Müasir fransız cəmiyyətinə süni şəkildə təlqin edilən “bərabərlik”, “qardaşlıq”, “dünyəvilik” şüarlarına arxalanaraq ölkədə irqi və dini azlıqların problemlərinə məhəl qoyulmaması, daxili siyasətdə onlara qarşı ayrı-seçkilik əslində tarixi müstəmləkəçilik və neokolonializm siyasətinin təzahürləridir
Avropada islamofobiya və islamofob meyillər artmaqdadır. Müxtəlif ölkələrdə məscidlərə hücumlarla yanaşı, karikaturalar yayımlanır, müsəlmanların müqəddəs kitabı yandırılır. Demokratiyadan dəm vuran Avropa ölkələri, cəm olduqları təşkilatlar isə prosesi pisləyən hər hansı bir bəyanat və sərt çıxışlar səsləndirmirlər. Əksinə, çirkin və iyrənc kampaniyanı ifadə, söz azadlığı ilə pərdələməyə çalışırlar. Belə hallar təşviq edilməklə yanaşı, bu aktları törədənlər hətta mühafizə olunur və cəzasız qalırlar. Avropada islamofob halların artmasında Fransa flaqman rolunu oynayır. Məhəmməd peyğəmbərin karikaturasını ilk yayan ölkə də məhz Fransa olub. Bu ölkənin “Charlie Hebdo” jurnalının atdığı addımın hədəfi öncədən bəlli idi - İslam dəyərlərini təhqir etmək, islamofobiyanı qızışdırmaq və bununla da müsəlmanları təxribatlara çəkmək. Ölkədə son dövrlər müsəlmanların ibadət azadlığını məhdudlaşdıran həddən çox qanun da qəbul edilib. Bu qanunlar ölkədə müsəlmanlara münasibətin hansı səviyyədə, islamofobiyanın nə qədər güclü olduğunu əks etdirir.
Əhalisinin təqribən 10 faizi müsəlmanlardan ibarət olan Fransada artıq İslam əleyhdarlığı irqçilik səviyyəsinə yüksəlib. Son vaxtlar xeyli sayda müsəlman məktəblərinin, həmçinin ibadət yerlərinin bağlanması, məscidləri yandırmaq cəhdlərinin geniş yayılması, İslama aid kitabların kitabxanalardan yığışdırılması, məşğulluq və əməkhaqqı məsələsində ayrı-seçkilik və ədalətsizliyə yol verilməsi, hicablı qadınların iş yerlərindən qovulmaları elə bu kimi addımların təzahürüdür. Təkcə bir faktı xatırladaq ki, 2020-ci ildən indiyədək Fransada 89 məscid, 650-yə yaxın ibadət yeri bağlanıb. Üstəlik bu ölkədə İslamı zorakı din, cihad mənbəyi, idarəolunmaz məfhum kimi qəbul edirlər. Yeri gəlmişkən qeyd edək ki, Fransada 2500 məscid var ki, onların mütləq əksəriyyəti bir otaqdan ibarətdir. Fransa nümunəsində müsəlman icmalarının İslam adətlərinə uyğun məscidlər tikməyə maddi imkanları yoxdur. Fransa dövləti isə digər ölkələrdəki müsəlmanlardan maddi dəstək alınmasını qəbul etmir. Bunu “Fransanın islamlaşdırılması” adlandırır. Bütün bunlar isə o deməkdir ki, Prezident Emmanuel Makron islamofobiyanı öz siyasətlərinin bir parçasına çevirib. Bu mənada demək olar ki, sözügedən dövlətdə islamofobiya cəmiyyətdən dövlətə deyil, dövlətdən cəmiyyətə yayılır. Statistik məlumatlar da son bir ildə dünyada baş vermiş anti-İslam təzahürlərinin əksəriyyətinin birbaşa Fransadan qaynaqlandığını göstərir. Fransa cəmiyyətində və mediasında yayılan, qərəzli, saxtalaşdırılmış məlumatlar da islamofobiyaya “töhfələr” verir. Hətta Fransa KİV-ində mütəmadi şəkildə müsəlmanların iştirakı olmadan İslam dini ətrafında debatlar aparılır, burada nifrəti artıran irqçi ifadələrə tez-tez yol verilir.
