05 sentyabr 2025 22:35
115

Azərbaycan haqqında xoş söz deyənlər niyə işdən azad edilir…

Erməni diasporunun ölkəmizə qarşı apardığı mətbuat savaşında onlara alət olanlardan bir də rusiyalı televiziya aparıcısı, ermənipərəst jurnalist Vladimir Solovyovdur. O Solovyov ki, 2013-cü ildə Ermənistanın milli və dövlət maraqlarının qorunmasındakı xidmətlərinə görə Serj Sarkisyan tərəfindən “Şərəf“ ordeni ilə mükafatlandırılıb. O Solovyov ki, İkinci Qarabağ savaşı zamanı televiziya proqramında təcavüzkar ölkənin Azərbaycana qarşı yönəlmiş işğalçılıq siyasətinə açıq şəkildə dəstək nümayiş etdirib, ölkəmizlə bağlı həqiqətləri dilə gətirənləri öz dəstəsi ilə birgə topa tutub. O Solovyov ki, “Crocus City Hall” konsert zalında törədilmiş və xeyli günahsız insanın ölümünə səbəb olmuş terror aktında Azərbaycan izi axtarmağa çalışıb. Bəli o, bu gün də ölkəmizə qarşı ənənəvi qərəz ritorikasını yorulmadan davam etdirir. Bütün bunlar isə bir daha sübut edir ki, o da Azərbaycanın bölgədə yaratdığı yeni reallıqları, sülhə doğru atılan addımları həzm edə bilmir. Qeyd edək ki, belə müzakirələrdə, bir qayda olaraq, Solovyovun həmfikiləri ölkəmizə qarşı düşmən mövqe tutan Marqarita Simonyan, Konstantin Zatulin, Semyon Baqdasarov və digərləri olurlar.

Hətta iş o yerə çatıb ki, Solovyov Azərbaycan həqiqətlərini söyləyənlərə də qənim kəsilib.  Bunu Rusiyanın baş naziri Mixail Mişustinin sərəncamı ilə TASS-ın baş direktorunun birinci müavini vəzifəsindən azad edilmiş Mixail Qusmanın timsalında aydın görmək olar. Məlum olduğu kimi, Qusman iyulun 19–21-də Xankəndidə keçirilmiş III Şuşa Qlobal Media Forumunda iştirak edib və özünəməxsus suallarla Prezidentə müraciət edib. Sən demə, Qusman Prezident İlham Əliyevdən Bakıda saxlanılan və adlarını jurnalist qoyan agentlər barədə soruşmalı imiş. Halbuki Solovyov da yaxşı bilir ki, həmin şəxslər Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti ilə əməkdaşlıq ediblər və jurnalist fəaliyyəti ilə bağlı olmayan tapşırıqları yerinə yetirmək məqsədilə Azərbaycanda olublar. Yəni onlar jurnalist fəaliyyətinə görə həbs edilməyiblər.

Ermənipərəst mövqe tutan bədnam rusiyalı təbliğatçı Vladimir Solovyov dövlət televiziyasının efirindən təkcə Qusmanı yox, habelə Azərbaycanın təşkil etdiyi mötəbər tədbirin iştirakçısı olmuş digər rusiyalı nümayəndələri, o cümlədən Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markovu da hədəfə alıb: “Onlar həmkarlarımızın taleyi ilə bağlı sual verməyi özlərinə sığışdırmadılar. Amma tərif yağdırmağı özlərinə rəva bildilər. Bu, təkcə peşəkarlıq deyil, həm də insan alçaqlığının təzahürüdür. Onlardan biri xoşbəxtlikdən təqaüdə çıxdı. İkincisi ümid edirəm, Markov bir daha heç vaxt Rusiyanın heç bir media orqanına dəvət olunmayacaq…”  Bu günlərdə Solovyov Markovla əlaqədar növbəti sərsəm bəyanatla çıxış edib. Belə ki, o, rusiyalı politoloq Sergey Markovu "Azərbaycanın agenti" adlandırıb və adını çəkmədən həbs edilməli olduğunu bildirib.

Xatırladaq ki, politoloq, Dövlət Dumasının sabiq deputatı Sergey Markov xarici agentlər siyahısına daxil edilib. Buna əsas arqument kimi "Rusiya Federasiyasında xarici agentlərin və arzuolunmaz təşkilatların məlumatlarının və materiallarının yaradılmasında və yayılmasında iştirak" gətirilir: "S. Markov xarici KİV-lər və xarici agent tərəfindən təqdim olunan informasiya platformalarında respondent qismində iştirak edib".

Halbuki Markov heç zaman nə Putinin, nə onun hakimiyyətinin, nə də Ukraynaya qarşı işğalçı müharibənin əleyhinə heç nə deməyib. Onun yeganə “qəbahəti” Şuşada keçirilən Foruma qatılması və orada Azərbaycan Prezidentinin ünvanına xoş sözlər söyləməsidir. Yeri gəlmişkən, Markov həmin tədbirdən sonra verdiyi açıqlamada Prezident Əliyevi “müasir dövrün ən təcrübəli liderlərindən biri” adlandırmışdı: “Dünyada müharibədə qələbə qazanan, ərazi bütövlüyünü tam bərpa edən o qədər də çox dövlət yoxdur. Bir çox dünya liderləri bu qələbənin sirrini öyrənmək və bu təcrübəni mənimsəmək istəyərdilər”. Görəsən, nə vaxtdan Azərbaycandan səfər dəvətini qəbul etmək, bu ölkənin həqiqətlərini dilə gətirmək Rusiyada qanun pozuntusu sayılır?

Belə çıxır ki, solovyovlar Azərbaycanın mövqeyini dəstəkləyənləri, onun ünvanına xoş söz deyənləri özlərindən biri saymırlar. Şübhəsiz, həm Qusmanın, həm də Markovun bu şəkildə vurulması solovyovların Azərbaycana qarşı apardıqları təhdid, təbliğat kampaniyasının bir hissəsidir.

Qeyd edək ki, hər iki şəxs bütün karyeraları boyu Rusiya–Azərbaycan münasibətlərinin inkişafına töhfə verib, ikitərəfli əlaqələrdə müəyyən gərginliyin və anlaşılmazlığın yarandığı məqamlarda informasiya sahəsində təxribatların qarşısını almağa çalışıb, həmkarlarını təmkinli davranmağa, obyektivliyə çağırıb. Onlar sağlam və peşəkar jurnalist mövqeyi ilə Bakı və Moskva arasında körpü rolunu oynayıb.

Qvami Məhəbbətoğlu, “İki sahil”