11 sentyabr 2025 00:14
87

Geriyədönüşü olmayan sülh: hüquqa və ədalətə əsaslanan razılaşmalar

Sentyabrın 5-dəki qarşılıqlı səfərlər iki ölkə arasında əməkdaşlıq üçün mühüm tarixi zəmin yaratdı

Azərbaycanın Cənubi Qafqazda lider mövqeyini möhkəmləndirməsi və regional sabitləşdirici faktor kimi çıxış etməsi son illərin ən mühüm geosiyasi reallıqlarından biridir. 44 günlük Vətən müharibəsində tarixi ədaləti bərpa edərək ərazi bütövlüyünə nail olan ölkəmiz bu gün regionun gələcək inkişaf yolunu müəyyənləşdirən əsas strateji qüvvə kimi çıxış edir. Zəfərdən sonrakı mərhələdə həyata keçirilən 24 saatlıq antiterror tədbirləri isə yeni danışıqlar formatına yol açaraq prosesin mahiyyətini daha da aydınlaşdırdı. Nəticədə son iki ildə aparılan danışıqlar ikitərəfli müstəviyə keçid etməklə daha səmərəli və real nəticələr doğurmağa başladı.

Sülh sazişinə aparan yol

Bu istiqamətdə ən mühüm dönüş nöqtələrindən biri 2024-cü ilin martında sülh sazişinin əsas detallarının razılaşdırılması oldu. Ardınca avqustun 8-də Vaşinqtonda imzalanmış Birgə Bəyannamə yalnız regionda deyil, həm də beynəlxalq müstəvidə böyük rezonans doğurdu. Çünki bu sənəd Azərbaycan-Ermənistan münasibətlərinin gələcək inkişaf xəttini müəyyənləşdirən yol xəritəsi kimi qəbul olundu. Vaşinqton razılaşması göstərdi ki, tərəflər arasında qarşılıqlı siyasi iradə artıq formalaşmaqdadır və bu, sülhün real üfüqlərini daha da yaxınlaşdırır. Prosesin uğurlu gedişində yalnız siyasi liderliyin deyil, həm də müvafiq dövlət strukturlarının fəaliyyəti mühüm rol oynadı. Xüsusilə də dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyalarının ardıcıl və məqsədyönlü fəaliyyəti mövqelərin yaxınlaşdırılmasına ciddi töhfə verdi. Bu komissiyaların işində müşahidə olunan praktiki yanaşma, texniki məsələlərin həllində operativlik və qarşılıqlı razılaşma atmosferi artıq müsbət nəticələrin əldə olunmasına zəmin yaratdı. Vaşinqton razılaşmasından sonra isə gözləntilər daha da yüksəlib. İndi delimitasiya və demarkasiya prosesi təkcə texniki məsələ deyil, həm də iki ölkə arasında uzunmüddətli sülhün bərqərar olunması üçün strateji addım hesab olunur. Bu işlərin ardıcıl və əsaslı şəkildə aparılması bölgədə sərhədlərin hüquqi baxımdan tam müəyyənləşdirilməsini təmin edəcək, gələcəkdə hər hansı mübahisəli vəziyyətlərin qarşısını alacaq.

