09 sentyabr 2025 03:01
180

Zatulinin murdar ağzı...

“Beynəlxalq zəli” statusu qazanmış bu ölkə və onun başbilənləri hamı tərəfindən lənətlənsə də utanmaq, peşmançılıq çəkmək, əməllərində düzəliş etmək barədə düşünmürlər. Bu həyasızlığın simvollarından biri yenə murdar ağzını açıb ətrafa üfunət yayır.

Rusiya Dövlət Dumasının komitə sədrinin birnici müavini Konstantin Zatulin yenə Azərbaycanın daxili işlərinə qarışıb. O, guya fərqinə varmadan Rusiyanın Bakıya qarşı düşmən siyasətinin əsl səbəblərini etiraf edib.

Zatulin “Lenta.ru” saytına müsahibəsində Azərbaycanla münasibətlərin normallaşmasına “pis sülh müharibədən yaxşıdır” prinsipi ilə yanaşıb. Lakin əlavə edib ki, “bu, o demək deyil ki, Moskva əməkdaşlığın dərinləşdirilməsini düşünməlidir”. Yəni Azərbaycan günahkar olmasa da, rəsmi Moskvanın ayağına gəlməlidir. Niyəsini izah etməsə də paylaşdığı “status” aydınlıq gətirir. Səbri çatmayan Konstantin Zatulin əsl niyyətlərini gizlədə bilməyərək etiraf edib ki, Rusiyanı qıcıqlandıran Azərbaycanın müstəqil xarici siyasətidir: “Azərbaycan öz istiqaməti ilə gedir. Bu, Qarabağın alınmasından (işğaldan azad edilməsindən desə, dilindən yara çıxar) və 2023-cü ildən sonra daha açıq şəkildə ortaya çıxdı. Azərbaycan Ermənistana daha az milli hökumətin rəhbərlik etməsindən istifadə edib və Türkiyənin dəstəyi ilə planlarını həyata keçirib. O vaxt Rusiya ilə əməkdaşlığa ehtiyac var idi. Lakin Bakının planları reallaşan kimi Rusiya ilə əlaqələrin zərurəti aradan qalxdı. Xüsusilə Ermənistana təzyiqlər, Zəngəzur dəhlizi, amerikalıların, israillilərin və digərlərinin regiona cəlb edilməsi Rusiyanın maraqlarına uyğun gəlmir. Üstəlik, Türkiyə və Azərbaycanın strateji müttəfiqliyi təkcə ikitərəfli deyil, həm də gələcəkdə böyük Turanın qurulmasına, Mərkəzi Asiya və Rusiyanın bəzi türk bölgələrinə nüfuz etməyə hesablanıb.”

Azərbaycanın öz istiqaməti ilə getməsi Zatulini niyə belə təəccübləndirir, bəyəm hər kəs öz yolu ilə getməli deyilmi? Rusiyanın ərazilərini zəbt edib əhalisini əsarət altında əzən, özünü də günahkar çıxaranlara və daim təhdid edənlərə Zatulin hansı reaksiyanı göstərərdi? Ancaq Turan konkret olaraq kiməsə qarşı qurulmur. Görəsən iyrənc şovinizm bunların canından nə vaxt çıxacaq? Deməyindən belə çıxır ki, Ermənistanda “milli hökumət” müharibə tərəfdarları olan  qaniçən Robert Koçaryanla Serjik Sarkisyanın cinayətkar rejimləri imiş.

Görürsünüzmü, böhtançı deputat kiçik bir sitatdan nə qədər yalan və zəhər yağdırır? Türk aləminə, ən çox da Türkiyəyə və Azərbaycana sonsuz nifrətini göstərən bu əfi nə qədər şər və böhtan atır. Demir ki, daim Ermənistanı təlimatlandıraraq silahlandırıb Azərbaycanın üzərinə Rusiya salışdırmışdır. Müharibəyə hazırlıq aparan Rusiya hərbçiləri, ilk növbədə, əhalidə olan ov silahlarını belə alıb müsadirə etdilər. Ermənilərə isə əksinə, əl qumbaraları, avtomat və pulemyotlar paylandı. Erməni silahlı dəstələri sürətlə hazırlaşdırıldı. Rusiya MN onları təlimatçı zabitlərlə, silah-sursatla mütəmadi olaraq təmin edirdi. Bunu sübut etmək üçün təkcə bir epizodu xatırlatmaq kifayət edər.

