“Bütün NATO ölkələri Rusiyadan neft almağı dayandırdıqda mən Rusiyaya qarşı ciddi sanksiyalar tətbiq etməyə hazıram”.
“İki sahil”in məlumatına görə, bunu ABŞ prezidenti Donald Tramp “Truth Social”da bildirib.
Onun sözlərinə görə, NATO-nun qələbəyə dair öhdəliyi 100% yerinə yetirilməyib və Alyansın bəzi üzvləri tərəfindən Rusiya neftinin alınması şok faktdır, çünki bu, Rusiyaya qarşı danışıqlar mövqeyini və sövdələşmə gücünü xeyli zəiflədir: “NATO Çinə 50%-dən 100%-ə qədər tariflər tətbiq etməlidir ki, bu tariflər Rusiya Federasiyasının Ukraynaya qarşı müharibəsi başa çatdıqdan sonra tamamilə ləğv edilə bilər”.
Bu addımın müharibənin sona çatmasına kömək edəcəyini vurğulayıb ABŞ lideri fikrini onunla əsaslandırıb ki, Çin Rusiya üzərində güclü nəzarətə və hətta təsirə malikdir: "Əgər NATO mənim dediyimi etsə, müharibə tez bitəcək və bütün həyatlar xilas olacaq. Əks halda, siz sadəcə mənim vaxtımı, eləcə də ABŞ-ın vaxtını, enerjisini və pulunu boşa xərcləyirsiniz".
Xatırladaq ki, bir müddət əvvəl ABŞ Ticarət Nazirliyi Rusiya, Çin, Hindistan, Türkiyə və digər ölkələrin ixracına məhdudiyyətlər tətbiq ediləcək şirkətlərin siyahısını dərc etmişdi. Onlar sentyabrın 16-dan qüvvəyə minəcək.
Həmçinin sentyabrın 12-də ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı səbrinin çox tez tükəndiyini bildirib. Amerika liderinin sözlərinə görə, Rusiyaya təzyiq göstərmək üçün Rusiya banklarına və neft sektoruna qarşı sanksiyalar tətbiq oluna bilər.
Məlumata görə, ABŞ G7 üzvlərinə Rusiyaya qarşı sanksiyaları və tarif təzyiqlərini artırmağı təklif edəcək. Xüsusilə, Rusiya aktivlərinin müsadirə edilməsi mexanizminin hazırlanması nəzərdə tutulur.
ABŞ-ın təklifi Çin və Hindistana 50%-dən 100%-ə qədər təkrar rüsumların tətbiq edilməsinin, habelə Rusiyanın enerji resurslarının axınının azaldılması və ikili istifadə texnologiyalarının Rusiyaya ötürülməsinin qarşısının alınması üçün idxal və ixraca məhdudlaşdırıcı tədbirlərin tətbiqinin zəruriliyini göstərir.
Məhərrəm Ağalaroğlu, “İki sahil”