13 sentyabr 2025 08:14
108

Aİ alüminium sənayesi metal qırıntılarının ixracına tariflər tətbiq olunmasını tələb edir

Avropa İttifaqının alüminium sənayesi blokdan metal qırıntılarının kütləvi şəkildə xaricə, xüsusilə Asiyaya axınının qarşısını almaq üçün Avropa Komissiyasını 30 faizə yaxın tariflər tətbiq etməyə çağırır.

“İki sahil” “Reuters”ə istinadən xəbər verir ki, Aİ-dən alüminium qırıntılarının ixracı 2024-cü ildə rekord həddə – 1,26 milyon tona çatıb. Bu göstərici beş il əvvəlkindən təxminən 50% çoxdur.

Sənaye nümayəndələrinin sözlərinə görə, ABŞ-da Donald Tramp dövründə tətbiq olunan tariflər (alüminium üçün 50%, metal qırıntıları üçün 15%) nəticəsində Asiya alıcıları Aİ bazarına daha çox yönəlib.

“European Aluminium”un baş direktoru Pol Voss bildirib ki, Avropa şirkətləri subsidiyalar və daha aşağı əmək, həmçinin ekoloji standartlara görə qiymət üstünlüyü olan Asiya bazarı ilə rəqabətdə çətinlik çəkir:

“Qırıntı treyderlərinin ən yüksək qiyməti təklif edən alıcıya satmağa üstünlük verməsi başadüşüləndir, lakin Avropanın strateji maraqlarını qorumaq üçün belə bazar uğursuzluqlarını düzəltmək dövlət siyasətinin vəzifəsidir”, – deyə o vurğulayıb.

Qeyd edək ki, Aİ-dən kənarda bir sıra ölkələr artıq metal qırıntılarının ixracını məhdudlaşdırıb. “GMK Center” konsaltinq şirkətinin məlumatına görə, Hindistan və Çin də daxil olmaqla 48 ölkə qara metal qırıntılarının ixracına məhdudiyyətlər tətbiq edir.