06 sentyabr 2025 08:26
142

Azərbaycanın və Ermənistanın “qabırğası…”

Rusiya həyasızcasına bu iki dövlətin yanından əl çəkmir

Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan Ağ Evdə imzalanmış tarixi sənədlərin üstündən bir ay, Abu-Dabi görüşündən isə iki ay sonra Çində bir araya gəldilər. Həmişə siyasi prosesləri qarışdıran Rusiya isə növbəti dəfə “ofsaytda” saxlanıldı. Halbuki 44 günlük müharibədən sonra Əliyev, Paşinyan və Putin il ərzində dəfələrlə üçlü formatda Moskvada və Soçidə görüşmüş, birgə bəyanatlar qəbul etmişdilər. Əslində, Rusiyanın işi bununla bitməli idi. Lakin Kreml rəhbəri son addımını atmadı, yenə astagəllik etdi, göz-görəsi izafi vaxt uzatdı. Hər dəfə düzələsi məsələləri pozaraq mürəkkəb vəziyyətə gətirməyə cəhd etdi. Rusiya prezidenti Vladimir Putinin bədniyyətləri açıq-aşkar ortada idi və müsbət bir hal yarananda onu arı yuvasına çevirirdi. Məsələn, ən azı Azərbaycanla sərhədlərdə atəşkəs rejiminə əməl olunmurdu. Səbəbi də o idi ki, Ermənistan ordusunda xidmət edən orta çinli zabitlərin əksəri Moskvadan verilən əmrləri yerinə yetirirdilər. Ancaq indi vəziyyət xeyli dəyişib, sülhə mane olacaq qüvvələr ciddi nəzarət altında saxlanılır, bir çoxları isə ordudan tərxis olunub. Keşişlər, revanşistlər, daşnaklar və casuslar daha əl-ayaq aça bilmirlər. Bu məsələdə ABŞ diplomatlarının və Avropa Birliyi ölkələrinin müşahidə missiyasının da mühüm xidmətləri var.

İnandırıcıdır ki, Əliyevlə Paşinyanın, Ərdoğanla Paşinyanın Çin danışıqları sülh prosesinə əlavə stimul verəcək. Bu kimi təmaslar, eləcə də Azərbaycan və Ermənistanın birinci xanımlarının ilk dəfə görüşərək birgə şəkil çəkdirməsi iki xalq arasında nə qədər çətin də olsa, etimad mühitinin yaranmasına və düşmənçilik səhifəsinin daha tez qapanmasına yardımçı ola bilər. Paşinyan iqtidarı ölkədə vəziyyətə tam nəzarət edir. Artıq müharibələrdən bezmiş ermənilər Nikol Paşinyanın yeritdiyi xətti müdafiə edir, Azərbaycanla sülh və əməkdaşlıqdan danışırlar. Bunun üçün də münasib tarixi şərait yaranıb.

Böyük sülhə doğru yolda iki ən ciddi əngəldən biri aradan qalxıb. ATƏT-in Minsk Qrupu rəsmən ləğv olunub. Qalır Ermənistan Konstitusiyasına müvafiq düzəlişi edib paraflanmış sülh müqaviləsini imzalamaq, tərəflər arasında, o cümlədən Ankara və İrəvan arasında diplomatik münasibətlər qurmaq. 

Yəqindir ki, bundan sonra bütün anti-türk çevrələr və müharibə tərəfdarları, xüsusilə erməni lobbisi və Erməni Apostol Kilsəsi, habelə Ermənistanda Rusiyaya bağlı qüvvələr bütün güclərini məhz konstitusiya dəyişikliyinə qarşı səfərbər edəcəklər. Çünki bu, sülhü pozmaq, onların aranı qarışdırmaq üçün sonuncu bəhanəsidir. Bütün planlar Kremldə cızılacaq, İrəvanda icra olunmağa çatdırılacaq.

Sual yaranır: Moskvanın öz günahı ucbatından prosesdən kənarda qalması, Çində Bakıdan “sarı kart” alması böyük sülhə əngəl yarada bilərmi? Rusiyanın Ermənistan əhalisini baş nazir Nikol Paşinyana qarşı qaldırmaq imkanı nə dərəcədə realdır?

