevin ABŞ-dan olan həmkarı Donald Tramp və Ermənistan baş naziri Nikol Paşinyanla görüşü çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş” layihəsini paraflamaqla yanaşı, ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciəti (ATƏT-in Minsk Prosesinin, ATƏT-in fəaliyyətdə olan sədrinin Minsk konfransının müzakirəsində olan münaqişə üzrə şəxsi nümayəndəsi və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun bağlanması barədə) imzalayıblar. Beləliklə, artıq ATƏT-in Minsk qrupunun buraxılması prosesinə start verildi. Belə ki, Azərbaycan və Ermənistan Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə birgə müraciət etdi. ATƏT-in Minsk qrupunun ləğvi Azərbaycanın Ermənistanla sülh müqaviləsi imzalaması üçün iki mühüm şərtindən biri olub.

Beləliklə, yaxın günlərdə tarixin arxivinə gömüləcək Minsk qrupu təxminən 30 il ərzində səmərəsiz, faydasız fəaliyyəti ilə, həmçinin ermənilərin maraqlarından çıxış edən ədalətsiz bir təsisat kimi yadda qalacaq. Bu struktur ATƏM-in (1 yanvar 1995-ci ildən ATƏT- red) üzv dövlətləri Xarici İşlər Nazirləri Şurasının 1992-ci il martın 24-də Finlandiyanın paytaxtı Helsinkidə keçirilmiş görüşündə təsis edilib. Görüş zamanı Qarabağdakı vəziyyət müzakirə olunaraq, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsinə dair Minsk konfransının çağırılması haqqında qərar qəbul edilib. Qrupun tərkibinə ABŞ, Fransa, Rusiya, Azərbaycan, Ermənistan, Almaniya, Belarus, İsveç, İtaliya, Niderland, Portuqaliya, Türkiyə və Finlandiya daxil idi. Minsk qrupu Ermənistan-Azərbaycan münaqişəsinin ATƏT-in prinsipləri əsasında sülh yolu ilə danışıqlar vasitəsilə həlli üçün yaradılmışdı. 1994-cü il dekabrın 5-6-da qurumun Budapeştdə keçirilən Zirvə toplantısında həmsədrlik institutu təsis olundu. Həmsədrlik institutuna ilk vaxtlar Finlandiya ilə Rusiya, daha sonra isə 1995-1996-cı illərdə İsveç və Rusiya rəhbərlik edib. 1997-ci il yanvarın 1-dən isə ATƏT-in Minsk qrupunun həmsədrlər dövlətləri ABŞ, Rusiya və Fransa olub.

Qeyd etdiyimiz kimi, ötən müddət ərzində Minsk qrupu vasitəçi olaraq heç bir addımı ilə yadda qalmayıb. Əksinə, hər zaman işğalçı ilə işğala məruz qalan dövlətə eyni yanaşma sərgilənib, Ermənistana nəinki hər hansı təzyiq göstərilib, heç sözdə belə işğal faktı pislənməyib. Münaqişəni dondurmağa, o zamankı status-kvonu saxlamağa çalışıblar, regiona turist səfərləri həyata keçiriblər. İkinci Qarabağ müharibəsindən sonra onsuz da fəaliyyətsiz olan Minsk qrupunun artıq sənəd üzərində belə heç bir işi qalmadı. Amma buna baxmayaraq, onlar yenə regiona səfər etdilər. Azərbaycan Prezidenti İlham Əliyev 12 dekabr 2020-ci ildə ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, ABŞ-dən olan həmsədri Endrü Şoferi, Rusiyanın Azərbaycandakı o zamankı səfiri Mixail Boçarnikovu və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiki qəbul edərək bu qurumun 30 ilə yaxın dövr ərzində fayda vermədiyini vurğulamışdı. Dövlət başçısı onlara müraciətlə demişdi: "Sizi dinləyirəm, çünki buraya gəlmək sizin ideyanız idi. Mən Minsk qrupunu səfərə dəvət etməmişəm. Lakin mənə məlumat verəndə ki, Minsk qrupu gəlmək istəyir, dedim gəlsinlər, etiraz etmirəm. Bəlkə onların mənə sözləri var".

Dövlət başçısı eyni zamanda, Azərbaycanın 30 ilə yaxın davam edən münaqişəni həll etdiyini, buna güc yolu və siyasi vasitələrlə nail olduğunu söyləmişdi: "Təəssüflər olsun ki, Minsk qrupu münaqişənin həllində heç bir rol oynamayıb. Halbuki bunu etmək üçün Minsk qrupu 28 il ərzində müvafiq mandata sahib idi. Mən son 17 il ərzində danışıqlarda iştirak etmişdim. Lakin müharibə zamanı dediyim kimi, Minsk qrupunun ideyalarla çıxış etmək və yaradıcı olmaq istiqamətində müəyyən fəaliyyəti olsa da, bunlar heç bir nəticə verməmişdir. Reallıq bundan ibarətdir. Beləliklə, Azərbaycan bu məsələni özü həll etmişdir".

"Əl-Ərəbiyyə" kanalına müsahibəsində isə dövlət başçısı söyləyib ki, Minsk qrupu 1992-ci ildə ATƏM tərəfindən Qarabağ münaqişəsinin həlli üçün yaradılmışdı. Ermənistan rəsmi şəkildə Qarabağı Azərbaycanın hissəsi kimi tanıdığını və münaqişənin başa çatdığını bildirdiyi halda, Minsk qrupunun hüquqi mövcudluğu absurddur: "Əgər onu saxlamaqda israrlı olsalar, bu, onların Qarabağla bağlı hələ də ərazi iddialarının olduğunu göstərir. Bu, mövqeyimizin əsasında dayanan məntiq idi. Ermənistana anlatmaq üçün çox vaxt və səy sərf etdik ki, hər iki tərəf Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə məktub yazsın və bu, Prezident Trampın iştirakı ilə baş verdi. Hazırda proses artıq başlayıb və bu, Minsk qrupunun hüquqi süqutunu ifadə edəcək, çünki o, artıq beş ildən çoxdur ki, fəaliyyətsizdir".

Beləliklə, Azərbaycanın daha bir tələbi artıq reallaşmaq üzrədir. Bu, Bakının regionda yaratdığı yeni reallıqların bütün dünya tərəfindən qəbul edildiyinin daha bir nümunəsidir. Eyni zamanda, Vaşinqton sammitində əldə edilmiş razılıqların Cənubi Qafqazda yeni səhifə açdığını, sülh gətirdiyini göstərir.

Sevinc Azadi, “İki sahil”