Praktiki əməkdaşlığa doğru addımlar

Sentyabrın 5-də Azərbaycanla Ermənistan arasında keçirilən qarşılıqlı səfərlər danışıqlar prosesində mühüm mərhələ kimi qiymətləndirilə bilər. Baş nazirin müavini Şahin Mustafayevin və Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryanın rəhbərlik etdiyi nümayəndə heyətlərinin həm Azərbaycanın, həm də Ermənistanın ərazisinə səfərləri Vaşinqton razılaşmasının praktiki müstəviyə keçdiyini göstərdi. Bu görüşlərdə tərəflər kommunikasiya xətlərinin yaradılması istiqamətində fəaliyyətlərin sinxronlaşdırılması məsələlərinə xüsusi diqqət yetiriblər. Müzakirələrin əsas mövzuları sərhədin müvafiq hissələrinin delimitasiyası, həmin ərazilərin minalardan təmizlənməsi, həmçinin zəruri infrastrukturun bərpası və tikintisi olub. Bu, regionda uzun illər davam edən qeyri-müəyyənliklərin aradan qaldırılması, qarşılıqlı etimad mühitinin gücləndirilməsi baxımından əhəmiyyətli addım hesab edilir. Əlavə olaraq, icra müddətlərinin konkretləşdirilməsi və prosesin ardıcıllığının təmin olunması tərəflərin qarşılıqlı öhdəliklərinin daha şəffaf şəkildə həyata keçirilməsinə xidmət edir. Nümayəndə heyətlərinin rəhbərlərinin Dövlət Komissiyalarının növbəti iclasının təşkili barədə fikir mübadiləsi aparması isə prosesin davamlılığını göstərir. Bu, delimitasiya və sərhəd təhlükəsizliyi məsələlərinin mütəmadi olaraq gündəmdə saxlanıldığını, danışıqların formal yox, real nəticələrə yönəldiyini təsdiqləyir. Əslində, belə görüşlər tərəflərin artıq praktiki əməkdaşlığa hazır olduğunu nümayiş etdirir və gələcəkdə sülh sazişinin imzalanması üçün mühüm zəmin yaradır.

Vaşinqton sənədinin verdiyi yeni siyasi nəfəs

Sülh prosesinin hazırkı mərhələsi artıq yekun nəticəyə doğru yaxınlaşan bir dinamikanı əks etdirir. Bu yolda ən mühüm məqamlardan biri şübhəsiz ki, avqustun 8-də Vaşinqtonda imzalanan Birgə Bəyannamədir. Həmin sənəd həm iki ölkə arasında yeni siyasi mühitin formalaşmasına, həm də konkret praktiki addımların atılmasına yol açdı. Belə ki, həmin Birgə Bəyannamənin 3-cü bəndində bildirilir ki, tərəflər regionda və onun qonşuluğunda dövlətlərin suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyasına hörmət əsasında sülhün, sabitliyin və rifahın təşviqi üçün iki ölkə arasında ölkədaxili, ikitərəfli və beynəlxalq nəqliyyatın təmini məqsədilə kommunikasiyaların açılmasının əhəmiyyətini bir daha təsdiq etdi: “Bu səylər Azərbaycan Respublikasının əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını və Ermənistan Respublikası üçün beynəlxalq və ölkədaxili bağlantılar üzrə qarşılıqlı faydaları ehtiva edir”. Diqqət yetirsək, müvafiq görüşlə bağlı mətbuata məlumatda da müzakirələrin istiqaməti məhz bu detallara söykənir.

Eləcə də sənədin 5-ci bəndində vurğulanır ki, tərəflər BMT Nizamnaməsi və 1991-ci il Almatı Bəyannaməsinə uyğun olaraq, keçmiş münaqişənin əsiri olmayan parlaq gələcək yoluna qədəm qoyulmasına olan ehtiyacı qəbul edir. “Dərin insan iztirablarına səbəb olmuş münaqişədən sonra nəhayət ki, beynəlxalq sərhədlərin toxunulmazlığı və ərazi əldə olunması üçün güc tətbiq etmənin yolverilməzliyi əsasında dövlətlərimizin qonşuluq münasibətlərinin qurulmasına başlaması üçün şərtlər yaradılmışdır. Yenidən təftiş mövzusu olmayan və heç bir zaman olmayacaq bu reallıq dövlətlərimiz arasında düşmənçilik səhifəsinin bağlanmasına yol açır. Biz indi və gələcəkdə hər hansı bir qisas cəhdini qətiyyətlə rədd edir və istisna edirik”. Bu, sülhün artıq geriyədönüşü olmayan bir prosesə çevrildiyini bir daha təsdiqləyir. Tərəflər arasında əldə ediləcək bütün razılaşmaların beynəlxalq hüquqa, ədalət və qarşılıqlı hörmət prinsiplərinə söykənəcəyi isə həm region xalqları, həm də beynəlxalq ictimaiyyət üçün ciddi bir inam yaradır. Beləliklə, aparılan danışıqlar yalnız iki ölkə arasında münasibətlərin normallaşmasına deyil, eyni zamanda, Cənubi Qafqazda uzunmüddətli sabitliyin və dayanıqlı inkişafın təmin olunmasına xidmət edən mühüm tarixi mərhələ kimi dəyərləndirilə bilər.