Görünən odur ki, Rusiyanın Ermənistandakı hadisələrə müdaxilə imkanları “əriyir” və sürətlə azalır. 102-ci hərbi baza və sərhəd qoşunları Ermənistandan çıxarılarsa, Rusiyanın bu ölkəyə təsir imkanları sıfıra bərabər olacaq. Çünki sadə ermənilər onlara sülh gətirənlərlə müharibələr, müsibətlər gətirənləri ovuc içi kimi görəcək və Nikol Paşinyanın arxasında duracaqlar. Reallıqlar üzə çıxdıqca Ermənistanda Rusiyanın ayaqları yerdən üzülür. Ermənilər anlayırlar ki, yeni müharibə cırtdan dövləti xəritədən silib ata bilər. Rusiya da elə bu vəziyyətdən istifadə etməyi planlaşdırır. Bu səbəbdən də Putinin sonuncu istinad nöqtəsi sabun köpüyünə oxşayan üçtərəfli sazişdir, saziş isə kağız parçasıdır, özlüyündə heç nəyi həll edə bilməz. Qısaca desək, Rusiyanın əl atıb qamarladığı saman çöpüdür.

Çində üçtərəfli görüşün olmayacağı gözlənilən idi. İlk növbədə, səkkiz aydır ki, Azərbaycan-Rusiya münasibətləri bütün sferalarda çox pisləşib. Günahkarı da rəsmi Moskvadır. Səbəbi Şimal dövlətinin Cənubi Qafqazda özünü hegemon və şovinist kimi aparmağa çalışmasıdır. İkincisi, prezident Putin bilməli idi ki, belə bir formatda görüşə ehtiyac yox idi, çünki tərəflər sülh mətnini paraflayıblar. Yəni Rusiyanın iştirakı ilə müzakirə ediləcək mövzular yalnız iqtisadi əməkdaşlıq sahələri ola bilərdi. Kremlə isə bərabər əməkdaşlıq qətiyyən lazım deyil. Əgər Moskva Bakı ilə İrəvan arasında hər hansı mövzuda vasitəçilik etməyə həvəslidirsə, buna da zərurət qalmayıb. Bu mənada Rusiyanın sonuncu bəhanəsini də əlindən almaq lazımdır. Söhbət 2020-ci ilin 10 noyabr sənədindən gedir. Əslində, bu sənəd də əhəmiyyətini itirib. Bu günlərdə Nikol Paşinyanın sözlərinə Mariya Zaxarova cavab verdi ki, üçtərəfli saziş qüvvədə qalır. Beş il icra olunmayan sənəd nə vaxtadək “qüvvədə qalacaq”. İndi bu maniəni aradan qaldırmaq üçün hər iki tərəf bəyannamədən çıxdığını bildirməlidir. Şübhəsiz ki, belə bir qərar olacaq. Çünki ölkələrimiz zəli kimi yapışıb əl çəkməyən qaniçəndən yaxa qurtarmağa imkan tapıb. Ondan sonra Rusiyanın Cənubi Qafqaz regionundakı məsələlərə qarışmağa imkanı qalmayacaq.

Rusiya artıq region ölkələrinin “qabırğa”sına çevrilib. Harada iki lider görüşüb ölkəsinin rifahı barədə söhbət edirsə, Rusiya təmsilçiləri gedib onların yanını kəsdirirlər. Həm də xoş məramla deyil, bunlarda xoş məram olmur. Çünki məqam yetişəndə “dostunun” kürəyinə saplamağa xəncəri hazır saxlayır.

Görəsən, özünü gülünc vəziyyətə salmaq, siyasətdə bambılılıq etmək ucsuz-bucaqsız ərazisi olan bu nəhəng imperiyanın nəyinə lazımdır? Bunların ata-babaları uşaqlara, gənclərə baş kəsmək, işğalçılıq, zorakılıq öyrədibsə bizim müdrik babalarımız əksinə, zəiflərə hörmət, kömək etmək, çörəyini bölmək kimi yüksək insani keyfiyyətlər aşılayıblar. Başqalarının daxili işlərinə hər yolla burun soxmaq, ciblərindəkinə icazəsiz şərik olmaq bunlarda nə adətdir, sualının cavabı da elə oradan çıxır. “Dəli Petronun nəvələri” göstərirlər ki, “qabırğa” necə olur?

Vəli İlyasov, “İki sahil”