Azərbaycan diasporunun Rusiyada təzyiqlərə məruz qoyulduğu bu günlərdə erməni diasporunun 25 illiyinin təntənəli yığıncağında prezident Vladimir Putinin “alovlu” çıxışı ölkəmizə qarşı münasibətin göstəricisidir. Putin hakimiyyətinin Azərbaycan və Ermənistan diasporlarına yanaşması qisasçı siyasətin ifadəsindən başqa bir şey deyil. Biz illərdir Rusiyada Azərbaycan diasporunun təqib olunduğunu, strukturlarının dağıdıldığını, liderlərinin həbs edildiyini görürüksə, Ermənistan diasporuna Rusiyanın prezidenti və digər orqanları səviyyəsində böyük dəstəyin olduğunu görürük. Əlbəttə, bunun kökləri var. Burada heç də Vladimir Putinin erməni sevgisindən əl çəkməməsindən söhbət getmir. Putinin hər hansı xalqa, eləcə də ermənilərə sevgisindən danışmaq artıq olar. Söhbət ondan gedir ki, Putinin Rusiyadakı erməni diasporunu tamamilə ələ almaqda və onu gücləndirməkdə marağı var. Buna Putini məcbur edən səbəblər var. Birincisi, Ermənistan artıq Rusiyanın təsirindən çıxmaqdadır. İkincisi, Türkiyə ilə yaxınlaşmaqdadır. Bunların qarşısını almaq üçün erməni diasporunu dirçəltmək, təşkilatlandırmaq və onu Ermənistanın hazırkı hakimiyyətinə təzyiq alətinə çevirmək Kremlin marağındadır. Məlumdur ki, ermənilər iki yüz ildən artıq bir müddətdə Rusiyaya sədaqətlə xidmət etmişlər. Bu ənənə indi də davam etməkdədir. Ancaq indi onların hamısı deyil, yalnız bir qrupu-daşnaklar, kilsə xidmətçiləri və revanşistlər asılılığı könüllü surətdə qəbul edənlərdir. Onlardan biri Rusiyadakı erməni diasporunun rəhbəri Ara Abramyan, hətta Ermənistanda hakimiyyət çevrilişi etmək, ölkənin baş naziri olmaq niyyətini gizlətməyib. Əvvəllər xarici işlər naziri vəzifəsindən qovulan diplomat indi ölkəsinin əleyhinə “işləyir”, onun müstəqilliyinə qarşı çıxır.
Ancaq Azərbaycanda rusiyameyilli adamlar kiçik bir dəstədir desək, səhv olmaz. Rusiyadakı Azərbaycan diasporu da öz Vətəninin prinsiplərindən geri çəkilmədi. Odur ki, Rusiyanın zor aparatları Azərbaycan diasporuna nə qədər təzyiq göstərsələr də, onları nə Azərbaycan dövlətinə, nə də hökumətinə qarşı qoya bilmədilər. Buna görə də güc orqanları qanunları bir tərəfə ataraq diasporu dağıtmaq yolunu tutdular. Rusiyadakı erməni təşkilatları-diasporu isə tamamilə fərqlidir. Onlar həm məşğuliyyət, həm dünyagörüşü, həm də tarixi nöqteyi-nəzərdən Rusiyadan tamamilə asılı olduqlarına görə bu gün Rusiyanın siyasətində həvəslə alətə çevrilməyə razılıq verib. Rusiya prezidenti anlayıb ki, Ermənistan Qərbə üz tutub və bunun geridönüşü olmayacaq. Bu faktı Ermənistan prezidenti Vaaqn Xaçaturyan da təsdiq edib. O deyib ki, Rusiya daha bizim “böyük qardaş”ımız deyil, biz bərabərhüquqlu tərəfdaşlar ola bilərik. Bildiyimiz kimi, yeddi ildə Rusiya heç bir vasitə ilə Nikol Paşinyanı devirməyə və ya fəaliyyətinə mane ola bilmədi.
Eyni zamanda, Rusiyanın maşası rolunu oynayan siyasətçilər isə Ermənistanda nüfuzlarını itiriblər. İrəvana göndərilən rezidentlər törətdikləri cinayətlərə görə ifşa edilib həbs olundular. Onlardan biri-Ruben Vardanyan Bakıda, digəri-Samvel Karapetyan İrəvanda həbsdədir. Sonuncu kart kimi erməni Qriqoryan kilsəsini oyuna daxil etməyə çalışsalar da, bu da nəticə vermədi.
Rusiyaya bel bağlayan Ermənistan cəmiyyətinin bir hissəsi də Rusiyadan incik düşüb. Belə bir şəraitdə Moskvanın Rusiyadakı erməni diasporuna güvənməsi həm də Ermənistanla bağlı çarəsiz bir durumun ifadəsidir. Bu, Paşinyan hakimiyyətinə təsir göstərmək üçün daha Rusiyanın əlində diaspordan başqa vasitə qalmadığının əlamətidir. Ermənistanda Rusiyanın 102-ci hərbi bazası öz yerində, amma siyasi alət, siyasi təsir vasitəsi nöqteyi-nəzərindən Rusiyadakı diaspor bu gün Ermənistana yeganə təzyiq vasitəsidir. Bu səbəbdən də Rusiya Ermənistanda hakimiyyət dəyişikliyini planlaşdırır. Onun nə zaman həyata keçirilməsi üçün hərəkət ediləcəyi gün bəlli olmasa da, fakt budur ki, Paşinyan hakimiyyətinə siyasi alternativi yaratmaqdadırlar. Ara Abramyan başda olmaqla, Rusiyadakı diasporun timsalında Nikol Paşinyana alternativ təşkil edilir. Bütün bunlardan Nikol Paşinyanın da səhih xəbəri var və gözlənilən təhlükələri neytrallaşdırmaq üçün hər cür imkana malikdir. Əlbəttə, əlində real hakimiyyət cəmləşən baş nazirə boş danışıqlarla, təbliğatla qalib gəlmək demək olar ki, mümkün deyil. Nəzərə alaq ki, ABŞ-ın ən güclü diplomatik korpusu və İrəvandakı Avropa müşahidəçiləri missiyası Nikol Paşinyana hər məsələdə dəstək verir, vaxtında lazımi çıxış yolu göstərirlər. Bunu Rusiya kəşfiyyatı bilsə də özlərini məlumatsız kimi aparır, bununla da planlarını həyata keçirməyə çalışırlar. Ancaq hələlik heç nə alınmır.
Qısaca desək, Rusiyanın ərazisindəki erməni diasporunun köməyi ilə Paşinyanı devirməsi ideyası sabun köpüyünə oxşayır və bəri başdan məğlubiyyətə uğramış bir niyyətdir. Rusiya imperiyası bu cür çabalamalarla yalnız öz çürümüş hakimiyyətini mümkün qədər uzatmağa cəhd edir. Amma bunun da bir sonu olacaq.
Vəli İlyasov, “İki sahil”