12 sentyabr 2025 11:27
121

Bizim Ailəmiz Türk Dünyasıdır

İlk növbədə qeyd etmək istəyirəm ki, xarici ölkələrdə dünyaya göz açıb, böyüyən minlərlə soydaşlarımız vardır. Onlar hər nə qədər öz torpaqlarında böyüməsələr də vətənlərinə məhəbbətlə bağlıdırlar. Xarici ölkələrdə hər Türk dövlətinin öz təşkilatları vardır, ələlxüs da Parisdə doğulub, böyüyən birisi olaraq oradakı fəal təşkilatları qeyd etmək istəyirəm, bunlar Qırğızıstan, Qazaxıstan, Türkiyə, Azərbaycan və  Türkmənistandır. Bununla belə onlar ümumilikdə Türk dünyası ailəsini təşkil edirlər.

Məlumat üçün bildirim ki, mən əslən Türkiyə Cümhuriyyətinin Kayseri şəhərindənəm. Amma Fransanın Paris şəhərində doğulub, böyümüşəm. Bu il Türkiyədə ERASMUS tələbəsi olaraq təhsil aldım. İxtisasım türkologiyadır. Mən eyni zamanda bir çox beynəlxalq tədbirlərdə qardaş Türk dövlətlərini qürurla təmsil etmişəm. Azərbaycana sevgimi Azərbaycan dilini öyrənməyimə də vəsilə olub. Mənim üçün sanki sehirli kəlimələr var: "Mən də türkəm". Bu iki kəliməni dünyanın harasında eşitməyimdən asılı olmayaraq uzun illərdir heç görmədiyim qardaşımı, bacımı tapmış kimi sevinirəm, həmin Türk qardaşlarımla könül bağı qurmaq üçün yetərli olur o iki kəlimə...

Son dövrlərdə, Parisdə Türk dünyası ilə bağlı çoxsaylı tədbirlər keçirilir. Bunların sırasında olan Türksoy təşkilatının da, Türk ölkələrinin səfirliklərinin də çox müstəsna rolları vardır. Eyni zamanda əllərindən gələn dəstəyi verən və könüllü kimi fəaliyyət göstərən təşkilat və dərnəklər də vardır. Uzun illərdir ki, xarici ölkələrdə doğulub böyüyən türk əsilli gənclər dünya ictimaiyyətinə  mədəniyyətlərini tanıdırlar. Və onların arasında  dərnəklərdə həmişə könüllü çalışmağa hazır gənclərimiz var.  Eyni zamanda son dövrlərdə Azərbaycan, Qırğızıstan, Qazaxıstan və Türkmənistan kimi ölkələrdən gələn soydaşlarımız da öz təşkilatlarını yaradıblar.

Bu məqamda qeyd edim ki, Parisdə fəal olan Fransa-Azərbaycan Dialoqu Assosiasiyası hər zaman fərqlənir. Onlar həmişə milli bayramlarda, eləcə də digər əlamətdar günlərdə Azərbaycanın mədəniyyətini, musiqisini və tarixini tanıtdırmaq üçün Fransanın paytaxtında konsertlər, sərgilər və hər cür mədəni fəaliyyət nümunələri təşkil edirlər. Kiçik və az bilinən bir ölkə olmasına baxmayaraq Qırğızlar da eyni cür fəaldırlar. Avropada Asiya ilə bağlı bir sual verəndə cavab həmişə eyni olurdu, Yaponiya, Koreya və ya Çin yadlarına düşürdü. Amma düşünürəm ki, son dövrlərdə Qazaxlar və Qırğızlar, eləcə də Özbək soydaşlarımız artıq bu sualın cavabını müsbət mənada dəyişdirməyi bacarıblar.

Və sonda. “Olsun bütün bizim ellər, qurban Türkün bayrağına”.  Uşaqlıq illərimindən yaddaşıma hopub bu misralar... Gözümü açandan evimizdə belə gözəl mahnılar eşitmişəm, uşaq ikən bu sözlərin mənasını anlamasam da  doğmalıq, nisgil qarışıq duyğular yaranırdı qəlbimdə...

Və nə gözəldir ki, təsadüfən Bakı küçələrində gəzərkən Əhməd Cavadın yaşadığı evi görmüşəm. Mənim üçün Mehmet Akif kimdirsə Əhməd Cavad da odur!

Bu gün Türk dünyası şahlanış dövrünü yaşayır və bir ailə olaraq dünyada öz sözünü deyir. Azərbaycan Prezidenti İlham Əliyevin bəyan etdiyi kimi “Bizim ailəmiz Türk dünyasıdır”.

Azərbaycandan bəhs edərkən son bir məqamı da qeyd etməyə bilmərəm. Yazdığım şeirlərimdən birində “her adımında muhabbet, atalarımın hatırına kalbi Bakü’de çarpan can ülke. Yetiştik olduk bizler de birer Lâle.”   deyirəm...

Bunu 1918-ci ildə Bakıya yardıma gedən Türk ordusuna xitabən yazmışam. Şeirimdəki əsas məna budur ki, "Lalələr" solar amma içindəki "toxumlar" canlanar! Nə mutlu bizlərə ki, həmin Lalərin düşdüyü yerdən boylanan güclü Azərbaycan Türkiyə ilə birlikdə Türk dünyasına öndərlik edir.

Yusuf Çağlar DEMİRAĞ

Erasmus proqramı ilə Anadolu Universitetidə təhsil alıb .

Bu yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi tərəfindən həyata keçirilən “Türk dünyası: ortaq mirasdan ortaq gələcəyə doğru” layihəsi çərçivəsində elan olunmuş “Bizim ailəmiz Türk dünyasıdır” adlı məqalə yarışına təqdim olunmuşdur və bu yazıda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.