Albaniyada ölkəni “korrupsiyadan azad etmək” məqsədilə süni intellektin köməyi ilə yaradılan hökumətə ilk “nazir” təyin edilib. Tiranının bu addımı dünyada bir ilkdir.
“İki sahil” xarici mediaya istinadla xəbər verir ki, rəqəmsal köməkçi “Günəş” mənasını verən “Diella” adlanır və bu ilin yanvar ayından insanlara dövlət xidmətlərindən onlayn istifadə etmək barədə məsləhətlər verir. Baş nazir Edi Rama “rəqəmsal” nazirin onun kabinetinə daxil edildiyini açıqlayıb.
“Diella” fiziki olaraq mövcud olmayan, lakin süni intellektin köməyi ilə virtual olaraq yaradılan hökumətin ilk üzvüdür”, -deyə Baş nazir bildirib. O əlavə edib: “Rəqəmsal “nazir” dövlət tenderləri ilə bağlı bütün qərarları qəbul etmək səlahiyyətinə malik olacaq və onları korrupsiyadan tamamilə azad edəcək”. Onun sözlərinə görə tenderə təqdim edilən hər bir dövlət fondu tamamilə şəffaf olacaq.
E.Rama əlavə edib ki, dövlət tenderlərində kimin qalib olacağı ilə bağlı qərar tədricən hökumətin nazirliklərinə veriləcək. Baş nazirin may ayında keçirilən seçkilərdə qalib gəlməsindən sonra yaxın günlərdə kabinetinin tərkibini elan edəcəyi gözlənilir.
Təqdim etdiyi vaxtdan bəri “”Diella” ənənəvi alban geyimində olan qadın görkəmində təsvir edilib. Onun hazırkı formasını qoruyub saxlayacağı isə hələ bəlli deyil.