10 sentyabr 2025 00:34
151

Azərbaycan daha çox nəyi və hansı ölkələrə ixrac edir?

Cari ildə ölkəmizin qeyri-neft sektoru üzrə ixracı 11,4 faiz artaraq 2 milyard ABŞ dollarına çatıb

2025-ci ilin yanvar-iyul aylarında respublikamızda 51 milyard  manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,6 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Xüsusilə ölkə iqtisadiyyatının  neft-qaz sektorunda əlavə dəyər 3 faiz azalsa da,  qeyri-neft-qaz sektorunda isə 3,9 faiz çoxalıb. Yəni, ölkəmizdə artımın əsas mənbəyini qeyri- neft-qaz sektoru təşkil edib. Şübhəsiz ki, bu məsələdə xarici investisiyaların, qabaqcıl texnologiyaların və idarəetmə təcrübəsinin də rolu mühüm önəm daşıyıb. Ölkədə bərqərar olan siyasi və makroiqtisadi sabitlik, investorların hüquqlarının etibarlı qorunması, əlverişli coğrafi mövqe, zəngin təbii ehtiyatlar, yüksək ixtisaslı işçi qüvvəsi Azərbaycanı xarici sərmayələr üçün ən cəlbedici ölkələrdən birinə çevirib.

Ümumiyyətlə, son illər qeyri- neft sektorunun inkişafı istiqamətində bir sıra layihələr həyata keçirilib. Bunun nəticəsində özəl bölmənin inkişafı sürətlənib, sahibkarlığın hüquqi bazası formalaşdırılıb, iqtisadi sərbəstlik diqqət mərkəzində saxlanılıb. Gömrük prosedurlarının sadələşdirilməsi, ticarət maneələrinin azaldılması və tranzit daşımaların optimallaşdırılması kimi mühüm tədbirlər də gerçəkləşdirilib. Eyni zamanda, yüksək keyfiyyətli məhsul istehsalı məqsədilə respublikamıza ən müasir texnika və avadanlıqlar gətirilib. Sənaye müəssisələrində texnoloji proseslər ən müasir səviyyəyə qaldırılıb.

Ölkəmizdə beynəlxalq ticarət qurumlarının? xüsusilə də Ümumdünya Ticarət Təşkilatının (ÜDM) prinsiplərinə ciddi əməl olunması, daxili bazarın qorunması, haqsız rəqabətə qarşı mübarizənin diqqət mərkəzində saxlanılması və rəqabətin inkişafı ilə bağlı tədbirlər həyata keçirilməsi, eyni zamanda, istehlak mallarının keyfiyyətinə və təhlükəsizliyinə nəzarətin artırılması sahibkarların, eləcə də istehlakçıların mövqeyini gücləndirib. Bu isə birmənalı olaraq standartlaşdırma və metrologiya kimi mühüm sahələrin beynəlxalq tələblərə uyğunlaşdırılmasını və milli məhsullarımızın xarici bazarlara çıxışını stimullaşdırıb. Həmçinin ölkəmizdə investisiya mühitinin cəlbediciliyinin artırılması üçün müəyyən layihələrin gerçəkləşdirilməsi ümumi prosesə təkan verib. Bu gün yerli istehsalatda istifadə olunan çoxsaylı məhsulların idxal rüsumundan azad edilməsi yerli istehsalın maya dəyərinin azaldılmasına, yerli malların xarici bazarlarda rəqabət qabiliyyətinin artırılmasına müsbət təsir göstərməsi də deyilən fikri bir daha təsdiq edir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin avqust ayında hazırladığı «İxrac icmalı»na əsasən, bu ilin yanvar-iyul aylarında Azərbaycanın qeyri- neft sektoru üzrə ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,4 faiz artaraq 2 milyard ABŞ dolları təşkil edib. Bu dövrdə yeyinti məhsullarının ixracı 23,9 faiz çoxalaraq 689 milyon dollara çatıb.

Sözügedən dövrdə ixrac olunan şəkər 2024-cü ilin müvafiq dövrünə nisbətən 10 milyon dollar və ya 55 faiz, meyvə- tərəvəz 123 milyon dollar və ya 32 faiz, kimya sənayesi məhsulları 45 milyon dollar və ya 30 faiz, qara metallar və onlardan hazırlanan məmulatlar 8 milyon dollar və ya 19 faiz, pambıq iplik 2,6 milyon dollar və ya 18 faiz, çay 317 min dollar və ya 9 faiz artıb.

Cari ilin  yanvar- iyul aylarında aqrar məhsulların ixracı 28 faiz artaraq 551 milyon dollar, aqrar-sənaye məhsullarının ixracı isə 7 faiz artaraq 179 milyon dollara bərabər olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 22 faiz artaraq 730 milyon dollar təşkil edib. Qeyd olunan dövrdə ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (178,8 milyon dollar) birinci olub. Bu siyahıda pomidor (tomat) (156,9 milyon dollar) ikinci, pambıq lifi (108,1 milyon dollar) isə üçüncü yerdə qərarlaşıb.

Cai ilin yeddi ayında Rusiyaya 716,6 milyon dollar, Türkiyəyə 339,7 milyon dollar, İsveçrəyə 186,6 milyon dollar, Gürcüstana 183,4 milyon dollar, Ukraynaya isə 109,9 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

Burada digər diqqətçəkən məsələ cari ilin yanvar-iyul aylarında «Azərkosmos» tərəfindən dünyanın 41 ölkəsinə 10 milyon dollar dəyərində peyk-telekommunikasiya xidmətlərinin ixrac edilməsidir.  Bu təşkilatın xidmət ixracından əldə etdiyi gəlir isə onun ümumi gəlirinin 66 faizinə yüksəlib. Hesabat dövründə peyk-telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində isə 2,7 milyon dollar ilə Birləşmiş Krallıq, 2,1 milyon dollar ilə Lüksemburq, 498,9 min dollar ilə Nigeriya, 461 min dollar ilə Türkiyə, 417,5 min dollar ilə Misir qərarlaşıb.

Bəs Azərbaycanın ixrac potensialının artmasına səbəb olan daha hansı məqamlar var? Qeyd edək ki, ölkəmiz  «Ümumiləşdirilmiş Preferensiyalar Sistemi+» Proqramına («GSP+») qoşulandan sonra ixrac potensialı  həm ciddi şəkildə artıb, həm də onların çeşidi çoxalıb.  Məhz bu səbəbdəndir ki, sahibkarlarımızın Avropa İttifaqı  bazarlarına güzəştli şərtlərlə ixrac imkanları genişlənib. Bundan başqa, ixrac potensialının güclənməsini son illər Vergi Məcəlləsinə edilən düzəlişlər, sənaye məhəllələrinin, texnoparkların, azad iqtisadi zonaların salınması da intensivləşdirib.

Elçin Zaman, «İki sahil»