...1992-ci il fevralın 25-dən 26-a keçən gecə Rusiya Müdafə Nazirliyinin 366-cı motoatıcı alayı kiçik şəhərə iriçaplı toplarla,  50-yə qədər tank və PDM-lə hücum etmişdi. Alayın 1700-dən artıq əsgər və zabitinin yalnız 49-u erməni idi. Bu qədər qüvvə ilə hücum edən alay erməni quldurları ilə birgə cəmi 250 nəfər müdafiəçisi olan  şəhəri vəhşicəsinə darmadağın etdi. Bir gecədə 613 nəfər öldürüldü, yüzlərlə sakin itkin düşdü. Bu dəhşətli cinayəti vəhşicəsinə törədən zatulinlərin şərəfsiz ordusu idi. Yoxsa Ermənistanın buna cəsarəti və ya gücü çatardımı?

Zatulinin yuxarıdakı iddialarının Kremlə məxsus olduğu sirr deyil. Görünür, Rusiya tərəfi bu cür qondarma iddialarla Azərbaycan haqqında mənfi rəy yaratmağa çalışır. Lakin Zatulinin dedikləri həm də Rusiyanın gizlətdiyi qorxularını da ortaya çıxarır, o cümlədən Moskvanın Bakıdan əslində, nələr istədiyini – Zəngəzur dəhlizinin rusların istəyinə uyğun açılması, Türkiyə ilə strateji müttəfiqliyin aradan qalxması, müstəqil siyasətin aparılmaması və s. anlamağa imkan verir.

Uğursuz siyasətçi Kostya Turan ideyasının reallaşdırılmasından qorxduğunu biruzə verir. O, Rusiyanın təsiri altında qalan türk dövlətlərinin birləşməsini böyük təhlükə kimi qəbul edir, bu barədə danışarkən gözləri pırtlayıb hədəqəsindən çıxır, təsəlli üçün yeni yalanlar uydurur.

Konstantin Zatulin qeyd edir ki, Azərbaycan Rusiyaya ehtiyac hiss etməyən kimi üzünü ondan çevirdi. Amma düzünü demir ki, Azərbaycan Rusiyanın işğalından bezib üz çevirdi. Əslində, Azərbaycanın Rusiyaya heç vaxt ehtiyacı olmayıb və indi də yoxdur. Əksinə, yüz il neftimizi, qızılımızı, pambığımızı, ipəyimizi, üzümümüzü, taxılımızı, tərəvəzimizi, meyvəmizi və s. sərvətlərimizi talan edib Moskvaya daşıyırdılar. Bunlar öz yerində. İndi Rusiyanı yandırıb-yaxan da bu sərvətlərin öz sahibinə qayıtmasıdır. Yoxsa azərbaycanlıların qara qaşına-gözünə aşiq olmayıb ki?

Kremldəkilər daha çox ona görə əsəbiləşirlər ki, Azərbaycan Türkiyənin mənəvi dəstəyini hiss edərək müstəqil siyasət yürüdür və kiməsə hesabat vermir. Bu isə türklərin düşmənlərinin xoşuna gəlmir. Sadəcə olaraq, Türkiyənin Cənubi Qafqaz regionunda üstün mövqeyə yüksəlməsi Zatulin kimilərin kirli mənafelərinə toxunur. Çünki onlar Türk birliyindən cin misdən qorxan kimi qorxurlar. Ona görə də Rusiya Zatulinin ağzı ilə hətərən-pətərən danışır. Qudurğan deputat, hətta Azərbaycana təzyiq göstərir ki, türk birliyindən uzaqlaşsın, Türkiyə ilə strateji müttəfiqlikdən çıxsın, Zəngəzur dəhlizinə Rusiyanın nəzarət etməsinə kömək göstərsin. Gör ha, kim kimə ağıl verir? Özü də abırsızcasına Azərbaycana “oturduğu budağı” kəsməyi tapşırır. Bu, başqasının xarici və daxili siyasətinə burun soxması deyil, bəs nədir? Bunlara baxmayaraq, hökmranlığa öyrəşmiş Zatulin kimi zatıqırıqlar özlərini elə ərköyün aparırlar ki, sanki hamının bunlara borcu var. Kostya unudur ki, nikolayların, leninlərin, stalinlərin, qorbaçovların qanlı imperiyaları çoxdan tarixin səhnəsindən gedib. Putinin at oynatdığı sonuncu imperiya isə şərəfsiz ömrünü başa vurmaqdadır. Ancaq can çəkişməsi çətin keçdiyi üçün ətrafındakılara da əziyyət verir. Zatulinlərin həyasızlıqları bu şərəfsiz ömrü bir qədər də uzatmağa hesablanıb. Şərəfsiz ömrün isə heç bir mənası yoxdur. Bir də ki, hər şeyin bir əvvəli olduğu kimi bir sonu da olur.  Başları sağ olmasın!

Vəli İlyasov, “İki sahil”