12 sentyabr 2025 23:48
110

Azərbaycanın bərpaolunan enerji strategiyası ölkəmizi regionda ekoloji liderə çevirir

Prezident İlham Əliyev  “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibədə bildirib ki, imzalanmış müqavilələrə və BƏƏ, Səudiyyə Ərəbistanı və Çindən yatırılan investisiyalara əsasən, biz 2030-cu ilədək 6 giqavat Günəş və külək enerjisinə sahib olmağı planlaşdırırıq

Ölkəmizin bərpaolunan enerji sahəsindəki inkişafı təkcə ekoloji baxımdan təmiz gələcəyin qurulması deyil, həm də  Azərbaycanın regional və qlobal enerji bazarlarında strateji rolunun möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Yaşıl enerji siyasəti Azərbaycanın dayanıqlı iqtisadi artım və beynəlxalq tərəfdaşlıq istiqamətində atdığı mühüm addımlardandır. Azərbaycanın ekoloji davamlılığa dair strategiyası təkcə milli çərçivədə deyil, beynəlxalq səviyyədə də öz təsirini göstərir. Ölkəmiz iqlim dəyişikliyi, karbon emissiyalarının azaldılması və təbiətin mühafizəsi sahəsində qlobal təşəbbüslərə aktiv şəkildə qoşulur. BMT və digər beynəlxalq qurumların layihələrinə dəstək verməklə, Azərbaycan ekoloji təhlükəsizliyin təmin olunmasında birgə məsuliyyət prinsipinə sadiqliyini nümayiş etdirir. Bu yanaşma Azərbaycanın yalnız öz təbii resurslarını qorumağa deyil, həm də qlobal ekoloji problemlərin həllinə töhfə verməyə çalışdığını göstərir. Ətraf mühitin qorunması ilə bağlı beynəlxalq razılaşmaların icrası, ekoloji standartların tətbiqi və innovativ həllərin təşviqi ölkəmizin bu sahədəki qətiyyətinin bariz nümunəsidir.

Son illərdə Avrasiya məkanında enerji xəritəsi əhəmiyyətli dərəcədə dəyişməkdədir və Azərbaycan bu prosesin fəal iştirakçılarından biri kimi ön plana çıxır. Ölkəmizin əlverişli geosiyasi mövqeyi və zəngin enerji ehtiyatları onu regional və qlobal enerji siyasətində mühüm aktora çevirib. Xüsusilə Cənubi Qafqaz regionunda enerji dəhlizlərinin genişləndirilməsi, marşrutların şaxələndirilməsi və alternativ enerji mənbələrinin inkişaf etdirilməsi bu dəyişikliklərin əsas istiqamətlərindəndir. Azərbaycan Avropanın enerji təchizatını gücləndirmək məqsədilə bir sıra beynəlxalq layihələrdə fəal şəkildə iştirak edir. Cənub Qaz Dəhlizi kimi mühüm layihələr sayəsində ölkəmiz yalnız təbii qaz ixracatçısı deyil, eyni zamanda beynəlxalq enerji təhlükəsizliyinin təmin olunmasında strateji tərəfdaş rolunu möhkəmləndirib. Bu layihələr vasitəsilə Azərbaycan təbii qazını həm Avropa, həm də Asiya bazarlarına çıxarmaqla, iqtisadi inkişafına təkan verərək, eyni zamanda, regionun enerji sabitliyinə töhfə verir. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji siyasəti çərçivəsində yaşıl enerji sahəsi strateji prioritetlərdən birinə çevrilib. Məqsəd təkcə daxili tələbatı qarşılamaq deyil, eyni zamanda, regional və beynəlxalq enerji bazarlarında etibarlı tərəfdaş kimi mövqeləri gücləndirməkdir. Enerji sektorunun şaxələndirilməsi Azərbaycan üçün strateji prioritetlərdən biridir. Hökumətin əsas məqsədi ölkənin enerji balansında alternativ və bərpaolunan enerji mənbələrinin payını sürətlə artırmaqdır. Bu məqsədə çatmaq üçün Azərbaycanın kifayət qədər təbii resursları mövcuddur.  2030-cu ilədək elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerjinin payının 30 faizə çatdırılması hədəfi isə bu sahədə davamlı inkişaf və ətraf mühitin qorunması baxımından önəmli strateji yanaşmadır. Bu yanaşma Azərbaycanın enerji sektorunda yeni mərhələyə keçid etdiyini və ölkəmizin qlobal “yaşıl keçid” prosesinə aktiv şəkildə qoşulduğunu göstərir. Qarabağ və Şərqi Zəngəzurun "yaşıl enerji zonası" elan olunması isə təkcə ekoloji deyil, həm də sosial-iqtisadi baxımdan strateji əhəmiyyət daşıyır. Burada həyata keçirilən layihələr həm dayanıqlı enerji istehsalını təmin edəcək, həm də bölgənin yenidənqurulması və iqtisadi reinteqrasiyasına töhfə verəcək.