Zəngəzur dəhlizi ətrafında formalaşan yeni reallıq

Bütün bunlarla yanaşı, sentyabrın 5-də keçirilmiş görüş özünün əvvəlki analoji təcrübələrindən müsbət mənada fərqlənən məqamları ilə də diqqət çəkir. Ən mühüm fərq ondan ibarətdir ki, Vaşinqtonda əldə olunmuş razılaşma artıq Zəngəzur dəhlizi (TRİPP) barədə Ermənistan tərəfindən də qəbul edilmiş tam aydın təsəvvür formalaşdırır. Əvvəllər erməni tərəfi müəyyən detallar üzərində manipulyasiya etməyə çalışsa da, 8 avqust razılaşması Azərbaycanın məntiqli və ardıcıl təşəbbüslərinin real fakt kimi qəbul edilməsinə gətirib çıxardı. Sənədin 4-cü bəndində Zəngəzur dəhlizinin (TRİPP) reallaşdırılması məsələsi açıq şəkildə vurğulanır və bu məqsədə ən qısa zamanda nail olmaq üçün qarşılıqlı xoş niyyətlə səy göstərməyə dair qətiyyət ifadə olunur. Paralel olaraq, Birgə Bəyannamənin 6-cı bəndində yer alan “Biz bu Zirvə görüşünün regionda qarşılıqlı hörmət və sülhün irəlilədilməsi üçün möhkəm təməl təşkil edəcəyinə əminliyimizi ifadə edirik” müddəası isə sözügedən qətiyyətin siyasi və diplomatik müstəvidə təsdiqi kimi çıxış edir. Bu iradənin əməli müstəvidə ifadəsi isə məhz dövlət komissiyaları arasında aparılan intensiv və məqsədyönlü fəaliyyətin verdiyi nəticələrdir. Bu nəticələr həm kommunikasiya layihələrinin sürətləndirilməsi, həm də sərhədin delimitasiyası və təhlükəsizliyin təmin olunması istiqamətində real zəmin yaratmaqla regionda sabit sülhün bərqərar olunması üçün yeni imkanlar açır.

Problemlərin həllinə yönəlmiş real platforma

Beləliklə, Vaşinqton görüşü son illərdə intensivləşən ikitərəfli formatlı dialoqun məntiqi davamı kimi çıxış edərək həm etimad mühitini möhkəmləndirdi, həm də prosesin real nəticələrə gətirib çıxarmasını təmin etdi. Dövlət sərhədlərinin müəyyənləşdirilməsi, delimitasiya və demarkasiya işlərinin həyata keçirilməsi sülhün əsas şərtlərindən biri olaraq iki ölkə arasında münasibətlərin normallaşmasına xidmət edir. Hazırda sülhlə bağlı açıq və konkret fikirlərin razılaşdırılmasında məhz ikitərəfli danışıqlar formatının rolu ön plana çıxır və bu format sözün əsl mənasında problemlərin həllinə yönəlmiş mühüm platforma kimi tarixə düşür.

Delimitasiya prosesinin nəticələri və tarixə düşən razılaşmalar

Qeyd edilməlidir ki, bu görüşlərin nəticələri artıq bir sıra mühüm faktlarla təsdiqlənib. Məsələn, 2023-cü ilin dekabrında iki ölkənin müvafiq strukturlarının birgə açıqlama yayması, eləcə də 2024-cü il 19 aprel tarixində keçirilmiş 8-ci görüşdə erməni işğalı altında olan 4 kəndin Azərbaycana qaytarılması ilə bağlı əldə olunan razılıq bu formatın ən mühüm uğurları sırasında yer alır. Heç bir vasitəçinin iştirakı olmadan, birbaşa işçi qrup səviyyəsində sərhədlərin delimitasiyası ilə bağlı qəbul edilən bu qərarlar sülhə gedən yolun ən mühüm ştrixləri kimi artıq tarixə yazılıb və regionda yeni reallıqların möhkəmlənməsini təmin edib.

Nigar Orucova, “İki sahil”