05 sentyabr 2025 02:58
281

Avropa İttifaqının müşahidə missiyası fəaliyyətini nə vaxt dayandıracaq?

“Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında” Sazişin yeddinci bəndində deyilir: “Tərəflər qarşılıqlı sərhədə hər hansı üçüncü tərəfin qüvvələrini yerləşdirməyəcəklər. Tərəflər, qarşılıqlı sərhədin delimitasiyası və sonrakı demarkasiyasının başa çatmasına qədər, sərhəd bölgələrində təhlükəsizlik və sabitliyin təmin olunması məqsədilə, hərbi sahə də daxil olmaqla, qarşılıqlı razılaşdırılmış təhlükəsizlik və etimad-quruculuğu tədbirləri həyata keçirəcəklər”.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev mətbuata açıqlamasında vurğulayıb ki, yaxın iki ildə Aİ-nin müşahidə missiyasının Ermənistan ərazisində fəaliyyət göstərmək ehtimalı var: “Lakin delimitasiya və digər müsbət faktorları nəzərə alaraq EUMA Ermənistan ərazisindən daha tez çıxa bilər. Bu, Ermənistan və Aİ arasında olan məsələdir. Ancaq sülh sazişi imzalandıqdan sonra bu təkcə Ermənistan - Avropa İttifaqı məsələsi olmayacaq, artıq Ermənistanın öhdəliyi olacaq ki, ərazisindən üçüncü tərəfin qüvvələrini çıxarsın”.

 Aİ-nin xarici siyasət üzrə nümayəndəsi Anita Hipper bildirib ki, Aİ-nin Ermənistandakı missiyası fəaliyyətini davam etdirəcək: “Aİ-nin monitorinq missiyasının mandatına mümkün dəyişikliklər Yerevan və Brüssel arasında müzakirə olunacaq".  Aİ-nin Ermənistandakı səfiri Vasilis Maraqos da Ermənistanla Azərbaycan arasında sülh sazişinin paraflanmasından sonra üçüncü qüvvələrin sərhəddə qalıb-qalmaması ilə bağlı suala təxminən eyni cavabı verib: “Hər hansı dəyişikliyə ehtiyac olarsa, bunu üzv dövlətlər və Ermənistan hakimiyyəti ilə müzakirə edəcəyik. Amma indiki mərhələdə mən Ermənistan ictimaiyyətini əmin etmək istəyirəm ki, Aİ missiyası öz mandatına uyğun olaraq fəaliyyətini davam etdirəcək”. Çox güman ki, bu müzakirələr paraflanan Sazişdən kənara çıxmayacaq. Unutmayaq ki, bu Sazişin paraflanması ABŞ-ın ifadəsi və onun birbaşa zəmanəti ilə baş tutub.

Xatırladaq ki, Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Cənubi Qafqazda Ermənistan üzərindən manipulyasiya etmək məqsədilə yaradılan və 2023-cü ilin əvvəlindən fəaliyyət göstərən bu missiya Minsk qrupu kimi indiyə qədər heç bir müsbət nəticə əldə etməyib. Sadəcə, bu müddət ərzində Azərbaycanla şərti sərhəddə “binokllu diplomat-kəşfiyyatçıları”nın sayını artırıb. Belə ki, ilk vaxtlar missiyada 40, sonra isə 103 müşahidəçi təmsil olunub. Hazırda isə onların sayı 210 nəfəri keçib.  Aİ-nin  qəbul etdiyi qərara əsasən, missiya 2027-ci il fevralın 19-dək Ermənistanın sərhədyanı rayonlarında qalacaq.

Onu da bildirək ki, missiyanın Ermənistan ərazisində yerləşdirilməsi zamanı Azərbaycanın razılığı alınmayıb. Halbuki regionda fəaliyyət göstərən hər hansı beynəlxalq strukturun legitimliyi üçün tərəflərin razılığı mühüm şərt sayılır. Rəsmi Bakı dəfələrlə Aİ-nin müşahidə missiyasının fəaliyyəti ilə bağlı bir sıra ciddi iradlarını səsləndirib. Amma indiyədək bu kimi iradlara məhəl qoyulmayıb. Yeri gəlmişkən, onu da qeyd edək ki, bir neçə gün öncəyə qədər ATƏT-in Minsk qrupu ilə də vəziyyət belə idi. Amma bu qurum sentyabrın 1-də ATƏT Nazirlər Şurası tərəfindən ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanmasına dair qərar qəbul olunub. Şübhəsiz, bunu Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Vaşinqtonda imzaladıqları Birgə Bəyannamənin davamı kimi dəyərləndirmək olar. Məhz bu qərarla keçmiş Ermənistan-Azərbaycan münaqişəsi tamamilə ATƏT-in, eləcə də digər qurumların gündəliyindən çıxarılıb. Prezident İlham Əliyev uzun illər idi ki, bu təşkilatı lazımsız adlandıraraq, qətiyyətli və uzaqgörən mövqeyini ortaya qoymuşdu.

Milli Məclisin deputatı Tural Gəncəliyev mövzu ilə bağlı “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Sammiti çərçivəsində Prezident İlham Əliyev Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüşüb: “Liderlər sülhün və normallaşma prosesinin irəlilədilməsinə dair beynəlxalq dəstəyi bir daha təsdiqləyən son Vaşinqton Sammiti zamanı əldə edilən müsbət dinamikadan söz açıblar. Bu bir daha göstərir ki, artıq Paşinyan da Sazişdəki müddəaları yerinə yetirmək niyyətindədir. Yəni Ermənistan Azərbaycanın, onun liderinin irəli sürdüyü sülh gündəliyinə qarşılıq verməkdədir. Bu mənada mən hesab edirəm ki, Aİ-nin müşahidə missiyası məsələsi də məhz Azərbaycanın legitim istəkləri konteksində öz həllini tapacaq”.

Qvami Məhəbbətoğlu, “İki sahil”