2030-cu ilə qədər 6.5 giqavat gücündə günəş, külək və su enerjisi istehsalı planlaşdırılır. Bu, həm daxili tələbatın ödənməsi, həm də xarici bazarlara ixrac imkanlarının genişlənməsi baxımından strateji əhəmiyyət daşıyır.  Eyni zamanda Avropaya yaşıl elektrik enerjisi nəqlini nəzərdə tutan “yaşıl kabel” layihəsi Azərbaycanın enerji siyasətində dönüş nöqtəsi hesab olunur. Artıq texniki əsaslandırma işləri tamamlanmaq üzrədir və yaxın zamanda layihənin maliyyələşməsi üçün Avropa maliyyə institutları ilə danışıqlara başlanacaq.

Azərbaycanın enerji siyasəti təkcə iqtisadi deyil, həm də geosiyasi və diplomatik baxımdan strateji əhəmiyyət daşıyır. Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət Şuraları çərçivəsində irəli sürülən təşəbbüslər bu gücün real nəticələrini nümayiş etdirir. Bu platformalar Azərbaycanın enerji diplomatiyasının qlobal tərəfdaşlıqlara əsaslanması və uzunmüddətli əməkdaşlıq prinsipinə sadiq qaldığını sübut edir. Eyni zamanda, ölkəmiz enerji sahəsində yaratdığı qarşılıqlı asılılıq mexanizmləri ilə regionda sabitliyin qorunmasına mühüm töhfə verir.

Dövlət başçımız “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibədə bildirib ki, imzalanmış müqavilələrə və BƏƏ, Səudiyyə Ərəbistanı və Çindən yatırılan investisiyalara əsasən, biz 2030-cu ilədək 6 giqavat Günəş və külək enerjisinə sahib olmağı planlaşdırırıq. Bundan əlavə, biz Qarabağda fəal şəkildə su elektrik stansiyaları inşa edirik. Artıq demək olar ki, 300 meqavat enerji əldə etmişik. Beləliklə, bu, Azərbaycanla Körfəz Əməkdaşlıq Ölkələri arasında əlaqələrin mühüm tərkib hissəsidir. Çünki bizim faydalı qazıntı yanacağımız var, həmçinin biz bərpaolunan enerji üzərində fəal şəkildə işləyirik. Biz birlikdə bir çox yaxşı layihələr həyata keçirə bilərik. Yeri gəlmişkən, BƏƏ-nin çox mühüm enerji şirkəti ADNOC Xəzər dənizində bizim ən böyük qaz yataqlarımızdan birinin səhmdarı olub. Eyni zamanda, bizim dövlət şirkətimiz SOCAR BƏƏ-də neft hasilatı layihələrindən birinin səhmdarı olub.

Azərbaycanın bərpaolunan enerji potensialı ölkəmizin enerji gələcəyinin dayanıqlılığı baxımından mühüm üstünlüklər yaradır. Quruda 27 qiqavatdan çox külək və günəş enerjisi potensialı, Xəzər dənizində isə 157 qiqavatlıq külək enerjisi ehtiyatı bu sahədə geniş imkanlar açır. Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşdırılan enerji siyasətinin strateji əsasını 2021-ci ildə qəbul edilən “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafın Milli Prioritetləri” sənədi təşkil edir. Bu sənəddə yer alan beş milli prioritetdən biri -təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi hədəfi, ölkəmizin bərpaolunan enerji sahəsindəki inkişaf istiqamətini dəqiq şəkildə müəyyənləşdirir.

Azərbaycanın bərpaolunan enerji sahəsindəki uğurlu strategiyası ekoloji tarazlığın qorunması ilə yanaşı, enerji təhlükəsizliyinin təmin olunmasına da xidmət edir. Bu kurs Azərbaycanın həm iqtisadi, həm də ekoloji baxımdan dayanıqlı inkişaf yolunu seçdiyini göstərir.

İşğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurla yanaşı, Naxçıvan Muxtar Respublikasının da yaşıl enerji zonası elan edilməsi Azərbaycanın ətraf mühitə və dayanıqlı inkişafa verdiyi önəmi nümayiş etdirir. Bu ərazilərdə aparılan bərpa və yenidənqurma işləri yalnız infrastrukturun qurulması ilə məhdudlaşmır, həm də ekoloji tarazlığın bərpası və innovativ texnologiyaların tətbiqini əhatə edir. “Ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları çərçivəsində qurulan yaşayış məntəqələri ekosistemin qorunması və iqlim dəyişikliklərinə qarşı mübarizədə nümunəvi modelə çevrilir. Bu yanaşma, həmçinin Azərbaycanın qlobal ekoloji gündəliyə töhfəsini də əks etdirir. Bu sahədə görülən işlər daha da intensivləşdirilməli, bərpaolunan enerji sektoru iqtisadiyyatın diversifikasiyası çərçivəsində neftdənkənar əsas dayaq sahələrindən birinə çevrilməlidir. Çünki alternativ enerji yalnız ekoloji təhlükəsizliyi təmin etmir, eyni zamanda ölkənin enerji təhlükəsizliyini və ixrac imkanlarını da gücləndirir. Beləliklə, bərpaolunan enerji yalnız gələcəyin deyil, həm də bu günün əsas strateji çağırışlarından biridir.

Şəmsiyyə Əliqızı, “İki sahil”