Bu günlərdə Fransada məscidlərə qarşı növbəti təxribat halları yaşanıb. Paytaxt Parisdə və onun yerləşdiyi İl-de-Frans bölgəsində bir neçə məscidin qarşısında donuz kəllələri tapılıb. Bu barədə şəhər polisinin prefekti Loran Nunes "X" sosial şəbəkəsində yazıb: LCI radiosunun məlumatına görə, ən azı doqquz heyvan kəlləsi tapılıb. Onlardan beşinin üzərində mavi boya ilə "Makron" (Fransa prezidentinin soyadı - red.) yazılıb. Bu hadisədən dərhal sonra “Əyilməz Fransa” (La France insoumise-LFİ) partiyasının lideri Jan-Lük Melanşon, ölkənin daxili işlər naziri Brüno Rötayonu islamofobiya dalğasını qızışdırmaqda ittiham edib. Melanşon X sosial şəbəkəsində (əvvəlki “Twitter”) paylaşım edərək, baş verən hadisələri axmaqlıq kimi dəyərləndirib. “Fransada islamofobiya artır. Məscidlərə qarşı bu hərəkətlər axmaqlıqdır. Onların müəllifləri ağılsızdır. İslam donuzla problemi olan bir din deyil, sadəcə onu yemir”, - deyə o yazıb. Bu təxribatçı hərəkətlər həm cəmiyyət, həm də siyasi liderlər tərəfindən kəskin qınanıb.Bildirilir ki, Fransada antimüsəlman ritorikası cəmiyyətin bəzi təbəqələrində təhlükəli davranışlara yol açır və bu məsuliyyət siyasi rəhbərliyin üzərinə düşür.
Fransada islamofobiya probleminin kökü ölkənin tarixi müstəmləkəçilik siyasətində və hazırkı hökumətin yürütdüyü irqçi təfəkkürdə gözlənir. Fransız müstəmləkəçilərin əsrlər boyu davam edən və yeni dövrün tarixinə qədər uzanmaqla müsəlman ölkələri və müsəlmanlara qarşı törətdiyi cinayətlərin miqyası həddindən artıq böyükdür. Fransa dünyanın müxtəlif regionlarında - Amerika, Afrika, Asiya qitələrində, Okeaniya bölgəsində 50-dən artıq dövlətin ərazisini işğal edib, sərvətlərini talayıb, xalqlarını uzun illər əsarətdə saxlayaraq, milyonlarla insanı qətlə yetirib və kölə halına salıb, insanlıq və bəşəriyyət əleyhinə cinayətlər, eləcə də nüvə sınaqları həyata keçirməklə Əlcəzairin müsəlman əhalisinin sağlamlığına ciddi ziyan vurub, müharibə cinayətləri törədib. Fransa yerli müsəlmanların taleyini idarə edib, imperiya daxilində yerli iqtisadiyyatları Fransa iqtisadiyyatının inkişafı üçün istismar edib. Hazırda Fransa cəmiyyətində müşahidə edilən islamofobiya hər hansı qorxu və tarixi inamsızlıqdan irəli gəlmir, müsəlmanlara qarşı nifrətin və müstəmləkəçi irqçiliyin siyasi elita tərəfindən manipulyasiya edilməsindən qaynaqlanır. Bir sözlə, müasir fransız cəmiyyətinə süni şəkildə təlqin edilən “bərabərlik”, “qardaşlıq”, “dünyəvilik” şüarlarına arxalanaraq ölkədə irqi və dini azlıqların problemlərinə məhəl qoyulmaması, daxili siyasətdə onlara qarşı ayrı-seçkilik, seqreqasiya və təcridetmə, xarici siyasətdə isə “şərq xristianlarının müdafiəsi” bəhanəsi ilə müsəlman çoxluqların yaşadığı ölkələrin hədəfə alınması əslində məhz tarixi müstəmləkəçilik və neokolonializm siyasətinin təzahürləridir.
Hər zaman demokratiyadan, insan haqlarından danışan Fransanın güc strukturlarının, konkret olaraq yerli polisinin müsəlman vətəndaşla davranışı, zorakılıq aktlarına yol verilməsi ölkə ictimaiyyətinin geniş şəkildə müzakirə etdiyi digər bir məsələdir. Bu xüsusda, Fransada müxtəlif agentliklərin (OpinionWay) əsasən gənclər arasında polisin fəaliyyətinin qiymətləndirilməsinə dair keçirdiyi sorğuların nəticələri onu deməyə əsas verir ki, bu sosial qrup arasında polisə olan etimad, bununla da sərbəst toplaşma hüququnun tam şəkildə qorunmasının təmin edilməsinə dair güvən sarsılıb. Fransanın son UDİ hesabatından bəri ölkədə keçirilmiş bir çox dinc manifestasiya polisin zorakılıq aktları törətməsi ilə müşahidə olunub, bunların bəziləri qalmaqallı məhkəmə işlərinə çevrilib. Ümumilikdə ictimai rəy onu göstərir ki, Fransada polis əməkdaşları tərəfindən bu cür hüquq pozuntularına yol verildikdə belə, həmin əməkdaşlar öz rəhbərlikləri tərəfindən qorunur.
Sevinc Azadi, “İki sahil”