Tüpürcək və şillə ağıllandırmadı, indi istefaya göndərirlər
Bu ölkə xeyli müddətdir ki, siyasi, iqtisadi təlatümlər içərisindədir. Unutmamışıq ki, sürücülər, “sari jiletlilər”, pensiyaçılar və əhalinin müxtəlif zümrələrinə aid olan insanlar Makron hakimiyyətinə qarşı aksiyalar keçirərək onun yürütdüyü sosial siyasətə ciddi narazılıqlarını bildiriblər. Küçələrdə hərəkətin iflic edilməsi, polislə qarşıdurma bu narazılığın ən kəskin ifadəsi idi. Bir nəfər pensiyaçının küçədə Fransa prezidentinin üzünə lomba ilə tüpürməsi, bir başqasının şillə vurması isə dünya mətbuatının gündəmində yer almışdı. Bu vəziyyət bir neçə ildir ki, davam etməkdədir və heç səngimək də bilmir. Lakin görünür, bunlar prezident Emmanuel Makrona dərs olmayıb. İki il əvvəl Parisin meri ilə Ermənistana avtomobil karvanı ilə yardım göndərən, ermənilərin xatirini xoş edən Makron hökuməti indi getdikcə yoxsullaşan əhalisinin qarşısında üzüqara vəziyyətdə qalıb, onlara yardım edə bilmir. Sədaqət gözlədiyi “erməni qardaşları” isə ona heç nə ilə kömək edə bilmirlər. Söz verdiyi kimi heç Makron da daha “Ermənistanın yanında” ola bilmir. Acın nəyi var ki, yalavaca nə versin? Təminat zəif olduğundam Fransa vətəndaşları, xüsusilə pensiyaçılar, əlilliyə görə əmək qabiliyyətini itirmiş bir çox insanlar maddi sıxıntılar içərisində yaşamalı olublar. Lakin Fransanın düçar olduğu bəla təkcə bu deyil.
Əsarətə və müstəmləkəçiliyə qarşı ayağa qalxan ada dövlətləri maliyyə talanlarının qarşısını aldıqlarına görə Fransaya axıdılan sərvətlərin qarşısı bloklanıb. Bir tərəfdən də buna görə sosial təminat məsələsində böyük maliyyə qıtlığı yaranıb. Kiçik ada dövlətlərinin yağmalanması artıq xarici dövlətlərin də narazılığına səbəb olub və beynəlxalq tədbirlərdə tanınmış ictimai xadimlər Makrondan insan haqlarına əməl etməyi tələb ediblər. Məsələnin böyük miqyas alması prezident Makronu təşvişə salsa da, adekvat tədbirlər görməkdə acizdir. İş o həddə çatıb ki, Fransa xroniki siyasi qeyri-sabitliklə üzləşib və artan maliyyə böhranının öhdəsindən gəlmək iqtidarında deyil. Bu barədə ABŞ-da nəşr olunan məşhur “Nyu York Tayms” qəzetindəki məqalədə deyilir. Yazıda bildirilir ki, siyasi böhran Fransanı artıq dalana dirəyib. Özünü hər yerdə hamıdan ağıllı və hegemon aparmağa çalışan Emmanuel Makron isə çıxış yolu tapmağa qabil deyil. Yekəxana prezident xalqın rəyinə etina etmir, yəni istefa vermək istəmir. Amma hadisələr göstərir ki, onu özbaşına buraxmayacaqlar.
Məqalə müəllifinin sözlərinə görə, ölkə təkcə hökumətin dağılmasına deyil, eləcə də prezident Emmanuel Makronun istefasına doğru irəliləyir. Üstəlik, Fransa başçısı etimadı və hörməti sürətlə itirir. Faktdır ki, əhali arasında onun güvəni 15 faizə düşüb, xalq arasında poplyarlığını itirib. Təbii ki, belə reputasiya ilə əhalisi və ərazisi böyük olan dövlətə rəhbərlik etmək qətiyyən mümkün deyil.
Afrika müstəmləkələrinin Fransadan təzminat tələb etməsi əhalinin Makrona qarşı qəzəbini daha da artırır. Çünki tələb olunan təzminatın miqdarı çox böyükdür və fransızlar onu illərlə ödəməli olacaqlar.
Qeyd edək ki, bu günlərdə Fransa Milli Assambleyasının deputatlarının əksəriyyəti Demokratik Hərəkat Partiyasının rəhbəri Fransua Bayrunun proqram xarakterli çıxışından sonra hökumətə etimad göstərməyib. Bu çıxış göstərib ki, Fransaya daha tədbirli, ağıllı iqtisadi siyasət yürüdən, digər ölkələrlə əməkdaşlıq əlaqələri qura bilən dövlət başçısı lazımdır. Qeyd edək ki, 73 yaşlı Fransua Bayru Fransa siyasətinin veteranıdır. 1993-1997-ci illərdə milli təhsil naziri olub. 2017-ci ildə o, qısa müddət ərzində Ədliyyə Nazirliyinə rəhbərlik edib. O, 2002-2007 və 2012-ci illərdə keçirilən prezident seçkilərində namizədliyini irəli sürüb.
Bayrunun partiyası prezidentyönümlü "Birlikdə" siyasi koalisiyasına daxildir. İndi o, baş nazir olmaq istəyirdi.
Emmanuel Makron həm də deputatların irəli sürdüyü vəzifələri lazımınca bacarmır. Çünki prezident ölkəsinin iqtisadi maraqları, insanların maddi ehtiyacları ilə az məşğul olur və nəticədə əhalinin həyat tərzi çətinləşir. Lakin parlament Bayruya deyil, gözlənilmədən daha cavan olan silahlı qüvvələr naziri Sebastyan Lekornu baş nazir seçib. Bununla da yarıtmaz hakimiyyətdə yüksək vəzifəlilərin “yarpaq tökümü”nə start verilib.
Yəqin çox keçməz ki, Makronun vəzifəsində qalıb-qalmaması məsələsi həll olunacaqdır. Güman ki, inamı və etimadı itirmiş bu şəxs vəzifəni də itirəcək. Hər şey ondan sonra müəyyən olunacaqdır.
Əlqərəz, hazırda Fransa elə bir günə düşüb ki, əfəl komissar Juk deyil, lap hər şeyə qadir Fantomasın özü də gəlsə, dərdlərinə əlac edə bilməz.
Vəli İlyasov, “İki sahil”